Estoniya rus və belarus sənətçilərə qadağa qoydu
Estoniya hökuməti Ukraynadakı hərbi əməliyyatlara dəstək verən rus və belarus sənətçilərinin ölkəyə girişini qadağan edib.
Bu barədə Estoniyanın Baş naziri Kaya Kallas mətbuat konfransında danışıb.
“İclasda digər məsələlərlə yanaşı, həm də sənətçilərin ölkəyə girişinə qadağa qoyulmasını müzakirə etdik. Müharibəni dəstəkləyənlər Estoniyada xoş qarşılanmır. Hər kəs öz tərəfini seçməlidir”, – Baş nazir deyib.
Kallas deyib ki, qadağa məqsədilə “qara siyahı” tərtib edilməyəcək.
O əlavə edib ki, ölkəyə giriş qadağası Daxili İşlər Nazirliyi, Polis və Sərhəd Mühafizəsi Departamentinin səlahiyyətlərinə daxildir.
“Rusiya ordusu “Azovstal”da böyük itkilər verib”
“Putin rus əsgərlərinə “qayğı” göstərdi ki, orada ölməsinlər. Bu o deməkdir ki, onlar “Azovstal”ı fiziki olaraq ala bilmirlər. Ruslar orada böyük itkilər verdiklərini başa düşüblər”.
Bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Putinin “Azovstal” zavoduna hücumu dayandırmaq əmrini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri metallurgiya zavodunu nəzarətdə saxlamaqda davam edirlər:
“Eyni zamanda, “Azovstal”ı almaqdan imtina rusların əsas siyasi vəzifəni həll etməyə çalışan qüvvələrini gücləndirmək üçündür. Bu əmri onların qoşunlarının bir hissəsini şimala köçürmələri ilə izah etmək olar. Söhbət Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədindən gedir”.
“Amma Rusiyanın mayın 9-nu gözləmədən qələbələrinin vaxtından əvvəl elan etməsi göstərir ki, ruslar müharibənin indiki mərhələsində son aktiv əməliyyatlarının mənasızlığını dərk ediblər”, – bunu da Arestoviç bildirib.
Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir
Böyük Britaniya Rusiyanın daha 26 fiziki və hüquqi şəxsini sanksiyalar siyahısına əlavə edib.
Siyahıya Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerova, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkova, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Nikolay Boqdanski daxil edilib.
Eyni zamanda, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Aleksandr Çupriyayan, Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Valeri Flyustikov, iş adamı German Xan və onun həyat yoldaşı Anjelika Xanın da adları siyahıdadır.
Rusiya Baltik ölkələrinin konsulluqlarını bağlayır
Rusiya Latviya, Estoniya və Litvanın Sankt-Peterburq, həmçinin Pskov şəhərlərindəki konsulluqlarını bağlayır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi aprelin 21-də məlumat yayıb.
Nazirlik qərarını adıçəkilən ölkələrin Ukraynaya yardımıyla izah edib: “Qarşılıqlılıq prinsipi əsasında, həmçinin bu ölkələrin Ukraynaya dəstəyinə görə XİN Latviyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Pskovdakı Konsulluğunun, Estoniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Pskovdakı ofisinin, Litvanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyəti ilə bağlı razılığı geri götürür”.
“Estoniya və Latviya konsulluqların rəhbərləri və digər vəzifəli şəxslər “persona non qrata” elan edilir”, – deyə açıqlamada bildirilir.
İspaniya və Danimarkanın baş nazirləri Kiyevə gəlib
İspaniyanın Baş naziri Pedro Sançes və Danimarkanın Baş naziri Mette Frederiksen aprelin 21-də Kiyevə gəliblər.
Bu barədə Pedro Sançes “Twitter” səhifəsində yazıb.
“Yenicə Kiyevə gəldim. Ukrayna İspaniyanın dəstəyinə, həmrəyliyinə və sədaqətinə malikdir”, – Sançes yazısında bildirib.
Onların səfərini Danimarkanın Baş nazirinin ofisi də təsdiqləyib.
Hər iki ölkə başçısının Ukraynanın Prezidenti ilə görüşəcəyi gözlənilir.
Aprelin ilk on günlüyündə İspaniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar 25 rusiyalı diplomat və səfirlik əməkdaşını ölkədən çıxarıb.
Dünən isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kiyevə gəlmişdi.
Zelenski: “Mariupolun blokadası terror əməliyyatına bənzəyir”
“İndi Ukrayna Silahlı Qüvvələri Mariupolun mühasirəsini hərbi yolla yara bilməz”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransa televiziyasına müsahibəsində deyib.
“Biz bilmirik ki, onlar orada neçə saat və ya bir neçə gün dayanacaqlar. Ordumuza gəlincə, bu gün işğal altında olan 120 kilometrlik əraziyə hərbi hissənin texnikası ilə keçməyə icazə vermirik”.
Prezident hesab edir ki, Rusiyanın Mariupolun blokadası müharibəyə yox, daha çox terror əməliyyatına bənzəyir:
“Çünki şəhərdə ukraynalı müdafiəçilərlə yanaşı, uşaqlar və qocalar da blokadadır. Orada hər şey, bütün binaların 95-98 faizi dağıdılıb. Söhbət məktəblərdən, uşaq bağçalarından, yaşayış massivlərindən, fabriklər və sairdən gedir”.
Rusiya “Azovstal”a hücumu dayandırıb
Aprelin 21-də Rusiya Prezidenti Vladimir Putin Mariupoldakı “Azovstal” sənaye zonasına hücumu dayandırıb.
Bu barədə V.Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə əmr verib.
Rusiya Prezidenti “Azovstal” sənaye zonasına hücumu yersiz adlandırıb və onun dayandırılmasını əmr edib.
Putin “Azovstal”a hücumun ləğvini rus hərbçilərinin həyatını xilas etməklə izah edib.
Amma Rusiya lideri: “Bu sənaye zonasını bağlayın ki, milçək uçmasın”, – deyə əlavə edib.
O, “Azovstal”dakı Ukrayna hərbçiləri təslim olacaqları təqdirdə, həyatlarına təminat veriləcəyini və ləyaqətlə davranılacağını söyləyib.
Aprelin 12-də Rusiya ordusunun Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə edildiyi haqqında məlumat yayılmışdı (https://www.meydan.tv/az/article/azov-taboru-rusiya-mariupolda-kimyevi-silahdan-istifade-edib/).
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.