Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 83-cü günü: yenilənən xəbərlər

Mariupol. Foto: Reuters

Podolyak: “Rusiya bizi şantaj edir”

“Rusiya-Ukrayna danışıqları dayandırılıb”.

Bu açıqlamanı Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak mayın 17-də səsləndirib.

O qeyd edib ki, rusların tələbləri cəbhədəki hadisələrdən fərqli olaraq dəyişmir:

“82 gün davam edən müharibədə Rusiya başa düşmədi ki, Ukraynada vəziyyət heç də əvvəllər olduğu kimi deyil. Onlar öz direktivlərini dəyişmir, şantaj etməyə davam edir, bəzi mövqelərini açıq şəkildə bəyan edirlər”.

Podolyakın sözlərinə görə, danışıqlar prosesinin dayandırılması, o demək deyil ki, sonda tərəflər danışıqlar masasına əyləşməyəcək:

“Bu gün o dayandırılıb. Çünki İstanbul görüşündən sonra heç bir dəyişiklik, irəliləyiş yoxdur. Rusiya hələ də öz stereotip düşüncəsində qalır. Amma istənilən müharibə danışıqlar masası arxasında bitəcək və bu, prosesin moderatoru cənab Zelenski olacaq”.

M.Podolyakın sözlərinə görə, danışıqlarda Kremli təmsil edənlər Ukraynaya qarşı hansısa iddialar irəli sürür:

Rusiya-Ukrayna danışıqları. Mənbə: Belta

“Onlar guya “Ukrayna nasizmi”nin mövcud olduğu bir dünyada yaşayırlar. Artıq dünya bilir ki, bu gün nasizmin yalnız bir növü var: rus nasizmi. Bizim bu problemə daha dərindən yanaşmağın vaxtı gəldi, danışıqlar prosesi çərçivəsində Rusiyanın denazifikasiyası problemləri həllini tapmalıdır”.

Rudenko: “Kiyev danışıqlardan geri çəkilib”

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da oxşar açıqlama verib.

Nazir müavini deyib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar davam etmir: “Kiyev faktiki olaraq danışıqlar prosesindən geri çəkilib. Onlar Rusiyanın təklif etdiyi müqavilə layihəsinə cavab verməyib”.


Rusiya daha bir təşkilatdan çıxdığını bəyan etdi


Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxmaqla bağlı rəsmi qərar qəbul edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mayın 17-də yaydığı bəyanatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyi. Foto: MikroKon/shutterstock

Rusiya Xarici İşlər Nazirliyi bu qərarın Rusiyanın bölgədəki mövcudluğuna təsir etməyəcəyini vurğulayıb.

“Ölkəmizi Baltikyanı ölkələrdən sıxışdırıb çıxarmaq cəhdləri uğursuzluğa məhkumdur. Biz məsul tərəfdaşlarla işi davam etdirəcəyik, Baltikyanı regionun inkişafının əsas məsələləri – ümumi irsimiz üzrə tədbirlər keçirəcək, həmvətənlərin maraqlarını qoruyacağıq”, – deyə nazirlik əlavə edib.


“Avropa İttifaqından olan “donuz balaları…””

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Avropa İttifaqı (Aİ) rəhbərlərini “donuz balaları” adlandırıb.

Spikerin bu çıxışı Aİ-nin Ukraynanın anbarlarından taxıl ehtiyatlarını dəniz yolu ilə çıxarmaq qərarı ilə bağlıdır.

V.Volodin deyib ki, Avropa İttifaqı dəniz yolundan istifadə edərək Ukraynanın anbarlarından taxılı Avropaya aparmaq niyyətindədir:

“BMT taxıl daşıyan gəmilərin keçməsi müqabilində Rusiya və Belarusdan kalium gübrələrinin ixracına qoyulan məhdudiyyətləri yumşaltmağı təklif edib. Avropa İttifaqından olan donuz balaları – başqa cür adlandırmaq olmur”, – Volodin teleqram kanalında yazıb.

Vyaçeslav Volodin. Mənbə: Azərtac

Onun sözlərinə görə, Ukrayna taxılsız qalacaq və səpin üçün dizel yanacağı, benzin çatışmazlığı səbəbindən yeni məhsul yığmaq onlar üçün çətin olacaq: “Bundan yalnız Avropa ölkələri faydalanacaq”.

Spiker xəbərdarlıq edib ki, enerji xərclərinin artması ilə yanaşı, Aİ ilin sonuna qədər daha çox ərzaq problemi ilə üzləşəcək.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell mayın 16-da bildirib ki, Aİ taxılı Avropaya göndərməklə Kiyevə taxıl anbarlarını boşaltmağa kömək etməyə çalışır: “Biz Ukraynaya taxıl və buğda istehsalına və ixracına kömək etməliyik. Ukraynanın anbar tutumu doludur, çünki onlar bu taxılı ixrac edə bilmirlər və növbəti məhsulu saxlaya bilmək üçün anbarlarını boşaltmalıdırlar”.

