Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 71-ci günü: yenilənən xəbərlər

Foto: Reuters

Şarl Mişel: Ukraynaya qarşı müharibə “bəşəri faciə”dir

Mayın 5-də Varşavada keçirilməsi planlaşdırılan Ukrayna üzrə donor konfransı Kiyev üçün bir növ Avropa Marşal Planının başlanğıc nöqtəsi olmalıdır.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.

Avropa Şurasının rəhbəri bildirib ki, bu konfrans üçün Ukrayna tərəfi ilə sıx əməkdaşlıq edərək üç prioritet və üç məqsəd müəyyən edib: humanitar yardım, likvidlik və ölkənin bərpası.

Şarl Mişel. Foto: Alexandros Michailidis/shutterstock

“Əsas bu üç məqsəddir: konkret olaraq, Ukrayna üçün maliyyə resurslarını səfərbər etmək”, – deyə Mişel əlavə edib.

O, Ukraynaya qarşı müharibəni “bəşəri faciə” adlandırıb.

Mişel Qərb liderlərini təkcə sözdə deyil, həm də əməldə Ukraynanı dəstəkləməyə çağırıb: “Gələcəyə baxan liderlər Ukraynanı nəinki sözlə, həm də əməllə dəstəkləmək üçün cəsarətli, son dərəcə qətiyyətli addımlar atmalıdırlar. Konkret qərarlar olmalıdır. Bizə güclü koordinasiya, siyasi iradə lazımdır. Bu konfrans, fikrimcə, Ukrayna üçün bir növ Avropa Marşal Planı üçün başlanğıc nöqtəsi olmalıdır”.


Ukraynanın Belqorod vilayətini atəşə tutduğu bildirilir

Rusiyanın Belqorod vilayətinin Juravlevka və Nexoteevka kəndləri Ukrayna tərəfindən atəşə tutulub.

Məlumatı vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram”ında yayıb.

Foto: “Telegram”

Onun sözlərinə görə, atəş nəticəsində Nexoteevkada bir ev və qaraj dağılıb: “Mülki əhali arasında itki yoxdur. Atışma davam edir”.


Kramatorskda 25 nəfərin yaralandığı deyilir

Rusiya ordusu mayın 5-də gecə Ukraynanın Kramatorsk şəhərini raket atəşinə tutub.

Atəş nəticəsində azı 25 nəfərin yaralandığı bildirilir.

Foto: Pavel Kirilenkonun “Telegram” kanalı

Məlumatı Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko “Telegram” kanalında paylaşıb.

“Ən azı 25 mülki yaralanıb. Yaralılardan 6-nın xəstəxanada tibbi yardıma ehtiyacı var. Raketlər 9 yaşayış binasına, məktəbə və çoxsaylı mülki infrastruktura ziyan vurub”, – deyə o bildirib.


Zelenski: “Rusiya törətdiyi cinayətlərə görə cavab verəcək”

“Rusiya həyata keçirdiyi cinayətlərinə, o cümlədən Ukrayna şəhərlərinə raket hücumlarına görə həm qanuni, həm də döyüş meydanında cavab verəcək”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

V.Zelenski. Foto: Meydan TV

Zelenski son vaxtlar intensiv olaraq Ukrayna şəhərlərinin raket hücumuna məruz qaldığını bidirib.

Qeyd edib ki, onlar Dnepr üzərinə, Nikolayev, Odessa, Zaporojyeni vurublar: “Donbas şəhərlərinə və digər rayonlarımızı vurmaqda davam edirlər. Bütün bu cinayətlərə layiqli cavab veriləcək. Həm qanuni, həm də kifayət qədər ədalətli cavab veriləcək, o cümlədən, döyüş meydanında da Rusiya cavabını alacaq”.


“Rusiya ordusu Dnestryanı bölgəsində gərginlik yaradır”

Rusiya ordusu mayın 5-də səhərə yaxın Nikolayev və Xerson vilayətlərinin sərhəddindəki bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib.

Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində yayıb.

Ukrayna Müdafiə Nazirliyi. Mənbə: Sarakhan Vadym/shutterstock

Bildirilir ki, ukraynalı müdafiəçilərin uğurlu əməliyyatı nəticəsində Rusiya ordusu Nikolayev və Xerson vilayətlərinin sərhəddində bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib.

“Düşmən Moldovanın Dnestryanı bölgəsində gərginlik yaradır. Ayrı-ayrı istiqamətlərdə qoşunların yenidən qruplaşdırılmasını həyata keçirir, təchizatın artırılması üçün tədbirlər görür. Eyni zamanda, Donetsk və Tauride istiqamətlərində rusların qarşıdurma xətti boyunca artilleriya atəşi davam edir. Onlar Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini bağlamaq üçün ordu aviasiyasından istifadə edir”, – deyə məlumatda qeyd olunur.


“Ukraynada 221 uşaq ölüb, 408-dən çox uşaq yaralanıb”

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan 221 uşaq ölüb, 408-dən çox uşaq yaralanıb.

Bu barədə Ukrayna Baş Prokurorluğu mayın 5-də “Telegram”da məlumat yayıb.

Ukrayna. Foto: Ruslan Shugushev/shutterstock

Prokurorluq Ukraynada 629-dan çox uşağın zərər çəkdiyini qeyd edib: “Uşaq ölümləri Donetsk vilayətində, Kiyevdə, Xarkovda, Çerniqovda, Xersonda, Nikolayevdə, Luqanskda, Zaporojyedə, Sumidə və Jitomirdə qeydə alınıb”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 71-ci günü: yenilənən xəbərlər