“Ölənlərin çoxunun əlləri bağlanıb və işgəncə izləri var”
Rus ordusunun Kiyevin Buça, İrpen və Qostomel vilayətlərində törətdikləri hərbi cinayətdir.
Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç video-müraciətində belə deyib.
Aleksey Arestoviçin sözlərinə görə, rus qoşunlarının bu hərbi cinayətlərinin qurbanları arasında yandırılmağa cəhd edilən zorlanmış qadınlar var:
“Ölənlərin çoxunun əlləri bağlanıb və işgəncə izləri var, əksəriyyəti də başının arxasından güllə yarası alıb. Soyğunçuluq və ya qızıl-zinət əşyalarını, paltaryuyan maşınları ələ keçirməyə cəhd kimi hallarla bağlı hələ heç nə demək olmaz. Bu, şübhəsiz ki, prokurorluq və hüquq-mühafizə orqanları, beynəlxalq cinayət məhkəmələri tərəfindən nəzərə alınacaq”.
Prezident Aparatı rəhbərinin müşaviri bildirib ki, baş verənlər dünyanı dəhşətə gətirməlidir. O, əmin etdi ki, heç bir cinayət cəzasız qalmayacaq.
Rusiyanın rəsmi mənbələri bu barədə hər hansı reaksiya verməyib.
“Odessa şəhəri hava hücumuna hədəf olub”
Rusiya hərbçiləri aprelin 3-də səhər saatlarında Odessaya havadan hücum ediblər.
Bu barədə Odessa Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.
“Odessa havadan hücuma məruz qalıb. Raketlərin bir hissəsi hava hücumundan müdafiə vasitələri ilə vurulub. Bəzi ərazilərdə yanğınlar qeydə alınıb”.
Rusiya Müdafiə Nazirliyi Odessa şəhərini hava hücumundan hədəfə aldığını təsdiqləyib.
Bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Odessa yaxınlığında neft emalı zavodu və üç yanacaq-sürtkü anbarı raketlərlə məhv edilib”,-deyə Konaşenkov bildirib.
Ukrayna ordusu Pripyat şəhərini azad edib
Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının bölmələri Pripyat şəhərinin ərazisini azad edərək Belarusla dövlət sərhədinin bir hissəsini nəzarətə götürüb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.
“Savaş başlayandan Ukraynada 158 uşaq ölüb”
Rusiyanın Ukraynaya qarşı işğalçılıq savaşı başlayandan 158 uşaq ölüb, 258-dən çoxu yaralanıb.
Bu barədə Baş Prokurorluğun “Telegram” kanalı məlumat yayıb.
Baş Prokurorluq məlumatların hələ yekun olmadığını, aktiv döyüş əməliyyatları aparılan yerlərdə işlərin aparıldığını qeyd edib.
Mənbə ən çox zərər çəkmiş uşaqların Kiyevdə, Donetskdə, Xarkovda, Çerniqovda, Nikolaevdə, Luqanskda, Zaporojyedə, Xersonda, Sumi və Jitomirdə olduğunu bildirib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.