Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 54-cü günü: yenilənən xəbərlər

Xarkov. Foto: Reuters

Ruslar 20 min insanı filtrasiya düşərgələrində saxlayırlar”

Rusiya işğalçıları Mariupol yaxınlığındakı filtrasiya düşərgələrində azı 20 min ukraynalı saxlayır.

Bunu şəhər merinin müşaviri Petr Andryuşşenko deyib.

“Yenilənmiş məlumatlara görə, bu gün işğalçılar ən azı 20 min insanı Manqu-Nikolskoye-Yalta xəttinin arxasında filtrasiya düşərgələrində saxlayır. İşğalçılar filtrasiya prosesini qəsdən gecikdirmək və yavaşlatmaqla evakuasiya imkanlarının qarşısını alırlar”, – deyə Andryuşşenko yazıb.

Mariupul. Foto: rospoint/shutterstock

Onun sözlərinə görə, kənddəki filtrasiya düşərgəsində 5-7 minə yaxın insan var.


Rusiyada tamaşa və bədii əsərlərə senzura təklif olunur

Rusiya Dövlət Dumasının deputatı, Təhsil komitəsinin üzvü Yana Lantratova Ukraynadakı hərbi əməliyyatlar fonunda təqdim olunan tamaşa və bədii əsərlərin senzuradan keçməsi ilə bağlı təkliflə çıxış edib.

Rusiya Dövlət Duması, Mənbə: Ultraskrip/shutterstock

“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı dövründə tamaşa və bədii əsərlərin təxribat xarakterli məzmunun olub-olmadığını yoxlamaq lazımdır”, – Lantratova deyib.

Deputat Rusiya Mədəniyyət Nazirliyinə ictimai-bədii şura institutunun yaradılmasını tövsiyə edib.


Putin: “Rusiya iqtisadiyyatı sabitləşir”

“Rusiya iqtisadiyyatında vəziyyət sabitləşir, rublun məzənnəsi fevralın əvvəlindəki səviyyələrə qayıdır”.

Bu açıqlamanı Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlər üzrə müşavirədə səsləndirib.

V.Putin pərakəndə satış şəbəkələrində əmtəə ehtiyatları və tələbin səviyyəsinin bərpa olunduğunu bildirib.

V.Putin. Foto: Meydan TV

“Rusiya, artıq dediyim kimi, bu görünməmiş təzyiqə tab gətirdi. Vəziyyət stabilləşir, rublun məzənnəsi fevralın birinci yarısının səviyyəsinə qayıdıb və obyektiv şəkildə möhkəm tədiyyə balansı ilə müəyyən edilir”, – Putin belə deyib.

Prezident əlavə edib ki, nağd xarici valyuta ölkənin bank sisteminə qayıdır, vətəndaşların əmanətlərinin həcmi artır.


Medvedçuk Putin və Zelenskiyə müraciət edib

Ukraynanın aprelin 12-də həbs olunan “Müxalifətçi Platforma – Həyat Uğrunda” Partiyasının lideri Viktor Medvedçuk Rusiya və Ukrayna prezidentlərinə müraciət edib.

V.Medvedçukun video-müraciətini Ukrayna Təhlükəsizlik Xidməti yayıb.

V.Medvedçuk onun hazırda mühasirədə olan Mariupol şəhərinin sakinləri və müdafiəçiləri ilə dəyişdirilməsini xahiş edib.

“Hazırda mariupollular mühasirədədir və təhülkəsiz humanitar dəhliz olmadığından çıxa bilmirlər”, – deyə Medvedçuk bildirib.

Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın hakimiyyəti illərində Prezident Administrasiyasının rəhbəri olan Viktor Medvedçuk Moskvaya yaxınlığıyla tanınırdı.

Foto: screenshot

Onun qızı doğulanda Rusiya Prezidenti Vladimir Putin uşağın “xaç atası” olmuşdu.

Aprelin 13-də Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hakimiyyətinə Viktor Medvedçuku əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif etmişdi.

