Putin Qərbin telejurnalisti öldürmək istədiyini iddia etdi
“FTX Qərbin Kremlpərəst jurnalisti öldürmək planının qarşısını alıb”.
Rusiya prezidenti Vladimir Putin bu iddia ilə çıxış edib.
Bildirib ki, aprelin 25-də səhər Federal Təhlükəsizlik Xidməti (FTX) bir məşhur rus telejurnalistinə hücum edərək onu öldürməyi planlaşdıran terror qruplaşmasının fəaliyyətini dayandırıb:
“Əlimizdə bununla bağlı təkzibedilməz faktlar var” – deyə, Putin ölkənin yüksək rütbəli prokurorları ilə görüşü zamanı deyib .
Rusiya 40 alman diplomatını “arzuolunmaz şəxs” elan etdi
Rusiya Almaniyanın 40 diplomatını “arzuolunmaz şəxs” elan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Aprelin 25-də Rusiya Xarici İşlər Nazirliyi Almaniya səfiri Heza Andreas fon Hayra bu ölkənin diplomatik qurumlarının 40 əməkdaşının “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı nota təqdim edib.
Ukraynada mədəni abidələr məhv edilib
Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi nəticəsində yüzlərlə mədəniyyət abidəsi dağıdılıb.
Belə ki, fevralın 24-dən aprelin 23-dək 242 mədəniyyət obyekti dağıdılıb və ya qismən ziyan görüb.

Bu barədə Ukraynanın Mədəniyyət Nazirliyi məlumat yayıb.
“Ziyan dəymiş 94 tikili mədəni irs obyektidir, onlardan 16-sı ölkə əhəmiyyətli abidədir”, – deyə qeyd olunub.
Ən çox dini tikililərin zərər çəkdiyi bildirilib: “92 məbəd və kilsə dağıdılıb və zədələnib”.
Blinken: “Ukraynaya əlavə hərbi yardım veriləcək”
Antoni Blinken Ukraynaya səfər zamanı bu ölkəyə əlavə olaraq 700 milyon dollardan artıq birbaşa və dolayısı ilə hərbi yardım edəcəklərini vəd edib.
Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken aprelin 24-də Ukraynaya səfəri zamanı deyib.
Blinken müdafiə naziri Lloyd Ostinlə birgə Ukrayna səfər edib.
Bildirilir ki, vəsaitin yarısı Ukraynaya xərclənəcək, qalan yarısı isə NATO üzvləri və regiondakı digər müttəfiqlər arasında bölünəcək.

Müdafiə naziri Lloyd Ostin deyib ki, Ukraynaya qabaqcıl silahlar da daxil olmaqla əlavə hərbi yardım göstəriləcək.
Eyni zamanda, ABŞ nümayəndələri Kiyevə qayıdacaq.
Həmçinin Vaşinqtonun Kiyevə 165 milyon dollarlıq sursat satacağı da bildirilib.
Dünən Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı rəsmilərlə görüşüb.
“Mr. & Mrs. Smith” filminin rejisoru Ukraynaya gedib
“Mr. & Mrs. Smith” filminin rejissoru, prodüser Daq Layman Ukraynaya gedib.
Səfərin məqsədi hərbi münaqişədən bəhs edən film çəkməkdir.

“Mən adi insanların qeyri-adi həyatından bəhs edən filmlər çəkirəm”, – rejissor deyib.
Rusiya-Ukrayna müharibəsindən amerikalı aktyor Şon Penn və “House of Cards” (“Kartlar Evi”) siyasi triller serialının icraçı prodüseri və ssenari müəllifi Bo Uillimon da film çəkir.
“Rusiya “Azovstal”a kimyəvi silah və raket zərbələri endirməyi planlaşdırır”
Rusiya “Azovstal” zavodundakı mülki əhaliyə və ukraynalı könüllü müdafiəçilərə kimyəvi silah və raket zərbələri endirməyi planlaşdırır.
Məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

“Rusiya zavoddakı ukraynalı könüllü müdafiəçilərə və mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə etmək planlarından əl çəkməyib. Zavodun ərazisində olan insanlara qarşı kimyəvi silah tətbiq oluna bilər”, – deyə nazirlik bildirib.
Qeyd olunur ki, bunun üçün Rusiya rəhbərliyi artilleriya və aviasiya sursatları – kimyəvi döyüş agentləri daşıyıcıları ilə bombardman və raket zərbələri endirməyi planlaşdırır.
“Bryanskda neft bazasında və digər obyektlərdə yanğınlar baş verib”
Aprelin 25-də gecə saat 2 radələrində Rusiyanın Bryansk vilayətində “Transneft-Drujba” SC-nin neft bazası ərazisində və digər obyektlərdə yanğınlar baş verib.
Bu barədə “RİA Novosti” Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Agentlik insan itkisinin olmadığını qeyd edib:
“Yaşayış binalarına heç bir təhlükə olmayıb. Yanğının söndürülməsinə 158 nəfər və 51 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin 110 əməkdaşı, həmçinin 34 texnikası cəlb olunub”.
“Stansiya dağılıb: bir nəfər ölüb, yeddi nəfər yaralanıb”
Aprelin 25-də Rusiya Ukraynanın Kremençuk şəhərindəki istilik elektrik stansiyasına və neft emalı zavoduna raket zərbələri endirib.
Bildirilir ki, zərbələr nəticədə stansiya dağılıb, bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Bu barədə Poltava vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Lunin deyib.

O qeyd edib ki, dünən Poltava vilayətinə ən güclü atəş olub.
Kremençuq İES və neft emalı zavoduna 9 raket düşüb.
“Binalarda ciddi dağıntılar var, lakin bütün yanğınlar lokal xarakter daşıyır. Şəhərin demək olar ki, bütün rayonlarında isti su kəsilib”, – deyə Lunin bildirib.
Bazar günü axşam saatlarında rus qoşunları Kremençuq şəhərini 9 dəfə atəşə tutub.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.