““Ermitaj” bir il eksponatlarını xaricdə nümayiş etdirməyəcək”
“Ermitaj” bir il ərzində eksponatlarını xaricdə nümayiş etdirməyəcək.
Muzeyin baş direktoru Mixail Piotrovski bunu Rusiya-Ukrayna arasındakı mövcud vəziyyətlə əlaqələndirib.
Bildirib ki, sərgilər yalnız ölkə daxilində təşkil olunacaq.
Aprelin 2-3-də Rusiyanın bir neçə muzeyinə məxsus eksponatlar Finlandiya gömrüyündə saxlanılıb.
Rəsmlərin saxlanılması Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar olduğu bildirilib.
Saxlanılan sənət əsərləri “Ermitaj”, “Tretyakov” qalereyalarına, “Sarskoye Selo”, “Pavlovsk”, “Qatçina” dövlət muzey-qoruqlarına, Şərq Dövlət Muzeyinə və Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə məxsus eksponatlar olub.
Rusiya Finlandiyanı eksponatlara görə cərimə ilə hədələyib.
Əsərlər mərhələli şəkildə Rusiyaya qaytarılıb.
Şoyqu: “Rusiya mülki əhalinin yerləşdiyi infrastruktura zərbələr endirmir”
“Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı mülki əhalinin ola biləcəyi mülki infrastruktura zərbələr endirmir”.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında deyib.
“Biz Ukrayna ordusundan fərqli olaraq, mülki əhalinin yerləşdiyi infrastruktura zərbələr endirmirik. Əksinə, düşmənin müəyyən edilmiş atəş mövqeləri və hərbi obyektləri dəqiq silahlarla vurulur”, – deyə Şoyqu bildirib.
Nazir vurğulayıb ki, sakinlərin mühasirəyə alınmış yaşayış məntəqələrindən çıxışı üçün sükut rejimi elan edilir:
“Humanitar dəhlizlər yaradılır ki, bu da hücumun sürətini ləngidir. Lakin bu, mülki əhalinin tələfatının qarşısını almaq üçün edilir”.
Aleksandr Juravlyov: “Mülki əhali vurulur, çoxsaylı yaralı və ölü var”
“Rusiya ordusu Donetsk vilayətinin Liman şəhərini atəş altında saxlayır, ölən və çoxlu sayda yerli mülki yaralanan var. Hələlik evakuasiya etmək mümkün deyil”.
Bu açıqlamanı Liman meri Aleksandr Juravlyov səsləndirib.
Onun sözlərinə görə, hazırda şəhərdə çox çətin vəziyyət hökm sürür:
“Həm cənub, həm də şimal hissələrinə mərmilər atılır. Mülki əhalidən çox sayda yaralı, ölənlər də var. Eyni zamanda, çoxlu evlər, kommunikasiyalar dağıldılıb. Mənim hesablamalarıma görə, indi şəhərdə 7-8 minə yaxın insan qalıb. Şəhəri tərk etmək istəyənlər var, lakin şəhərin intensiv atəşə tutulması səbəbindən insanları evakuasiya etmək mümkün deyil”.
Peskov: “Boris Bondarev bizimlə deyil, bizə qarşıdır
“Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov BMT-dəki rusiyalı diplomat Boris Bondarevin istefasını belə şərh edib: “O bizimlə deyil, bizə qarşıdır”.
Rusiyanın BMT-nin Cenevrədə yerləşən ofisindəki müşaviri Boris Bondarev mayın 23-də istefa verib.
Diplomat istefasının səbəbi kimi Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşı göstərib.
17 il Cenevrədə çalışan Boris Bondarev yaydığı müraciətdə bildirib ki, Ukraynada gedən döyüşlərə görə ölkəsindən utanır.
D.Peskovun sözlərinə görə, Bondarev Rusiya rəhbərliyinin hərəkətlərini pisləyən mövqeyə malikdir.
“Rusiya Ukraynanın özüyeriyən artilleriya batalyonu dağıdılıb”
Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun 14-cü Mexanikləşdirilmiş Briqadasının (APU) bir bölməsini və Amerika haubitsaları üçün mərmi anbarını məhv edib.
Bunu mayın 24-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov yayıb.
Onun sözölərinə görə, Ukraynanın Soledar qəsəbəsi yaxınlığında 14-cü mexanikləşdirilmiş briqadanın özüyeriyən artilleriya batalyonu dağıdılıb.
İqor Konaşenkov həmçinin “Donetsk Xalq Respublikas”ının Minkovka, Baxmut, Nikolaevka, Disputed ərazilərində də altı sursat anbarının məhv edildiyini deyib.
Fransa XİN: “Ukraynanın Avropa İttifaqına üzvlük müraciətini alqışlayırıq”
Fransa Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı bəyanatlara münasibətini açıqlayıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyi açıqlama yayıb.
“Biz Ukraynanın Avropa İttifaqına üzvlük müraciətini alqışlayırıq. Hələlik müraciət Avropa Komissiyasında nəzərdən keçirilir və iyunda Avropa Şurasında dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunacaq”, – deyə nazirlik bildirib.
XİN Makronun “Ukrayna Avropa ailəsinin bir hissəsidir” açıqlamasını xatırladaraq qeyd edib ki, prezident tərəfindən hazırlanmış Avropa siyasi icmasının planı nə üzvlüyə, nə də üzvlük prosesinə alternativdir: “Əksinə, o, bizə qonşu olan bütün Avropa ölkələri və namizədlərlə əlaqələri gücləndirməyə, onların üzv olması üçün bütün sahələrdə dəstəyimizi gücləndirməyə çalışır”.
Mayın 9-da Fransa prezidenti Emmanuel Makron Aİ-nin rəsmi üzvü olmayan ölkələrin Avropadakı yeni məkana qoşula bilməsi üçün yeni “Avropa siyasi icması”nın yaradılması təşəbbüsünü elan edib. Söhbət həm də Ukraynadan gedirdi.
Mayın 22-də Fransanın Avropa məsələləri üzrə naziri Klement Bon Ukraynanın Avropa İttifaqına daxil olması prosesinin 15 və ya 20 il çəkə biləcəyini bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə bildirib ki, Fransanın Ukraynaya münasibətində vədinə xəyanət yoxdur: “Ukraynanın Aİ-yə yolunun necə olacağı və bunun nə qədər vaxt aparacağı ilə bağlı ölkələr arasında aktiv müzakirə gedir”.
Xarkov metrosu yenidən fəaliyyətə başlayıb
Ukraynada müharibə başlayandan fəaliyyəti dayandırılan Xarkov şəhər metrosu yenidən fəaliyyətə başlayıb.
Bunu Xarkov meri İqor Terexov deyib.
Onun sözlərinə görə, bütün filiallar bir anda fəaliyyətə başlayıb, qatarlar 12 saat işləyəcək: 07:00-dan 19:00-dək:
“Son 89 gündə ilk dəfə olaraq Xarkov metrosunun qatarları hərəkətə başlayacaq. Demək istəyirəm ki, Xarkov iqtisadiyyatı təzəcə canlanmağa başladığı üçün sərnişin axınını anlamaq çətindir. Metronun fəaliyyətə başladığı ilk günlərdə qatarlar yarım saatlıq fasilələrlə hərəkət edəcək”.
“Tədricən sərnişinlərin sayı artdıqca interval azalacaq. Eyni zamanda biz yerüstü nəqliyyatın logistikasını elə dəyişdirin ki, Xarkov sakinləri üçün şəhər ətrafında hərəkət etmək rahat olsun”, – deyə mer bildirib.
O, ilk həftə metrodan istifadənin pulsuz olacağını deyib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.