Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 63-cü günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Meydan TV

Aleksey Kudrin: “İlyarım-iki ilə çox çətin vəziyyətdə yaşayacağıq”

Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin ölkə iqtisadiyyatının çətin dövr yaşadığını deyib.

Bu barədə A.Kudrin aprelin 27-də Qanunvericilər Şurasında danışıb.

Onun sözlərinə görə, bu il inflyasiya 20,7 faiz, gələn il isə kifayət qədər böyük olacaq.

Aleksey Kudrin. Foto: OrangeGroup/shutterstock

“Bu gün hamımız hiss etməliyik ki, biz indi yeni bir xəttə çatmışıq: ilin sonunda və gələn il, yəni, demək olar ki, ilyarım-iki ilə çox çətin vəziyyətdə yaşayacağıq. Ona görə də öz güclərimizi və resurslarımızı qiymətləndirməyimiz çox vacibdir”, – deyə Kudrin bildirib.

Eyni zamanda, A.Kudrin Rusiya hökumətinin bu il büdcə qaydasından imtina edərək strateji qərar verdiyini xatırladıb:

“Bu, o deməkdir ki, əvvəllər Milli Rifah Fonduna (NWF) daxil olan bütün neft və qaz gəlirləri xərclənəcək. Əgər baza proqnozundan çıxsaq, iqtisadiyyatı dəstəkləmək üçün 6,3 trilyon rubl (təxminən 84 milyard dollar) xərclənəcək”.


Rusiya Dünya Turizm Təşkilatından çıxmaq qərarına gəlib

Rusiya BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) üzvlüyündən çıxmaq qərarına gəlib.

Təşkilat isə bildirib ki, Rusiya tərəfinin bəyanatına baxmayaraq, qərar üzv dövlətlərin səsverməsi ilə verilə bilər.

Aprelin 27-də Madriddə BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) növbədənkənar sessiyası başlayıb.

Sessiyada Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın təşkilata üzvlüyünün dayandırılması məsələsinə də baxılacaq.

BMT-nin Ümumdünya Turizm Təşkilatı. Foto: monticello/shutterstock

Sessiyanın keçirilməsi barədə qərar martın əvvəlində Kolumbiya, Qvatemala, Litva, Polşa, Sloveniya və Ukraynanın Rusiyanın üzvlüyünü dayandırmaq xahişi ilə təşkilata müraciət etdikdən sonra qəbul edilib.

Rusiya hökuməti də öz növbəsində Ukraynadakı vəziyyətin turizmlə bağlı olmadığı üçün növbədənkənar sessiyanın keçirilməsi təklifini rədd etmək xahişi ilə təşkilata məktub göndərib.

Rusiyanın Madriddəki səfiri Yuri Korçagin isə təşkilatın fövqəladə Baş Assambleyasında çıxışı zamanı deyib ki, bir neçə dövlət BMT-nin Ümumdünya Turizm Təşkilatına Rusiyanın üzvlüyünü dayandırmaq üçün təzyiqlər göstərir.

Aprelin ortalarında BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq etmişdi ki, Rusiyanın Ümumdünya Turizm Təşkilatına üzvlüyü dayandırılarsa, zərərli presedent yarada bilər.


Avropa İttifaqı Rusiyanın addımını pislədi

Avropa İttifaqı (Aİ) Rusiyanın Polşa və Bolqarıstana təbii qaz tədarükünü dayandırmasını pisləyib.

O, bu qərarı “ədalətsiz və qəbuledilməz” adlandırıb.

Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Komissiya sədri Rusiyanın qərarını belə qiymətləndirib: “Bu, Mosvanın təbii qazdan şantaj vasitəsi kimi istifadə etmək cəhdindən başqa bir şey deyil”.

