Peskov: “Mariupolda “Qələbə paradı” keçirilməyəcək”
Mayın 9-da Mariupolda “Qələbə paradı” keçirilə bilməz.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Ancaq D.Peskov: “Vaxt gələcək geniş bayram olacaq”, – deyə əlavə edib.
Onun sözlərinə görə, mayın 9-da Mariupolda çoxlu ruslar olacaq: “Heç bir rəsmi nümayəndə heyətindən xəbərim yoxdur. Artıq deyilib ki, bu il təbii ki, bu, məlum səbəblərdən mümkün deyil”.
Bundan əvvəl Rusiya Prezident Administrasiyasının rəhbərinin birinci müavini Sergey Kiriyenko da bildirmişdi ki, bu il Qələbə Günündə Donetsk və Luqanskda yürüş keçirilməyəcək.
Rusiya İkinci Dünya müharibəsi ilə bağlı tədbirə dəvət olunmadı
Rusiya nümayəndələri Fransada İkinci Dünya müharibəsinin başa çatmasına həsr olunmuş tədbirlərə dəvət almayıblar.
Bu barədə Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov jurnalistlərə danışıb.
Onun sözlərinə görə, mayın 8-də Fransada ənənəvi olaraq İkinci Dünya müharibəsində qələbəyə həsr olunmuş bayram tədbirləri keçiriləcək:
“Səfirlər və hərbi attaşelər – əvvəllər Sovet İttifaqı, sonra Rusiya, Belarus faşizm üzərində qələbəyə həlledici töhfə vermiş ölkələr kimi – həmişə dəvət olunublar. Bu il tribunada bizə yer ayırmadılar, baxmayaraq ki, faşist Almaniyası tərəfində vuruşan ölkələrin səfirləri orada əyləşəcək”.
Mayın 8-də Fransada faşist Almaniyasının təslim olmasının 77-ci ildönümü ilə əlaqədar mərasimlər keçiriləcək.Parisdəki Yelisey meydanında keçiriləcək mərasimə Fransa prezidenti Emmanuel Makron rəhbərlik edəcək.
Aİ: “Rusiya neftinə 9 aydan sonra embarqo qoyulacaq”
“Avropa İttifaqı 9 aydan sonra Rusiyadan neft idxalına tamamilə embarqo tətbiq edəcək”.
Bunu Avropa İttifaqının (Aİ) iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni bildirib.
“Biz neft məhsullarının növündən asılı olaraq, embarqonun 9 aydan sonra tətbiqini təklif edirik. Daha qısa zaman çərçivəsində məhdudiyyətin tətbiqi neftin dünya bazarında qiymətlərinə mənfi təsir göstərər. Bu da bizim hədəflərimizə ziddir”, – deyə Paolo Centiloni bildirib.
Eyni zamanda, o əlavə edib ki, neft embarqosu Aİ ölkələrinin iqtisadiyyatına təsir edəcək, lakin Rusiya iqtisadiyyatına təsir daha çox olacaq.
“Ukraynanın silah tədarükü artır”
Rusiya və Ukrayna arasında sülh danışıqları durğunluq vəziyyətindədir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev mayın 6-da keçirdiyi brifinqdə deyib.
A.Zaitsevin sözlərinə görə, Ukraynanın silah tədarükü artır, onun miqyası milyardlarla dollar qiymətləndirilir:
“Təkcə Vaşinqton 3,8 milyard dollarlıq hərbi məhsul göndərib. Böyük Britaniya, Fransa, Kanada, Polşa və Baltikyanı ölkələr bu əməliyyatda fəal iştirak edirlər”.
O, Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat zamanı nüvə silahının tətbiq etmək niyyətində olmadığını da bəyan edib: “Biz dəfələrlə Rusiyanın xüsusi hərbi əməliyyatda nüvə silahından istifadə edə biləcəyi ilə bağlı eyhamları təkzib etməli olmuşuq. Bu, düşünülmüş yalandır”.
Quterreş Kiyev və Moskvaya çağırış etdi
Mariupol və ətraf rayonlardan 500-ə yaxın adam təxliyə olunub.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş “Twitter” səhifəsində yazıb.
“BMT və Qızıl Xaç Cəmiyyətinin birgə əməliyyatında “Azovstal” zavodundan, Mariupoldan və ətraf rayonlardan 500-ə yaxın insan təxliyə edilib. Ümid edirəm ki, Moskva və Kiyev gələcək koordinasiya keçidlərinin təmin edilməsi üçün “humanitar” fasilələrin sayının artmasına çalışacaq”, – deyə Quterreş əlavə edib.
Ukrayna Rusiya rəsmilərini istintaqa çağırır
Ukrayna Baş Prokurorluğu Rusiya rəsmilərini dindirməyə çağırıb.
