Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 76-cı günü: yenilənən xəbərlər

Ukrayn, Kiyev vilayəti. Foto: Reuters

Almaniyalı nazir: “Buçada ağlasığmaz qətllər törədilib”

Almaniya Buça və digər şəhərlərdə hərbi cinayətlərin təqsirkarlarının araşdırılması və məsuliyyətə cəlb edilməsində Ukraynaya hərtərəfli dəstək verəcək.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Twitter” səhifəsində yazıb.

Annalena Berbok. Foto: Ukrayna mediası

“Biz beynəlxalq ictimaiyyət olaraq sübutlar toplayacağıq. Mən Ukraynanın Baş prokuroru İrina Venediktovanı Almaniyanın müharibə cinayətlərinin açılmasında hərtərəfli dəstəyinə əmin etdim”, – deyə nazir qeyd edib.

O bildirib ki, Buça ağlasığmaz cinayətlər, işgəncələr, zorlamalar, qətllər səbəbindən simvola çevrilib: “Orda baş verənlər heyrətləndiricidir. Biz sağ qalanların ağrısını götürə bilmərik, lakin ədaləti təmin etmək üçün əlimizdən gələni edə bilərik”.


“Azovstal”da yaralıların olduğu deyilir

Rusiyanın Mariupoldakı “Azovstal” zavodunu atəşə tutması nəticəsində ağır yaralananlar var.

“Azov” alayının komandirinin müavini, Kalina kimi tanınan kapitan Svyatoslav Palamar “Ukrainska Pravda”ya deyib.

“Gecə boyu gülləbaran davam edib, o cümlədən, aviasiyadan. Yaralılar var, çoxları ağır yaralanıb. Bir müddət xəstəxana ilə əlaqəmiz kəsildi. Amma indi rabitə bərpa olunub”.

Svyatoslav Palamar. Foto: screenshot

Svyatoslav Palamar yaralılara normal qayğı və dərman lazım olduğunu bildirib: “Normal qida və təmiz hava lazımdır”.

“Azov” alayının məlumatına görə, ruslar son sutkada zavodun ərazisində 34 uçuş, o cümlədən 8 strateji bombardmançı təyyarə həyata keçirib.


Litva Rusiyanı terrorçu dövlət sayır

Litva Seymi Rusiyanı terrorçu dövlət kimi tanıyıb.

Mayın 10-da Litva parlamenti müvafiq qətnamənin lehinə yekdilliklə səs verib, sənədi 128 deputat dəstəkləyib.

Qətnamədə qeyd olunur ki, rus işğalçıları Ukraynada, xüsusən də Borodianka, Buça, İrpen, Gostomel və Mariupol, Donetsk vilayətində soyqırım törədib.

Litva Seymi. Foto: “bnn-news.com/”

Aprelin 15-də Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydeni Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırıb. 4 gün sonra ABŞ Dövlət Departamenti Rusiyanı terrorizmin dövlət himayədarı kimi tanımaq imkanını nəzərdən keçirdiklərini açıqlayıb.

Aprelin ikinci yarısında Estoniya, Latviya və Kanada parlamentləri Rusiya işğalçı qüvvələrinin Ukraynada törətdiklərini soyqırım kimi tanıyan qətnamə qəbul edib.


Zelenski: “Onlarla ölkə ərzaq qıtlığı astanasındadır”

Ukrayna kənd təsərrüfatı məhsulları ixrac edə bilmədiyi üçün onlarla ölkə artıq ərzaq qıtlığı astanasındadır və zaman keçdikcə vəziyyət daha dəhşətli ola bilər.

Bunu Ukrayna Prezident Volodimir Zelenski mayın 10-da yaydığı videomüraciətində deyib.

Onun sözlərinə görə, siyasətçilər artıq qiymət böhranının və aclığın nə ilə nəticələnəcəyini müzakirə edirlər:

Vladimir Zelenski. Mənbə: home for heroes/shutterstock

“Ərzaq qıtlığı daha çox Afrika və Asiyada ola bilər. Mövcud vəziyyət Rusiyanın təcavüzünün birbaşa nəticəsidir. Rusiyaya təzyiq göstərməklə, vəziyyəti aradan qaldırmaq olar”.

V.Zelenski qeyd edib ki, son onilliklərdə ilk dəfə Odessada normal ticarət donanması və liman işi yoxdur.

“Yəqin ki, bu, Odessada İkinci Dünya müharibəsindən sonra heç vaxt baş verməyib. Dənizlə bağlı adi həyatı Rusiya, məhz Rusiya əngəlləyir. Nəzərə alın ki, bu təkcə Ukraynaya zərbə deyil”, – deyə Zelenski bildirib.


Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynadakı vəziyyətə görə Rusiyaya tətbiq edilən yeni genişləndirilmiş sanksiya siyahısını açıqlayıb.

Siyahıya Rusiyanın Baş naziri Mixail Mişustin, Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliev, “LXR” və “DXR” liderləri, ümumilikdə, 130-dan çox adam daxil edilib.

Rusiya-Yaponiya. Foto: motioncenter/shutterstock

Siyahıda həmçinin müdafiə sektoru ilə əlaqəli məhdud şirkət və təşkilatların da adı var: ““Almaz-Antey” və Taktik Raket Korporasiyası da daxil olmaqla 70 yeni şirkət əlavə edilib”.

İndiyə qədər Yaponiyanın sanksiya siyahılarına artıq 700-dən çox Rusiya, Belarus, “LPR” və “DXR” vətəndaşı, eyni zamanda, 200-dən çox şirkət və təşkilatı daxildir.


“Ukrayna Avropada insanların dəyərlər uğrunda öldüyü yeganə yerdir”

“Ukraynanın bu yay Avropa Birliyinə üzv olmaq üçün namizəd statusu alacağı gözlənilir. Əgər namizəd statusu ala bilməsək, bu o deməkdir ki, Avropa bizi aldatmağa çalışır”.

“Financial Times” qəzetinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba belə deyib.

Diplomat vurğulayıb ki, hazırda Ukrayna Avropada insanların dəyərlər uğrunda öldüyü yeganə yerdir: “Mən hesab edirəm ki, buna hörmət edilməlidir”.

D.Kuleba. Foto:Photographer RM/shutterstock

Eyni zamanda, nazir Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqına daxil olması prosesinin uzunmüddətli olması ehtimalı ilə bağlı proqnozunu şərh edib: “Üç ay əvvəl Ukraynanın üzvlük perspektivi belə yox idi. İndi onlar bunun nə qədər vaxt aparacağını artıq müzakirə edirlər”.

Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına üzvlük üçün ərizə imzalayıb.

Aprelin 8-də Kiyevə səfəri zamanı Avropa Komissiyasının sədri fon der Leyen Zelenskiyə sorğu anketini təqdim edib.

Aprelin 15-də məlum olub ki, anketin birinci hissəsi üzərində iş yekunlaşıb.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 76-cı günü: yenilənən xəbərlər