Ursula fon der Leyen. Foto: Alexandros Michailidis/shutterstock

Onun fikrincə, mövcud durum Rusiyanın etibarsız təbii qaz tədarükçüsü olduğunu bir daha nümayiş etdirdi: “Biz belə bir ssenariyə hazırıq”.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Brüssel Aİ-nin bütün üzv dövlətləri ilə sıx əlaqə saxlayır, alternativ tədarükləri və mümkün olan ən yaxşı anbar səviyyələrini təmin etməyə çalışır.

“İttifaq ölkələri fövqəladə vəziyyət planları hazırlayıb. Bu təşəbbüslərin bir hissəsi olaraq qaz koordinasiya toplantısı keçirilib”, – deyə fon der Leyen əlavə edib.


“Rusiya ordusu kiçik kəndləri də atəş altında saxlayır”

Aprelin 27-i bütün gecəni Rusiya ordusu Donbası atəşə tutub.
Məlumatı “euronews” yayıb.

Bildirilir ki, Rusiya qoşunları Donetsk və Luqansk vilayətləri üzərində tam nəzarəti bərqərar etməyə çalışır.

Rusiya-Ukrayna savaşı. Foto: LeStudio/shutterstock

Ukrayna hökuməti Rusiya ordusunun hətta kiçik kəndləri atəşə tutduğunu, dəmir yollarını və digər infrastrukturları bombaladığını qeyd edib: “Məqsəd ölkənin şərqinə Qərb silahlarının tədarükünü dayandırmaq və ya heç olmasa, ləngitməkdir”.

Ancaq Rusiya Müdafiə Nazirliyi yalnız hərbi hədəflərə zərbə endirdiklərini bildirir.


“Rusiya Polşa və Bolqarıstana qazı dayandırdı”

“Qazprom” Bolqarıstanın “Bulgargaz” və Polşanın “PGNiG” şirkətlərinə qazın tədarükünü vaxtında rublla ödəmədiyinə görə tamamilə dayandırıb.
Bu barədə “Qazprom”un yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, “Qazprom İxrac” aprelin 27-dən fərmanla müəyyən edilmiş qaydada ödəniş həyata keçirilənədək qaz təchizatının dayandırılması ilə bağlı hər iki şirkəti xəbərdar edib: ““Qazprom Eksport” aprel ayında tədarük üçün ödəniş almayıb”.

“Qazprom” şirkəti. Foto: Maksim Konstantinov/shutterstock

“Qazprom” həmçinin xatırladıb ki, Bolqarıstan və Polşa tranzit ölkələrdir. Ona görə də Rusiya qazının üçüncü ölkələrə tranzit həcmlərindən icazəsiz çıxarıldığı halda, tranzit tədarükü azalacaq.
“PGNiG” qaz təchizatının tam dayandırıldığını təsdiqləyib.

“Bu xəbərlər fonunda Avropada qazın qiyməti 21% bahalaşıb və hazırda 1000 kubmetr üçün 1370 dolları ötüb”, – deyə Rusiya mediası vurğulayıb.

Martın 23-də Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrə qaz ixracı üçün ödənişlərin rubla köçürülməsi barədə göstəriş verib.


Avstriya qaz embarqosuna qoşulmayacaq

Avstriyanın maliyyə naziri Maqnus Brunner Rusiyanın qazından çox asılı olduğunu deyərək ölkəsinin qaza olan embarqonu dəstəkləməyəcəyini bildirib: “Əgər sanksiyalar məqsədindən çox sizə zərbə vurursa, deməli, bunun faydası azdır”.

Daha sonra nazir əlavə edib: “Avstriya sənayesi Rusiya qazından o qədər asılıdır ki, Avstriyanın başqa seçimi yoxdur”.

Rusiya-Avstriya. Foto: YAKOBCHUK V/shutterstock

Bundan əvvəl Avstriya kansleri Karl Nehammer ölkəsinin yalnız bir neçə ildən sonra Rusiya qazından asılılığa son qoya biləcəyini bildirmişdi.

Kansler Rusiya qazının tədarükündən 80 faiz asılı olduğunu dilə gətirmişdi.


Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 63-cü günü: yenilənən xəbərlər