Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 64-cü günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Meydan TV

“Putinin döyüş maşınını sıradan çıxarmağın yeganə yolu…”

Ukraynaya hərbi müdaxiləyə başlayandan bəri Rusiyanın qalıq yanacaq (fosil yanacaq) gəlirlərinin ikiqat artdığı bildirilir.

Ölkə son 2 ay ərzində neft, qaz və kömür ixracından təxminən 62 milyard avro əldə edib, lakin ixracın həcmləri azalıb.

Ukrayna. Foto: Reuters

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin “gəmilərin hərəkəti və yükdaşımaların təhlili”ndə bu nəticəyə gəlinib.

Qənaət o yöndədir ki, gəlirlərin artmasına səbəb Rusiyanın qiymətləri bahalaşdırmasıdır.


Zelenski: “Rusiyanın məqsədi Avropanı parçalamaqdır”

“Bütün sivil dünya dərk edir ki, Rusiya Ukraynada dayanmayacaq. Ona görə də bizə işğalçılarla mübarizə aparmağa kömək edirlər”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, azad dünyada hamı Rusiyanın Ukraynaya qarşı müharibəsinin yalnız başlanğıc olduğunu bilir:

Vladimir Zelenski. Foto: home for heroes/shutterstock

“Azad dünyada demək olar ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin yalnız başlanğıc olduğunu anlamayan insanlar qalmayıb. Rusiya rəhbərliyinin son məqsədi təkcə Ukrayna ərazisini ələ keçirmək deyil, bütün Avropanın mərkəzi və şərqini parçalamaqdır. Bu isə demokratiyaya qlobal zərbədir”.

“Azad dünyanın isə özünümüdafiə hüququ var və bu səbəbdən Ukraynaya daha çox kömək edəcək”, – deyə Zelenski fikrini bitirib.


Medvedevdən Bundestaqın qərarına reaksiya

Rusiya Təhlüksizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev Almaniya Bundestaqının qərarını parlament üçün “kədərli” adlandırıb.

Dmitri Medvedev. Foto: Max kolomychenko/shutterstock

Bu barədə sabiq prezident “Telegram” kanalında yazıb.

“Görünür, alman qanunvericilərinə ötən əsrdə Almaniya parlamentində başqa adla əyləşmiş sələflərinin qələbələri rahatlıq vermir. Bu, parlament üçün kədərlidir. Kədərlə də bitəcək”, – deyə Medvedev qeyd edib.


Almaniya Bundestaqı Ukraynaya dəstək layihəsini qəbul etdi

Aprelin 28-də Almaniya Bundestaqı hökuməti Ukraynaya hərbi yardımı genişləndirməyə çağıran, habelə hərbi əməliyyatları pisləyən sənədin lehinə səs verib.

Bundestaqən qəbul etdiyi “Avropada sülh və azadlığın qorunması – Ukraynaya hərtərəfli dəstək” başlıqlı sənədin lehinə 586 deputat, əleyhinə 100 deputat səs verib, 7 deputat bitərəf qalıb.

Sənəddə qeyd olunub ki, tərəfdaşlarla razılaşdırılaraq Almaniyadan Ukraynaya effektiv, o cümlədən ağır silahlar və mürəkkəb sistemlərin tədarükünün intensivləşdirilməsi və sürətləndirilməsi zəruridir.

Almaniya
Foto: Meydan Tv

Eyni zamanda, Ukraynanın atəşkəsə nail olmaq səylərini dəstəklənir.

Parlamentarilər həmçinin hökuməti Rusiya ilə Ukrayna arasında gələcəkdə mümkün sazişi dəstəkləməyə çağırıblar.

Sənəd Almaniyanın hakim Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası tərəfindən razılaşdırılıb.


Rusiyaya “neft embarqosu” nələrə səbəb ola bilər?

“Rusiya neftindən və qazından imtina bu ölkəni çıxılmaz duruma soxa bilər. Çünki Rusiyanın ixracının yarısından bir qədər çox hissəsi enerji resurslarından təmin olunub”.

İqtisadçı Fərid Mehralızadə Meydan TV-yə açıqlamasında belə deyib.

