Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 65-ci günü: yenilənən xəbərlər

Foto: Meydan TV

Rusiya kinoteatrları bağlana bilər

Rusiya kinoteatrlarının yarısı repertuar çatışmazlığı səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşib.

Kino Sahibləri Assosiasiyasının bəyanatında bildirilir ki, daxili kino bazarındakı vəziyyət Ukraynadakı hərbi münaqişə ilə əlaqədar acınacaqlı duruma çatıb.

2022-ci il aprelin ortalarında Rusiyada kinoteatrların 36,4 faizi fəaliyyətini dayandırıb.

Kinoteatr
Foto: arxiv

“Yaxın iki ayda kritik repertuar çatışmazlığı kino gəlirlərinin 80 faizdən çox azalmasına və kinozalların ən azı 50 faizinin bağlanmasına səbəb olacaq”, – Kino Sahibləri Assosiasiyasının məlumatında deyilir.

Hollivud studiyaları Ukraynada başlatdığı hərbi münaqişə ilə əlaqədar Rusiyada filmlərinin prokatından imtina edib.

Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.


“Azadlıq” radiosunun Ukraynadakı əməkdaşı həlak olub

Aprelin 28-də Rusiyanın Aerokosmik Qüvvələri (VKS) Kiyevdəki “Artem” raket-kosmik sənaye müəssisəsinin istehsalat binalarını məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Dünənki hücumda “Azadlıq” radiosunun Ukrayna xidmətinin jurnalisti Vira Hıriç həlak olan yeganə şəxs olub.
Bu barədə Giriçin həmkarı Aleksandr Demçenko məlumat verib.

Foto: Vira Hıriçin “Facebook” səhifəsindən götürülüb

Kiyev meri Vitali Kliçko Rusiyanın 24 fevraldan başladığı müharibə nəticəsində şəhərin 435 dinc sakinin yaralandığını, 100-dən çox insanın həlak olduğunu bildirib.

Bu barədə Vitali Kliçko “Facebook” səhifəsində paylaşım edib.

“Cəmi 2 ayda 435 mülki şəxs yaralanıb. 4-ü uşaq olmaqla, 100-dən bir qədər çox insan öldü”, – Kliçko deyib.
O vurğulayıb ki, Kiyev düşmənin silahı altında qalmaqda davam edir və dünənki hücum, dinc evlərə raketlərin atılması buna sübutdur.


Nümayəndələr Palatası Lend-Liz qanun layihəsini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna üçün hərbi əməliyyatlar bitənə qədər Lend-Liz qanun layihəsini təsdiqləyib.

Hər iki partiyadan 417 konqres üzvü sənədi dəstəkləyib, yalnız 10-u əleyhinə çıxıb

Bundan əvvəl, aprelin 6-da qanun layihəsi Konqresin yuxarı palatası olan Senat tərəfindən təsdiqlənmişdi.
Bundan sonrakı mərhələdə Prezidenti Cozef Bayden sənədi imzalamalıdır.

ABŞ. Foto: Lane V. Erickson/shutterstock

“Ukraynada Demokratiyanın Müdafiəsi üçün İcarəyə Vermə Qanunu 2022” adlı sənəd Konqresin yuxarı palatasına hələ yanvar ayında, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl ikipartiyalı qanunvericilər tərəfindən təqdim edilmişdi.

Qanun imzalanandan sonra ABŞ prezidentinə Ukrayna hökuməti ilə “Ukraynanın mülki əhalisini qorumaq üçün” silahların tədarükü və ya icarəsi ilə bağlı müqavilələr bağlamaq üçün genişləndirilmiş səlahiyyətlər veriləcək.

Lend-Liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqlarının icarəyə və ya uzunmüddətli kreditlə verdiyi bir proqramdır. Bu barədə qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə verilib.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 65-ci günü: yenilənən xəbərlər