Rusiya hərbçiləri mülki sakinlərin olduğu avtobusa atəş açıblar
Rusiya hərbçiləri Xarkov vilayətində evakuasiya edilmiş sakinlərin olduğu avtobusları atəşə tutub.
Nəticədə 7 nəfər ölüb, 27 nəfər yaralanıb.Bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Hadisə ilə bağlı Xarkov Vilayət Prokurorluğu Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə və müharibə qanunlarının pozulması) ilə cinayət işi açıb.
“Kartlar Evi” serialının yaradıcısı Buçaya gedib
“House of Cards” (“Kartlar Evi”) serialının yaradıcısı Bo Uillimon Ukraynaya gedib.
O, Borodyanka və Buçada olub, dinc sakinlərlə görüşüb.
Səfərin məqsədi hərbi münaqişə ilə bağlı sənədli film çəkməkdir.
Rusiya Kiyev yaxınlığındakı zavodu “Kalibr”lə vurub
Aprelin 15-i gecə saatlarında Rusiya “Kalibr” raketləri ilə Kiyevin kənarındakı “Julyanski Vizar” maşınqayırma zavodunu vurub.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, eyni zamanda, uzunmüddətli silahların istehsalı və təmiri sexləri də vurulub.
Nazirliyin rəsmisi İqor Konaşenkovun sözlərinə görə, Kiyevdəki hədəflərə raket zərbələrinin sayı və miqyası millətçi rejiminin Rusiya ərazisində hər hansı terror aktı və ya təxribat törətməsinə cavab olaraq artacaq.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.