O bildirib ki, Rusiya 2021-ci ildə ümumi neft ixracından yarım trilyon (500 milyard) dollar gəlir götürüb.

Rusiyaya “neft embarqosu”. Foto: Mykhaylo_Kozelko/shutterstock

Bu vəsaitin 110 milyard dollarlıq hissəsi xam neft, 70 milyard dollarlıq hissəsi isə neft məhsulları ixracından əldə edilib:

“Bu baxımdan götürəndə Rusiya neftindən imtina bu ölkənin ixrac gəlirlərinin yarısına yaxınının əldən çıxması deməkdir”.


Ben Uolles: “Rusiya Ukraynada möhkəmlənə bilər”

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib ki, hazırda Ukrayna ərazilərində Rusiyanın mövcudluğu “xərçəng böyüməsi”nə çevrilə bilər.

O xəbərdarlıq edib ki, əsas məqsədlərinə çata bilməyən Rusiya Prezidenti Vladimir Putin öz qoşunlarına Ukraynada möhkəmlənməyi əmr edə bilər. Bu isə olduqca təhlükəli haldır.

Ben Uolles. Foto: “theguardian.com”

Böyük Britaniyada “Sky News” telekanalına müsahibə verən Ben Uolles bildirib ki, ölkəsi Rusiyanın Ukraynadan çıxmasını dəstəkləyir:
“Rusiyanı 2014-cü ildə Krımı qanunsuz ilhaq etməyinə görə də qınayırıq. Biz tez-tez Rusiyaya Ukrayna ərazisini tərk etməsi lazım olduğunu bildirmişik, lakin heç nə dəyişmədi”.

Nazir qeyd edib ki, Rusiyanın Ukraynada möhkəmlənməsini istəməyənlər Ukraynaya kömək etməlidir.


Quterreş: “Ukraynadakı müharibəni Rusiya bitirə bilər”

Ukraynadakı müharibə Rusiya onu bitirmək qərarına gələnə qədər davam edəcək.

Bunu BMT-nin baş katibi Antonio Quterreş aprelin 27-də CNN-ə bildirib.

“Müharibə Rusiya onu başa çatdırmağa qərar verəndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma ehtimalı olanda bitəcək. Biz bütün görüşləri keçirə bilərik, amma bu, müharibəyə son verə bilməyəcək”, – Baş katib belə deyib.

Aprelin 26-da A.Quterreş Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşüb.

Dünən isə Quterreş Kiyevə gedib.

Baş katib deyib ki, müharibə nə qədər tez bitsə, Ukrayna, Rusiya və dünya üçün o qədər yaxşı olar.

Foto: “Anadolu Agency”

BMT-nin hesabatına əsasən, Baş katib mühasirədə olan Mariupol şəhərindən humanitar yardımın göstərilməsi və mülki şəxslərin təxliyəsi üzrə təklifləri müzakirə edib.

Putin BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinə Ukraynanın şəhərdəki son qalası olan Mariupoldakı “Azovstal” zavodundan vətəndaşların təxliyəsinə “prinsipcə” razılaşıb.

A. Quterreş Buça şəhərində baş verən faciənin araşdırılmasında hansı rolu oynamaq niyyətində olduğu sual “müstəqil təhqiqat” çağırışlarını təkrarlayıb.

Kreml Buça küçələrindəki cəsədlərin görüntülərinin “saxta” adlandırıb.

Buça və Borodyanka şəhərlərində kütləvi məzarlıqların sübutları aprelin əvvəlindən Rusiya qoşunlarının Kiyev vilayətindən çıxarılmasından sonra ortaya çıxıb.


Putin: “Müharibəyə kənar müdaxilə olsa, cavabımız ildırım sürətli olacaq”

“Ukraynadakı vəziyyətə hər hansı müdaxilənin cavabı ildırım sürətilə gələcək”.

V.Putin. Foto: Meydan TV

Vladimir Putin dünya ölkələrinin Ukraynaya dəstək verəcəyi halda, Rusiyanın cavabının da gecikməyəcəyilə bağlı xəbərdarlıq edib.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 64-cü günü: yenilənən xəbərlər