Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 40-cı günü: yenilənən xəbərlər

Buça. Mənbə: Rodrigo Abd / AP / Scanpix / LETA

Almaniya və Fransa rusiyalı diplomatları “arzuolunmaz şəxs” elan edib

Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfirliyinin 40 diplomatını “arzuolunmaz şəxs” elan edib.

Bu barədə Rusiya mediası Almaniya XİN-in mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

“Biz Rusiyaya qarşı mövcud sanksiyaları daha da sərtləşdirəcəyik, Ukrayna ordusuna dəstəyimizi qətiyyətlə artıracağıq və NATO-nun şərq cinahını gücləndirəcəyik”, – deyə nazirliyin bəyanatında bildirilib.

Fransa da 30-a yaxın rus diplomatını “arzuolunmaz şəxs” elan edəcəyini açıqlayıb.

Ukrayna, Almaniya, Fransa və Rusiya. Foto: J_UK/shutterstock

Bu barədə aprelin 4-də Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik “qovulanların Fransanın təhlükəsizlik maraqlarına zidd fəaliyyətlə məşğul olduğunu” iddia edir.

Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin Fransanın bu demarşına cavab verəcəyini açıqlayıb.

Yaxın bir həftədə 21 rusiyalı diplomat Belçikanı, 17 nəfər Hollandiyanı, 4 nəfər isə İrlandiyanı tərk etməlidir. Bundan əvvəl Avropa İttifaqının bir sıra digər dövlətləri, o cümlədən Litva, Latviya, Estoniya, Bolqarıstan, Polşa, Slovakiya və Çexiya da rusiyalı diplomatlardan ölkələrindən getmələrini tələb ediblər.


Zelenski Merkellə Sarkozini Buçaya dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya səfər edib.

Səfər zamanı V.Zelenski Almaniyanın keçmiş kansleri Angela Merkeli və Fransanın sabiq  Prezidenti Nikola Sarkozini Buçaya dəvət edib.

“Mən sizi 14 ildə güzəşt siyasətinin nələrə gətirib çıxardığını görməyə dəvət edirəm”, – o, videomüraciətində bildirib.

Foto: V.Zelenskinin ofisi

V.Zelenski daha sonra deyib:

“Onlar düşünürdülər ki, Ukraynadan imtina etməklə Rusiyanı sakitləşdirib, onu Ukraynaya hörmət etməyə və bizim yanımızda normal yaşamağa inandıra biləcəklər”.


Lavrov Buçadakı vəziyyəti “saxta hücum” adlandırıb

Ukrayna kəşfiyyatı Kiyev vilayətinin Buça şəhərində Ukrayna xalqına qarşı hərbi cinayətlər törətmiş 64-cü motoatıcı briqadanın əsgərlərinin siyahısını əldə edib.

Siyahı ictimaiyyətə açıqlanıb.

Məlumatı Ukrayna Müdafiə Nazirliyi “Facebook” səhifəsində yayıb.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Buça şəhərindəki vəziyyəti “saxta hücum” adlandırıb.

Sergey Lavrov, Alexandros Michailidis/shutterstock

Onun sözlərinə görə, Ukrayna və Qərbin bütün kanalları və sosial şəbəkələri vasitəsilə səhnəciklər hazırlanıb.

Rusiyalı nazir bu açıqlamanı BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitslə görüşdə deyib.

S. Lavrov vurğulayıb ki, Rusiya hərbçiləri martın 30-da şəhəri tamamilə tərk ediblər.

“Martın 31-də şəhərin meri təntənəli şəkildə dedi ki, hər şey yaxşıdır. İki gündən sonra biz bu oyunun küçələrdə necə təşkil edildiyini gördük, indi də anti-Rusiya məqsədləri üçün istifadə etməyə çalışırlar”, – deyə nazir əlavə edib.


Zelenski Bucada baş verənləri “soyqırımı” adlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev şəhəri ətrafında baş verənləri “soyqırımı” adlandırıb.

“İstəyirəm, Rusiya liderləri onların əmrlərinin necə yerinə yetirildiyini görsünlər”,-deyə o bildirib.

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov rus hərbçilərinin Kiyevin Buca şəhərində törətdiklərini Vukovarda dinc xorvat əhalinin qətliamı ilə müqayisə edib.

Foto: AFP

Nazir bu barədə “Facebook” səhifəsində yazıb.
Aleksiy Reznikovin sözlərinə görə, Rusiya ordusunun Kiyev ətrafında məğlubiyyəti Kremlin planlarının pozulduğunun təkzibolunmaz sübutudur.

