Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 75-ci günü: yenilənən xəbərlər

Ukrayna, Kiyev. Foto: Reuters

Rusiyadan Cozep Borrellin təklifinə sərt reaksiya

“Cozep Borrellin Rusiyanın dondurulmuş valyuta ehtiyatlarının Ukraynanın bərpasına göndərilməsi təklifi qanunsuzdur və bununla Avropaya etimadı sarsıdır”.

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

Aleksandr Qruşko. Foto: “mk-london.co.u”

A.Qruşkonun sözlərinə görə, Borrellin təklifi beynəlxalq münasibətlərin bünövrəsinin məhvidir:

“Bu qərarlar qəbul edilərsə, avropalıların özlərinə, maliyyə sisteminə zərbə vuracaq, Avropaya və ümumilikdə Qərbə olan inamı sarsıdacaq. Çünki bu, tam qanunsuzluqdur və daha doğrusu, cəngəllik qanunudur”.


“Nə qədər ki, müharibə davam edir, bizə ayda 5-7 milyard dollar arasında dəstək lazımdır”

Ukrayna Prezidenti Volodimir Zelenski “Böyük Yeddilik” (G7)-in liderlərini ölkəsinə sabit, maliyyə dəstəyi verməyə çağırıb.

O, mayın 8-də Kiyevə gələn Kanadanın Baş naziri Castin Trüdo ilə görüşdə deyib.

V.Zelenski. Foto: Meydan TV

“Nə qədər ki, müharibə davam edir, bizə ayda 5-7 milyard dollar arasında dəstək lazımdır. Müharibə bitəndə biz Rusiyanın 600 milyard dollardan çox məhv etdiyi hər şeyi yenidən qurmalı olacağıq”, – Zelenski belə söyləyib.

O, həmçinin Rusiyanın idxal və ixracına qoyulan məhdudiyyətləri daha da sərtləşdirəcək yeni hazırlanmış sanksiyalar paketini dəstəkləyib və Macarıstanı Rusiyanın cəzalandırılmasının qarşısını almağa çalışdığına görə tənqid edib.


“Rusiyanın dondurulmuş ehtiyatları Ukraynaya yönəldilə bilər”

Avropa İttifaqı Rusiyanın dondurulmuş valyuta ehtiyatlarını Ukraynanın yenidən bərpasına yönəldə bilər.

Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell “Financial Times”a müsahibəsində deyib.

C.Barrel nümunə kimi xatırladıb ki, ABŞ əvvəllər Əfqanıstan Mərkəzi Bankına məxsus milyardlarla dollarlıq aktivlərə nəzarəti ələ keçirərək qismən terror qurbanlarına potensial təzminat, eləcə də ölkəyə humanitar yardım göstərəcək:

Cozep Borrell . Foto: “europarl.europa.eu/”

“Rusiyanın ehtiyatlarıyla da oxşar addımları nəzərdən keçirmək olar. Mən bu məsələnin lehinə səs verərdim, çünki çox məntiqlidir”.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Qərbin sanksiyaları nəticəsində ölkəsinin 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bildirmişdi.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 75-ci günü: yenilənən xəbərlər