Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 45-ci günü: yenilənən xəbərlər

Rus ordusu. Foto: Reuters

Rusiya Dumasının spikerindən Avropa ölkələrinə çağırış  

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Avropa İttifaqı ölkələrini qurumun Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Boreli istefaya göndərməyə çağırıb.

Spiker bu açıqlamasını C.Borelin Kiyev səfərində Rusiyaya qarşı çıxışılya əlaqələndirib:

“Onun vəzifəsi problemin diplomatiya yolu ilə həllini axtarmaqdır”.

Vyaçeslav Volodin. Mənbə: Azərtac

V.Volodin əlavə edib ki, ilkin olaraq Vaşinqton və Brüsselin Ukraynaya hansı rolu tapşırdığı hamıya aydın idi:

“Bu gün Qərb açıq şəkildə öz məqsədini bəyan etdi, onlar illərdir Ukraynanı silahla təmin edir və nasist ideologiyasını dəstəkləyirlər”.

Elə bu gün “Google” şirkəti Dövlət Dumasının YouTube-dakı rəsmi kanalını bloklayıb.

Şirkət bu addımı Rusiyaya qarşı sanksiyalara uyğun olaraq atdığını bildirib.

Məlumatı Rusiya mediası yayıb

Kanalın 145 mindən çox abunəçisi olub və videolar ümumilikdə 100 milyondan çox baxış qazanıb.


“Avstriya neytral qala bilməz”

“Avstriya hərbi baxımdan neytral ölkədir, ancaq Rusiyanın törətdiyi hərbi cinayətlərə və ədalətsizliklərə münasibətdə neytral ola bilməz”.

Bunu Avstriyanın federal kansleri Karl Nehammer aprelin 9-da Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.

Foto: Ukrayna Prezident Administrasiyası

O, Vyananın Avropa İttifaqının sanksiyalarını tam dəstəklədiyini bildirib:

“Biz müharibə dayanana qədər Avropa İttifaqı daxilində Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyik. İndi daha bir sanksiya paketi qəbul edilib. Amma bu, sonuncu olmayacaq”.


Boris Conson Kiyevdədir

Aprelin 9-da Böyük Britaniyanın Baş naziri Boris Conson gözlənilmədən Kiyevə gəlib. Baş nazirin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşdüyü bildirilir.

Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

Foto: Andrey Sibiqanın “Facebook” səhifəsindən

A.Sibiqa vurğulayıb ki, Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi, antimüharibə koalisiyasında və Rusiya təcavüzkarına qarşı sanksiyalarda liderdir.

Boris Conson özü də “Twitter”də görüş barədə yazıb.

“Bu gün mən Ukrayna xalqının sarsılmaz dəstəyinin əlaməti olaraq Kiyevdə dostum prezident Zelenski ilə görüşdüm. Biz Ukraynanın Rusiyanın barbar kampaniyasına qarşı mübarizəsinə sadiqliyimizi nümayiş etdirərək yeni maliyyə və hərbi yardım paketini təqdim edirik”.


“Yalnız Putin müharibəni dayandıra bilər, ona görə də onunla danışıqlara ehtiyac var”

Bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

O, bildirib ki, Ukraynanın Vladimir Putinlə danışıqlar masasına oturmaqdan başqa çarəsi yoxdur, çünki müharibəni yalnız o dayandıra bilər:

“Müharibənin nə vaxt bitəcəyinə yalnız Putin qərar verir”.

V.Putin və V.Zelenski. Foto: Meydan TV

Eyni zamanda, o qeyd edib ki, Rusiya hərbçilərinin Ukraynanın şəhər və kəndlərində törətdiyi vəhşiliklərdən sonra “Rusiyaya, rus əsgərlərinə nifrət hiss edir”.

Zelenski Avropa İttifaqının 5-ci sanksiya paketindən şad olduğunu deyib:

“Bəzi ölkələr, o cümlədən Almaniya neft və qaz embarqosunun əleyhinədir. Almaniya bizə silahla dəstək vermədi. Almaniya açıq şəkildə bəyan etdi ki, biz NATO-ya üzv olmayacağıq. Amma düzünü desək, Almaniyanın ritorikası dəyişdi. Almaniya mühafizəkar və soyuqdur, lakin qatar hərəkət etdi. Mən şadam ki, 5-ci paketə kömür və taxta embarqonu daxildir”.