“Yalnız Buçada ölənlərin sayı Vukovardakından artıqdır. Yuqoslaviya müharibələri zamanı (1991-1995) Serb qoşunları şəhəri işğal edərək dinc Xorvat əhalisini öldürüb. Bucada isə qadınların və kişilərin əlləri bağlı halda başlarının arxasına atəş açmaq tamamilə qeyri-insanilikdir. Bu qətllər müharibənin tərkib hissəsi kimi qəbul edilmir. Hətta onları terror və ya cinayət kimi qələmə vermək çətindir. Tarixdə sonuncu dəfə SS bunu edib”,-deyə Reznikov bildirib.


Antonio Quterreş görüntülərdən şoka düşdüyünü deyir

BMT-nin baş katibi Antonio Quterreş Buçadan olan görüntülərdən şoka düşdüyünü bildirib.

O, müstəqil araşdırmadan sonra təqsirkarların məsuliyyətə cəlb olunmasının vacibliyini bildirib.

Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Cosep Borrell Buçada və Ukraynanın digər işğal olunmuş şəhərlərində törədilənlərin Avropanın görünməmiş vəhşiliklər tarixinə düşəcəyini bildirib.

Buça. Mənbə: Rodrigo Abd / AP / Scanpix / LETA

“Rusiya hakimiyyəti həmin ərazilərə nəzarət etdikləri zaman törədilən bu vəhşi qətllərə görə məsuliyyət daşıyır. Onlar beynəlxalq işğal hüququna görə məsuliyyət daşıyırlar. Müharibə cinayətlərini törədənlər, o cümlədən məsul vəzifəli şəxslər və hərbi rəhbərlər məsuliyyətə cəlb olunacaqlar”, – deyə onun yaydığı sənəddə deyilir.

Komissarın yaydığı bəyanatda qeyd olunub ki, Aİ hazırda Ukraynanın Baş Prokuroruna və bu hərbi cinayətlərə dair sübutların toplanması və qorunmasına diqqət yetirən vətəndaş cəmiyyəti nümayəndələrinə kömək edir:

“Çoxlu sayda mülki əhalinin öldürülməsi və yaralanması, habelə mülki infrastrukturun dağıdılması ilə bağlı dəhşətli sənədli sübutlar Rusiyanın Ukrayna xalqına qarşı apardığı çirkli işğalçılıq müharibəsinin əsl üzünü göstərir. Buça və Ukraynanın digər şəhərlərində törədilən qətliamlar Avropa torpağında törədilən dəhşətli cinayətlər siyahısına daxil ediləcək”.

“Prezident Putin bu müharibəni dərhal və qeyd-şərtsiz dayandırmalıdır”, – deyə Aİ rəsmisi fikrini bitirib.


Rusiya qətlləri Ukraynanın təxribatı sayır

Rusiya Buçadakı vəziyyətə görə bu gün BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib.

Rusiyanın Müdafiə Nazirliyi iddia edir ki, baş verənlər Ukrayna tərəfinin təşkil etdiyi təxribatdır.

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

Niderlandlı parlamentarilər: Putin baş verənlərə görə tez bir zamanda mühakimə olunmalıdır

Niderlandın parlamentinin üzvləri Buçada baş verənlərə görə Rusiyanı günahlandırıblar.

Bu barədə “D66” Partiyasından deputat Yan Paternotte və İşçi Partiyasının deputatları Kati Piri, Lilian Plumen bəyanat yayıblar.

Onlar baş verənləri “müharibə cinayətləri” adlandırıblar.

“Gördüyümüz dəhşəti başqa cür təsvir etmək mümkün deyil. Onlar qadınları zorlayıb, sonra yandırıblar. Putin və ordusu bütün bunlara görə tez bir zamanda mühakimə olunmalıdır”, – deyə “D66” Partiyasından olan deputat Yan Paternotte “Tvitter” hesabında yazıb.

Deputat Kati Piri (PvdA) qeyd edib ki, Buçada baş verən hadisələr Baydenin Putini “qəssab” adlandırarkən dediklərini təsdiqləyib.

“Hərbi cinayətkar Putin. Əlləri bağlı mülki şəxslər güllələndi, qalıqları Buça küçələrində. Qadınlar uşaqlarının gözü qarşısında zorlanıb. Qızlar ailələrinin gözü qarşısında təcavüzə məruz qalıblar. Putin ordusunun vəhşilikləri cəzasız qala bilməz”, – o, “Twitter”də vurğulayıb.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 40-cı günü: yenilənən xəbərlər