Onların arasında Dövlət Dumasının sədri Vyaçeslav Volodi, Federasiya Şurasının sədri Valentina Matvienko, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev və müdafiə naziri Sergey Şoyqu var.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Adıçəkilən rəsmilər mayın 16, 17 və 18-də dindirilməyə çağırılıblar.
Eyni zamanda, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, daxili işlər naziri Vladimir Kolokoltsev və Milli Qvardiyanın rəisi Viktor Zolotov da çağrılanlar arasındadır.
Lukaşenko: “Əməliyyatın belə uzanacağını gözləmirdim”
“Biz Rusiya Silahlı Qüvvələrinin Ukraynada apardığı xüsusi əməliyyatda iştirak etmək fikrində deyilik. Çünki buna ehtiyac yoxdur”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində bildirib.
Ancaq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə haqq qazandıran A.Lukaşenko prosesin “belə uzanacağını” gözləmədiyini də deyib: “Mən bu məsələni rusların dediyi kimi plana uyğun getdiyini və ya mənim bu məsələyə münasibətimi deyə biləcək qədər dərindən bilmirəm. Bir daha vurğulamaq istəyirəm: əməliyyatın uzandığını hiss edirəm”.
Ukraynada nüvə silahının istifadəsinə qarşı çıxan Belarus rəhbəri Rusiya Prezidenti Vladimir Putinin belə planlarının olub-olmadığı haqda suala cavab verməyib: “Rusiyanın buna qadir olub-olmaması Kreml rəhbərliyinə verilməli olan sualdır”.
Amma o, nüvə silahından istifadənin əleyhinə də olduğunu dilə gətirib: “Nüvə silahından istifadə təkcə ona görə qəbuledilməzdir ki, onlar bizim yanımızdadır – biz ABŞ kimi okeanın o tayında deyilik. Bu həm də ona görə qəbuledilməzdir ki, orbitdən uçan Yer kürəmizi vura bilər, heç kim harada olduğunu bilmir”.
Putini “böyük qardaşı” adlandıran Lukaşenko deyib ki, onun Belarus prezidentindən başqa heç bir dünya lideri ilə daha yaxın, daha açıq və ya dostluq münasibətləri yoxdur.
“Qərb ölkələri Rusiyaya məxsus 300 milyard dollarlıq hesabları dondurub”
“Ukraynadakı vəziyyət Qərbə Rusiyaya qarşı çoxdan hazırlanmış iqtisadi repressiya çarxını işə salmağa imkan verdi”.
Bunu aprelin 6-da BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya səsləndirib.
“Sanki siz Rusiyaya qarşı repressiya çarxını başlamaq üçün bu anı gözləyirdiniz. Əgər dünya müharibəsindən danışırıqsa, bu, şübhəsiz ki, bu gün iqtisadi sahədə aparılır. Çünki işə salınma sürəti göstərir ki, çoxdan hazırlaşırsınız”, – deyə Vasili Nebenzya bildirib.
Diplomatın qənaətincə, saysız sanksiya və qadağalar vasitəsilə hərbi əməliyyatlarla heç bir əlaqəsi olmayan Rusiya vətəndaşlarının şəxsi mülkiyyəti ələ keçirilib.
“Qərb ölkələri Rusiyaya məxsus 300 milyard dollarlıq hesabları dondurub. Belə olanda siz hansı beynəlxalq hüquqdan danışırsınız?”, – Nebenzya əlavə edib.
Macarıstan altıncı sanksiyalar paketini qəbul etmir
Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketini dəstəkləməkdən imtina edib.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə yazdığı məktubda bildirib.
O, ölkəsinin Rusiyaya qarşı altıncı sanksiyalar paketini “indiki formada” dəstəkləyə bilməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, bütün üzv dövlətlər buna hazır olduqda sanksiyalar tətbiq edilməlidir: “Nə Macarıstan, nə də bütövlükdə Avropa İttifaqı komissiyanın təklif etdiyi tədbirləri qəbul etməyə və həyata keçirməyə hazırdır. Sanksiyalar bütün üzv dövlətlərdə bütün zəruri ilkin şərtlərin yerinə yetirildiyi bir vaxtda qəbul edilməlidir”.
Baş nazir bildirib ki, təklif olunan sanksiyalar alternativ təchizat infrastrukturunun modernləşdirilməsini, həmçinin Macarıstanın emal potensialının tamamilə yenidən təşkilini tələb edir: “Yenidən qurmaq üçün “lazımsız olan və buna görə də bazar əsasında maliyyələşdirilə bilməyən” investisiyalara ehtiyac var”.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.