“Müharibənin yeni mərhələsinə daxil oluruq”
“Ukrayna müharibənin yeni və uzunmüddətli mərhələsinə daxil olub. Bu mərhələnin nə qədər davam edəcəyini təxmin etmək çətindir”.
Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, 9 maya qədər Ukrayna dövlətinin hərbi müdaxilə yolu ilə məhv edilməsinə və hakimiyyətin Rusiya marionetlərinə ötürülməsinə nail olmayan Kreml artıq strateji məğlubiyyətə uğrayıb:
“Biz onları məcbur etdik ki, hədəflərinin miqyasını əməliyyat-taktiki səviyyəyə endirsinlər. Bu fonda, biz müharibənin yeni – uzunmüddətli mərhələsinə daxil oluruq. Burada qalib gəlmək üçün resursları ehtiyatla planlaşdırmalı, yanlışlardan qaçmalı və gücümüzü elə dizayn etməliyik ki, düşmən nəhayət buna tab gətirə bilməsin”.
O, hazırda Ukraynanın xeyrinə strateji dönüm nöqtəsi olduğunu deyib:
“Bu proses bir müddət çəkəcək və Rusiyanın qaçılmaz məğlubiyyəti ilə nəticələnəcək”
Nazir bildirib ki, artıq tərəfdaşlardan ağır silahlar qəbul edirlər:
“ABŞ-ın göndərdiyi 155 millimetrlik M777 haubitsaları indi cəbhədə istifadə edilir. Həm də 1500-dən çox ukraynalı hərbçi tərəfdaş ölkələrdə hərbi avadanlıqlarının istifadəsini öyrənir. Onlar yaxın günlərdə təlimçilər, artilleriya ustaları kimi geri qayıdaraq döyüşlərdə iştirak edəcəklər”.
Rusiyadan Rumıniyaya cavab: 10 diplomat “arzuolunmaz şəxs” elan edildi
Mayın 13-də Rusiya Rumıniya səfirliyinin 10 əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.Bununla bağlı Rumıniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kristian İstrate Xarici İşlər Nazirliyinə dəvət edilib:
“Səfirə Rumıniyanın Moskvadakı səfirliyinin 10 əməkdaşının ““arzuolunmaz şəxs” elan edilməsi barədə nota təqdim edilib”.
Bu addım Rumıniyanın aprelin 5-də 10 rus diplomatını Ukraynadakı hərbi cinayətlərə görə ölkədən çıxarmaq qərarına cavab sayılıb.
Cosep Borrel: “Avropa İttifaqı Ukraynaya 500 milyon avro ayıracaq”
Avropa İttifaqı Rusiya neftinə embarqo ilə bağlı razılığa gələ biləcək.
Bunu Avropa diplomatiyasının rəhbəri Cosep Borrel Almaniyada G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü öncəsi deyib.
Diplomat əlavə edib ki, Rusiya yanacağından dərhal imtinaya qarşı olan ölkələr alternativ təchizatçı tapmaqda obyektiv çətinliklərlə üzləşirlər.
Borrel Kiyevə maliyyə dəstəyini artırdığını da açıqlayıb.
“Avropa İttifaqının Ukraynaya hərbi yardım üçün əlavə 500 milyon avro həcmində yeni tranş ayıracaq. Bu 500 milyon ağır silahlar üçün nəzərdə tutulub”, – deyə o fikrini yekunlaşdırıb.
Peskov: “Vladimir Putin Zelenski görüşdən imtina etmir”
“Kreml Rusiya və Ukrayna prezidentləri arasında görüşdən imtina etmir, lakin görüşün hazırlıqsız keçirilməsi mümkün deyil”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O deyir ki, Moskva Vladimir Putin və Volodimir Zelenski ilə görüşü mümkün sayır.
Peskovun sözlərinə görə, Rusiya və Ukrayna prezidentlərinin görüşdə yekunlaşdıra biləcəyi sənədin hazırlanması istiqamətində heç bir hərəkət yoxdur.
“Donbasda 5 sakin ölüb, 12 nəfər yaralanıb”
Mayın 12-də Rusiya ordusunun Donbası atəşə tutması nəticəsində 5 dinc sakin həlak olub, azı 12 nəfər yaralanıb.
Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı “Facebook” səhifəsində yayıb.
Bildirilir ki, Rusiya işğalçıları Luqansk və Donetsk vilayətlərində 32 yaşayış məntəqəsini atəşə tutub: “Nəticədə 26 yaşayış binası dağıdılıb, 25-ə yaxın digər mülki obyektə ziyan dəyib”.
“Atəş nəticəsində uşaq düşərgəsi, veteranlar üçün xəstəxana, Müqəddəs Theotokos Şəfaət Kilsəsi, mamalıq məntəqəsi, poçt şöbəsi, bir mağaza, yaşayış binaları zərər çəkib”, – deyə Baş Qərargahdan qeyd edib.
Lavrov: “Avropa İttifaqı aqressiv oyunçuya çevrilib”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın Avropa İttifaqına üzv olmasının zərərsizliyinə ciddi şübhələrin olduğunu deyib.
Diplomat bunu Düşənbədə jurnalistlərin suallarına cavab verərkən bildirib.
Lavrovun sözlərinə görə, Avropa İttifaqı yaradıldığı kimi konstruktiv iqtisadi platformadan çox Avropa qitəsinin hüdudlarından kənarda öz ambisiyalarını bəyan edən aqressiv oyunçuya çevrilib.
Mayın 9-da Ukrayna Aİ üzvlüyünə namizəd statusu almaq üçün tələb olunan anketin doldurulmuş ikinci hissəsini Avropa İttifaqına təhvil verib.
Ukraynanın Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina mayın sonunda Ukraynanın Aİ-yə gələcək hərəkəti ilə bağlı Avropa Komissiyasının sədri tərəfindən müsbət nəticəyə imza atacağına inandığını deyib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.