BMT Baş katibi Antonio Quterreş isə taxıl daşıyan gəmilərin Ukrayna limanlarından keçməsi müqabilində Rusiya və Belarus kalium gübrələrinin ixracına qoyulan məhdudiyyətləri yumşaltmağı təklif edib.


“Rusiyanın mövcudluğu kollektiv Qərbi ciddi qıcıqlandırır”

Kollektiv Qərb Rusiyanın istədiyi kimi yaşamasına mane olmaq üçün hər şeyə hazırdır.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Rusiyanın mövcudluğu kollektiv Qərbi ciddi qıcıqlandırır. Onlar istədiyimiz kimi inkişaf etməyimizə və istədiyimiz kimi yaşamağımıza mane olmaq üçün hər şeyi etməyə hazırdır”.

Peskov bildirib ki, Rusiya heç bir şəkildə təcrid oluna bilməz.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

“Bizim dövrümüzdə torpaqların altıda birini nə siyasi, nə iqtisadi, nə diplomatik, nə də informasiya cəhətdən təcrid etmək mümkün deyil”, – deyə Peskov söyləyib.
O, Rusiyanın qalib gələcəyinə əminliyini ifadə edib: “Biz əminik ki, hər şey yaxşı olacaq və biz qalib gələcəyik”.

Kreml sözçüsü Rusiya Prezidenti Vladimir Putinin ölkəni hara apardığını bildiyini vurğulayaraq, diqqəti bu məsələyə yönəldib: “Bütün ölkə onu dəstəkləyir. Əminəm ki, siz onu dəstəkləyirsiniz, gənclər də dəstəkləyir, ölkəmizin bütün nəsilləri onu dəstəkləyir”.


Azovstal”dan 264 əsgər təxliyə edilib

“Rusiya ordusunun mühasirəsində olan “Azovstal” zavodundan 264 əsgər təxliyə edilib. Onlardan 53-ü ağır yaralıdır”.

Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Yaralıların Novoazovsk xəstəxanasına çatdırıldığı bildirilir: “Qalan 211 hərbçi dəyişdirilmək üçün Ukrayna ordusunun nəzarətində olan Olenevkaya təxliyə edilib”.

“Azovstal”dan yaralıların təxliyəsi. Foto: Reuters

Məlumatda bildirilir ki, Mariupoldakı qarnizon öz döyüş tapşırığını yerinə yetirib: “Yüksək hərbi komandanlıq şəxsi heyətin həyatını xilas etmək üçün “Azovstal” zavodunun hərbi hissələrinin komandirlərinə əmr verib”.

Baş Qərargah bildirib ki, “Azovstal”da qalan hərbçilərin xilas edilməsi üzrə fəaliyyət davam etdirilir.


Rusiya Ukrayna ordusunun irəliləməsinə mane olmağa çalışır

Rusiya ordusu Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almaq üçün Ukraynanın şərq vilayətlərində mövqelərini gücləndirir.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı mayın 17-də səhər saatlarında məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyi. Mənbə: Sarakhan Vadym/shutterstock

Bildirilir ki, Rusiya aviasiyası Ukraynada mülki və hərbi infrastrukturu bombalayır:
“Slobojanski və Xarkov istiqamətlərində Rusiya hərbçiləri səylərini Ukrayna qoşunlarının hücumunun qarşısını almaq üçün cəmləşdirir, slavyan istiqamətində isə hücumu bərpa etməyə hazırlaşır. Liman istiqamətində Rusiya Silahlı Qüvvələrinin bölmələri Sirotino, Vıskriva, Kamenka və Vüqledar yaşayış məntəqələri ərazilərində irəliləyiş əldə edə bilməyərək, Drobışevo kəndini ələ keçirməyə çalışırlar”.

“Rusiya hərbçilərinin son sutkada Donetsk və Luqansk istiqamətlərində 11 hücumu dəf edilib. 5 tank, bir “Tor” zenit-raket kompleksi, altı artilleriya sistemi, on iki zirehli texnika və bir avtomobil məhv edilib”, – Baş Qərargahın məlumatında belə deyilir.


Ukrayna Kursku atəşə tutub

Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin Alekseevka kəndini iriçaplı silahlarından atəşə tutub.

Bunu regionun qubernatoru Roman Starovoit “Telegram” kanalıdan yazıb.

Ukrayna hərbçilər. Foto: Reuters

O, üç evə və bir məktəb binasına ziyan dəydiyini deyib: “Bu gün səhər saat 5 radələrində sərhədyanı Qluşkovski rayonunun Alekseyevka kəndi iriçaplı silahlardan atəşə tutulub. Üç fərdi evə, onlardan birinin yaxınlığında dayanmış avtomobilə, həmçinin məktəb binasına ziyan dəyib. Xoşbəxtlikdən, itki yoxdur. Sərhədçilərimizin cavab atəşi ilə atışma tez bir zamanda dayanıb”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 83-cü günü: yenilənən xəbərlər