Putinə dedim ki, Müharibə bitməlidir, çünki hər iki tərəfdə uduzanlar var
Avstriya Kansleri Karl Nehammer aprelin 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü “söhbət çox sərt və açıq olub” deyə adlandırıb.
Kansler Moskva səfəri barədə “bu dostluq səfəri deyildi” söyləyərək bildirib:
“Mənim Putinə ən mühüm mesajım o idi ki, bu müharibə nəhayət bitməlidir, çünki hər iki tərəfdə uduzanlar var”.
“Prezident Putinə açıq şəkildə bildirdim ki, Ukraynada insanlar öldüyü müddətdə Rusiyaya qarşı sanksiyalar davam edəcək və sərtləşdiriləcək”, – Nehammer belə deyib.
Karl Nehammer Avropa İttifaqı ölkələrindən ilk hökumət başçısıdır ki, müharibə başlayandan sonra Vladimir Putinlə görüşüb.
Bir neçə gün əvvəl K.Nehammer Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.
Narışkin: “Pyotr Ukraynanın vəziyyətini görsəydi, məzarında çevrilərdi”
“Rusiya İmperatoru I Pyotr Ukraynanın son üç onillikdə nə vəziyyətə düşdüyünü görsəydi, indi məzarında çevrilərdi”.
Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin Moskvada “I Pyotr və onun dövrü” tarixi-sənədli sərgisinin açılışında bildirib.
S.Narışkin deyib ki, I Pyotr ən möhtəşəm hərbi qələbələrdən birini I Poltava döyüşündə qazanıb: “Düşünürəm ki, o, şanlı kazakların nəslinin son üç onillikdə bu torpaqları nə hala gətirdiyini görsəydi, məzarında çevrilərdi”.
“Bilin ki, Pyotr Rusiyanın yaşaması üçün öz həyatını qiymətləndirmirdi. Bu şüar bizim hamımıza, nəsillərimizə mənəvi vəsiyyət kimi – Vətənimizi qorumaq, ən yüksək dəyər kimi qəbul edilir”, – deyə Narışkin vurğulayıb.
“Ukrayna silahlı qüvvələrinin 25-ə qədər şəxsi heyəti öldürülüb”
Rusiya silahlı qüvvələri aprelin 10-da Ukraynaya Avropadan gətirilən S-300 zenit-raket komplekslərinin buraxılış qurğularını məhv etdiklərini açıqlayıblar.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov brifinqdə deyib.
O bildirib ki, dörd ədəd S-300 buraxılış qurğusu sıradan çıxarılıb və Ukrayna silahlı qüvvələrinin 25-ə qədər şəxsi heyəti öldürülüb.
“Bundan əlavə, Uspenovka ərazisində S-300 hava hücumundan müdafiə sisteminin işıqlandırılması və yönləndirilməsi üçün radar sıradan çıxarılıb”, – deyə Konaşenkov əlavə edib.
“Mariupolda on minlərlə insanın həlak olub”
Bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreya parlamentində aprelin 11-də çıxışı zamanı səsləndirib.
Zelenskinin sözlərinə görə, ruslar nümayişkaranə şəkildə Mariupol “dağıdılmış şəhərə” çevirmək istəyirlər.
Mariupol şəhər martın 1-dən Rusiya ordusu tərəfindən mühasirəyə alınıb.
Fransanın “Société Générale” Rusiyanı tərk edir
Fransanın “Société Générale” qrupu Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.
Şirkət “Rosbank”dakı payını Vladimir Potaninin “Interros” şirkətinı satdığını bildirib.
“Société Générale” qrupu Fransız maliyyə konqlomeratı BNP Paribas, Crédit Agricole və Groupe BPCE ilə birlikdə dövlət bank bazarının “böyük dördlüyünü” təşkil edir.
2017-ci il üçün Ümumi Cəmiyyət aktivlərinin həcminə görə Fransada üçüncü, dünyada isə 20-ci ən böyük bankdır.
“Société Générale” qrup (Fransada Ticarət və Sənayenin Təşviqi üzrə Ümumi Cəmiyyət) adlı bank 4 may 1864-cü ildə bir qrup sənayeçi və maliyyəçi tərəfindən təsis edilib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.