Ombudsman: “Rusiya ilə Ukrayna arasında hərbi əsirlər dəyişdirilib”
Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin dəyişdirildiyi bildirilir.

Bu barədə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova aprelin 5-də jurnalistlərə deyib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasında 86-86 nəfərlik formatda mübadilə keçirilib.
“Ermitaj” və “Tretyakov”un üç furqonu Finlandiya sərhədində saxlanılıb
Rusiyanın “Ermitaj” və “Tretyakov” qalereyalarının eksponatları Finlandiya gömrüyündə saxlanılıb.
Rəsmlərin saxlanılması Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar olduğu bildirilib.

Gömrük məntəqəsinin əməkdaşları yükü müsadirə edib.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy rəsm əsərlərinin sərhəddə yaranan problemin Aİ-nin sanksiyaları səbəbindən yarandığını deyib.
Zelenski: “Putinlə görüşə hazıram, amma..”
Ukrayna Prezidenti Volodimir Zelenski Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Ancaq o, görüşün baş tutmayacağını da istisna etməyib.
Bu barədə Ukrayna Zelenski aprelin 5-də jurnalistlərə müsahibəsində deyib.

V.Zelenski bildirib ki, Rusiya işğalçılarının Ukraynadakı hərəkətlərini bağışlamaq mümkün deyil.
O, Ukraynada, xüsusən də, Buçada baş verən cinayətlərə də toxunub.
Prezidentin sözlərinə görə, Ukraynanın danışıqlarda Rusiyadan daha güclü mövqeyə malik olması zəruridir: “Ona görə də biz cəmiyyəti birləşdirməliyik, dövlətimizin güclü silahları olmalıdır”.
Rusiya müharibəyə qarşı çıxan sənətçiləri boykot edir
“Rusiya hökuməti Ukraynadakı xüsusi əməliyyatlara qarşı çıxan mədəniyyət xadimlərinə dəstəkdən imtina etməlidir”.
Krımın rəhbəri Sergey Aksyonov “Telegram” kanalında yazıb.

O, vətəndaşlara çağırış edərək həmin sənətçiləri televiziya və sosial şəbəkələrdə boykot etməyə çağırıb.
Krım rəhbəri həmçinin dövlətin onlara verdiyi bütün titullardan məhrum edilməsini də təklif edib.
İtaliya 30 rus diplomatını ölkədən çıxarır
İtaliya hökuməti 30 rus diplomatının ölkədən çıxardığını açıqlayıb.
Bu barədə aprelin 5-də İtaliya xarici işlər naziri Luici Di Mayo Rai Rusiya səfiri Sergey Razova deyib.

“Rusiya səfiri Sergey Razov bu gün səhər saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb. Ona 30 rus diplomatının ölkədən çıxarılması ilə bağlı qərar verilib. Digər Avropa və Atlantik tərəfdaşlarla razılaşdırılaraq görülən bu tədbirə zərurət yaranıb”, – deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə diplomatların İtaliyadan çıxarılmasına müvafiq cavab veriləcəyini bildirib.
“Airbnb” Rusiya və Belarusda fəaliyyətini dayandırıb
Ev kirayələmə şirkəti olan “Airbnb” Rusiya və Belarusda fəaliyyətini dayandırıb.

Bu barədə açıqlama verən şirkət bildirib ki, bundan sonra qonaqlar və turistlər “aibnb.com” saytı üzərindən
Rusiya və ya Belarusda qalmaq üçün ev rezervasiyası edə bilməyəcəklər.
“Roskomnadzor” “Vikipediya”ya xəbərdarlıq edib
Rusiyanın mediaya nəzarət orqanı “Roskomnadzor” ölkənin Baş Prokurorluğunun sorğusu əsasında “Vikipediya” administrasiyasına xəbərdarlıq edib.
Qurum Ukraynadakı hərbi əməliyyatlarla bağlı yayılan və dəqiq olmadığını iddia edən məlumatları yığışdırmağı tələb edib.

Qurumun açıqlamasında deyilir ki, son vaxtlar internet resursda kütləvi şəkildə Ukraynada keçirilən hərbi əməliyyat və Rusiya silahlı qüvvələrinin hərəkətləri ilə bağlı yalan məlumatlar yerləşdirilir.
“Resursda dərc olunan məqalələrdə anti-Rusiya təbliğatı aparılır”, – açıqlamada bildirilir.
Rusiya qanunvericiliyinə əsasən, “Vikipediya” materialları silməkdən imtina etsə, dörd milyon rubl cərimə oluna bilər.
“7 humanitar dəhlizin açılması nəzərdə tutulub”
Ukrayna Baş nazirinin müavini – işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk aprelin 5-nə nəzərdə tutulan humanitar dəhlizlərin iş planını açıqlayıb.
O bildirib ki, bu günə 7 humanitar dəhliz nəzərdə tutulub.

Zaporojye vilayətinin Tokmak, Luhansk vilayətinin Severodonetsk, Lisiçansk, Popasna və Qornı şəhərlərindən dinc sakinlərin təxliyəsi gözlənilir.
“Berdyanskdan təxliyə üçün Vasilyevka keçid məntəqəsində 15 avtobus gözləyir. Bu avtobus karvanı Zaporojye şəhərindən keçdikdən sonra Berdyanska marşrut üzrə əlavə avtobusların göndərilməsi planlaşdırılır”, – nazir qeyd edib
“Müharibədə 165 uşaq öldürülüb”
“Rusiyanın Ukraynaya qarşı başladığı işğalçılıq savaşında indiyə qədər 165 uşaq ölüb, 266 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Bu məlumatı Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalı yayıb.
Baş Prokurorluq 431-dən çox uşağın zərər çəkdiyini, amma göstərilən rəqəmin yekun olmadığını bildirib.
Danimarka 14 rusiyalı diplomatı casusluğa görə ölkədən çıxarır
Danimarkanın xarici işlər naziri Jeppe Kufud 15 rusiyalı diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Bu barədə “Kommersant.ru” AFP agentliyinə istinadən məlumat yayıb.
Nazir diplomatların casusluqda ittiham olunduğunu deyib.

“Diplomatlar 14 gün ərzində ölkəni tərk etməli olacaqlar. Bu, Danimarka tərəfində atdığımız tarixi bir addımdır. Lakin biz bunu bir çox Avropa ölkələri ilə birlikdə edirik, çünki təhlükəsizliyimizi qorumaq istəyirik”, – deyə Xarici işlər naziri söyləyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova buna cavab olaraq bildirib ki, Danimarkanın xarici qurumlarının əməkdaşlarına qarşı müvafiq tədbirlər görüləcək.
Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri 200-dən çox rusiyalı diplomat ABŞ və Avropa ölkələrindən çıxarılıb.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.