Rusiya 45 polşalı diplomatı ölkədən çıxarır
Rusiya 45 polşalı diplomatı “arzuolunmaz şəxs” elan edib. Moskva bu addımı Rusiya diplomatlarının Polşadan qovulmasına cavab kimi şərh edib.
Rusiya Xarici İşlər Nazirliyinin aprelin 8-də yaydığı bəyanatda bildirilib ki, Polşa səfirliyinin və İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı baş konsulluqlarının 45 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib.
“Onlar aprelin 13-də günün sonuna qədər Rusiyanı tərk etməlidirlər”.
Ölənlərin sayı 50 nəfər çatıb
Kramatorsk dəmiryol vağzalında raket zərbəsindən sonra ölənlərin sayı 5-i uşaq olmaqla 50 nəfərə çatıb.
Bu barədə “Telegram” kanalında Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat paylaşıb.
O, 98 nəfərin xəstəxanalara çatdırıldığını bildirib.
Kramatorsk vağzalında ölənlərin 4-ü uşaqdır
Kramatorsk dəmir yolu vağzalında ölənlərin sayı 39 nəfər çatıb. Onlardan 35-i böyük, 4-ü uşaqdır.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artem Dextyarenko “Facebook” səhifəsində məlumat paylaşıb.
Qeyd olunub ki, vağzala atılan raketin üstündə “Uşaqlar üçün” sözləri diqqət çəkib.
Rusiya Müdafiə Nazirliyi: “Raket hücumu” ilə bağlı bütün bəyanatlar təxribatdır
Rusiya Müdafiə Nazirliyi Kramatorsk dəmir yolu stansiyasına raket hücumu həyata keçirməsi ilə bağlı iddiaları təkzib edib.
Nazirlik bildirib ki, Kiyev millətçi rejiminin nümayəndələrinin Rusiyanın Kramatorsk şəhərindəki dəmiryol vağzalında iddia edilən “raket hücumu” ilə bağlı bütün bəyanatları təxribatdır və tamamilə həqiqətə uyğun deyil”.
27 nəfər həlak olub, 30 nəfər yaralanıb
Bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Telegram” kanalında məlumat paylaşıb. Nazirin müşaviri yaydığı məlumatların ilkin olduğunu qeyd edib.
O, ölənlər və yaralıların Kramatorsk şəhər xəstəxanasına çatdırıldığını qeyd edib. Donetsk Regional Dövlət Administrasiyasının rəhbəri Pavel Kirilenko vağzalın “Toçka-U” taktiki raket kompleksi ilə hücuma məruz qaldığını bildirib.
Aprelin 8-də səhər saatlarında Rusiya ordusunun Ukraynanın Kramatorsk dəmir yolu vağzalının atəşə tutulması nəticəsində onlarla adam həlak olub və yaralanıb.
Bunu “Ukrzaliznitsia” (Ukrayna Dəmir Yolu) ASC-nin idarə heyətinin rəhbəri Aleksandr Kamışin “Telegram” kanalında məlumat paylaşıb.
“Bu, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə hədəflənmiş zərbədir”, – deyə o yazıb.
Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların beşinci raundunu açıqlayıb
Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 8-də Kiyevə gedib.
Onun Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel, Slovakiyanın Baş naziri Eduard Heqer və bir sıra avropalı parlamentarilərlə Ukraynaya getdiyi bildirilir.
Ursula fon der Leyenin Buça qətliamından sonra Ukrayna paytaxtına səfər edən ilk yüksək səviyyəli avropalı siyasətçidir.
Elə dünən Avropa Birliyi ölkələri Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyaların beşinci raundu çərçivəsində kömür embarqosu ilə bağlı razılığa gəliblər.
Qərar Rusiya ordusunun Kiyev vilayətindəki kənd və qəsəbələrdə dinc sakinləri ödürülməsi bağlı iddialar fonunda verilib.
Rusiya aviasiyası Ukraynanın 81 hərbi obyektini vurub
Bunu aprelin 8-də Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
“Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası və raket qoşunları “Osa” hava hücumundan müdafiə sisteminin buraxılış qurğusunu və Ukraynanın üç reaktiv yaylım atəşi sistemlərinin qurğusunu məhv edib. Eyni zamanda, Ukraynaya məxsus iki “Mi-8” və “Mi-24” hərbi helikopterini və beş pilotsuz təyyarəni havada vurub”, – İqor Konaşenkov belə deyib.
Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Krivoy Roq rayonunda olmaqla beş pilotsuz uçuş aparatını – “Bayraktar TB-2”ni vurub.
Ukrayna Rusiyanın ölkədəki əmlakını milliləşdirəcək
Ukrayna hökuməti ölkədəki bütün Rusiya əmlakını milliləşdirməyi planlaşdırır.
Bu barədə Baş nazir Denis Şmıqal yerli telekanallara bildirib.
Onun sözlərinə görə, milliləşdirmə haqqında qanun qəbul edilib: “Biz artıq bu proseslərə başlamışıq. Təbii ki, Rusiyanın bizə vurduğu itkilərin bir qismini kompensasiya etmək üçün bütün Rusiya əmlakını milliləşdirəcəyik”.
Baş nazir əlavə edib ki, Kiyev Rusiyanın dondurulmuş aktivlərindən başqa ölkələrdə də istifadə etməyi gözləyir.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.