Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 52-ci günü: yenilənən xəbərlər

Foto: Reuters

Minə yaxın mülki, 700 hərbçi Rusiyanın əsirliyindədir”

Hazırda yarısı qadın olan minə yaxın ukraynalı mülki şəxs və 700 hərbçi Rusiyanın əsirliyindədir.

Bunu Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiya naziri İrina Vereşçuk informasiya telemarafonunun efirində deyib.

İrina Vereşçuk. Foto: Unian.net

Nazir Cenevrə Konvensiyalarını xatırladaraq bildirib ki, Rusiyadan mülki şəxslərin heç bir şərt olmadan azad edilməsini tələb edirlər.

“Bizdə onların 700-dən çox məhbusu var”, – deyən İrina Vereşçukun sözlərinə görə, aprelin 14-də azad edilən məhbuslarla bağlı Rusiya Cenevrə Konvensiyalarına əməl etməyib.


Zelenski: “Mülki insanlar haqqında danışmaq çox çətindir”

“Rusiyanın işğalı başlayandan 2500-3000 arasında ukraynalı hərbçi həlak olub”.

Bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib.

V.Zelenski. Foto: Meydan TV

V.Zelenski 10 minə yaxın əsgəriin yaralandığını bildirib: “Onlardan neçəsinin sağ qalacağını söyləmək çətindir”.

Prezident mülki əhali arasında itkilərin təxmin etməsinin daha çətin olduğunu deyib: “Mülki insanlar haqqında danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda şəhər və qəsəbələrin blokadaya məruz qaldığı yerlərdə – Xerson, Berdyansk, Mariupol daha şərqdə… Volnovaxada – biz sadəcə olaraq neçə nəfərin öldüyünü bilmirik”.


“Boris Consonun Rusiyaya girişi qadağan edildi”

Rusiya Böyük Britaniyanın baş naziri Boris Consonun ölkəyə girişini qadağan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi aprelin 16-da məlumat yayıb.

Boris Conson. Foto: Michael Tubi/ shutterstock

Nazirlik qadağalar siyahısına Böyük Britaniyanın xarici işlər naziri Elizabet Trussın və müdafiə naziri Ben Uollesin də adını daxil edib: “Eyni zamanda, ədliyyə naziri Dominik Raab, maliyyə naziri Rişi Sunak və daxili işlər naziri Priti Patelin də adları var”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 52-ci günü: yenilənən xəbərlər