Ancaq Ukraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko təklifin hələ qəbuledilməz olduğunu bildirmişdi.

O hesab edib ki, qalmaqallı deputat əvvəlcə lazımi sübutları verməli, həmçinin məhkəmə hökmü olmalıdır: “Medvedçuk haqqında danışarkən, əslində 2 şeyi etmək düzgün olardı: ən azı onun müəyyən sübutlar verməsi, çünki əməkdaşlıq edənlərin hərəkəti üçün kimlərə pul verdiyi barədə çox məlumat var. Bundan sonra Medvedçuk Rusiyada saxlanılan ukraynalı məhbuslarla dəyişdirilməlidir”.


Aktyor Pyer Rişar Putinə müraciət edib

Fransız kinoaktyor Pyer Rişar Rusiya Prezidenti Vladimir Putinə videomüraciət edib.

O, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatları pisləyib.

“Rusiya orudusunun Ukraynaya hücumu məni məhv edir. Bu hücumlar kütləvi qətllərə səbəb olub. Qadınların, uşaqların, dinc sakinlərin qətlə yetirilməsi vəhşilikdir”, – aktyor deyib.

Foto: screenshot

O həmçinin qeyd edib ki, hər gün Ukrayanada baş verən hadisələrlərə bağlı xəbərləri izləyir:

“Dağıdılmış şəhərlərin, qətlə yetirilən insanların fotolarıına ürəkağrısı ilə baxıram. Ukrayna xalqının və prezidentinin cəsarətini, müxalif ruhunu, fədakarlığını yüksək qiymətləndirirəm. Onlara heyranam. Mən baş verənlərin tezliklə bitəcəyinə ümid edirəm”.


“Hazırda Kremennayada küçə döyüşləri gedir”

“Aprelin 18-də Rusiya ordusunun Ukraynanın Luqansk vilayətində hücumu başlayıb, hazırda Kremennayada küçə döyüşləri gedir”.

Bu məlumatı Luqansk Regional Hərbi Administrasiyasının mətbuat xidməti “Telegram”da yayıb.

Mətbuat xidməti evakuasiyanın mümkün olmadığını bildirib.

Elə bu gün raket hücumları nəticəsində Lvovda 6 nəfər həlak olub, biri uşaq olmaqla, daha 8 nəfər yaralanıb.

Foto: “www.ukrinform.ru”

Məlumatı Lvov vilayətinin rəhbəri Maksim Kozitski “Telegram” kanalında yayıb.

“Təəssüf ki, ölənlər və yaralananlar var. Bu saata olan məlumata görə, 6 ölü və 8 yaralı var. Qurbanlar arasında bir uşaq da var. Məlumatlar dəqiqləşdirilir”, – deyə Kozitski yazıb.

Qərb Hava Komandanlığı səhər saatlarında Lvova 4 raket zərbəsi endirildiyini qeyd edib: “Zərbələrin üçü hərbi infrastruktur obyektinə dəyib. Zərbə nəticəsində yanğınlar başlayıb”.


Ukraynalılara “Zoom” vasitəsilə evlənməyə icazə verilib

Ukrayna Ədliyyə Nazirliyinin ölkədəki hərbi vəziyyətlə əlaqədar nikahların qeydə alınması qaydasında dəyişiklik etdiyi bildirilir.

Ədliyyə nazirinin müavini Valeriya Kolomiets deyib ki, hazırda hərbi xidmətdə olan vətəndaşlar “Zoom” vasitəsilə evlənə bilərlər.

“Zoom”. Foto: ymphotos/shutterstock

“Bunun üçün hərbçilərin komandirinə müraciət etməkləri kifayətdir. Hazırda insanların gözləmək imkanı yoxdur. Çünki sabah nə baş verəcəyini bilmirik”, – nazir müavini deyib.

Nazirliyin məlumatında bildirilir ki, Ukraynada müharibə başlayandan 22 min cütlük evlənib.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 54-cü günü: yenilənən xəbərlər