“Kremldə qərar qəbul edənlərə onların qeyri-qanuni aqressiyasının baha başa gəldiyini söyləyin”

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı beşinci sanksiyalar paketini qəbul edib.

Sanksiyalar avqustundan etibarən Rusiya kömürünün alınmasını, idxalını və ya ittifaq ölkələrinə ötürülməsini qadağan edir. Hazırda Aİ-yə kömür idxalı ildə 8 milyard avro həcmində qiymətləndirilir.

Bu barədə ittifaqın mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda, Rusiya gəmilərinin Avropa limanlarına girişinə də qadağa qoyulub. Amma məhdudiyyətlər humanitar yardıma, kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükünə şamil edilmir.

“Aİ ərazisi ilə Rusiya və Belarusdan olan avtomobil nəqliyyatı operatorlarına tranzit (dərman və qida istisna olmaqla) daxil olmaqla yüklərin daşınması qadağandır”, – ittifaqın yaydığı məlumatda belə deyilir.

Aİ “dörd əsas Rusiya bankının” əməliyyatlarına qadağa qoyulduğunu və aktivlərinin dondurulduğunu bildirib:

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

“Sanksiyalar oliqarxları, iş adamlarını, məmurları və “dezinformasiya və informasiya ilə manipulyasiya tərəfdarlarını” da ehtiva edib. Siyahıya 217 nəfər və 18 şirkət əlavə edilib. Bunlar əsasən bunlar “DNR” və “LNR” adlanan qurumların səlahiyyətliləridir”.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel bildirib ki, sanksiyalar Rusiya ordusunun Buça və digər ərazilərdə törətdiyi vəhşiliklər fonunda qəbul edilib:

“Sanksiyaların məqsədi rus qoşunlarının ehtiyatsız, qeyri-insani və aqressiv davranışlarını dayandırmaq və bunu aydınlaşdırmaqdır. Kremldə qərar qəbul edənlərə onların qeyri-qanuni aqressiyasının baha başa gəldiyini söyləyin”.

Bundan başqa, Britaniya Xarici İşlər Nazirliyi Vladimir Putinin, Katerina Tixonovanın və Mariya Vorontsovanın qızları, həmçinin Sergey Lavrovun qızı Yekaterina Vinokurovanı da sanksiyalar siyahısına daxil edib.


Bugünə qədər 176 uşaq ölüb

“Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan 176 uşaq ölüb, 324-dən çoxu isə yaralanıb”.

Bu açıqlamanı Ukraynanın Baş Prokurorluğu “Telegram” kanalında yayıb.

Prokurorluq ümumilikdə 500-dən çox uşağın zərər çəkdiyini qeyd edb.

Ukrayna. Foto: Ruslan Shugushev/shutterstock

Məlumatda Donetsk vilayətində, Kiyevdə, Xarkovda, Çerniqovda, Nikolayevdə, Luqanskda, Zaporojyedə, Xersonda daha çox uşağın zərər çəkdiyini vurğulanıb: “Aprelin 8-də Kramatorsk şəhər vağzalına atılan “Toçka-U” raketi nəticəsində 5 uşaq həlak olub, 16 nəfər isə yaralanıb”.


Almaniya Prezidenti Putinlə Lavrovun mühakiməsini istəyir

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Rusiya Prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovin mühakiməsinə çağırış edib.

Prezident Ukraynanın Buça şəhərindəki hadisələri misal çəkərək baş verənləri “dəhşətli və dözülməz” adlandırıb.

Frank-Valter Ştaynmayer. Foto: Drop of Light/shutterstock

“Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov Haaqadakı beynəlxalq cinayətlər məhkəməsinin qarşısına çıxarılmalıdırlar”, – Ştaynmayer belə deyib.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 45-ci günü: yenilənən xəbərlər