Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 35-ci günü: yenilənən xəbərlər

Foto: Meydan TV

4 milyondan çox adam Ukaynanı tərk edib

Fevralın 24-dən sonra Ukraynadan Avropa İttifaqı ölkələrinə gedənlərin sayı 4 milyonu keçib.

Ukraynalı qaçqınlar. Foto: Yanosh Nemesh/shutterstock

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Qaçqınların əksəriyyətinin, 2.3 milyonunun Polşada yerləşdirildiyini qeyd edən komissarlıq onların əsasən qadınlar və uşaqlar olduğunu bildirib.


Almaniya Rusiyanın 96 milyonluq vəsaitinə blok qoyub

Almaniya hökuməti Rusiyaya qarşı tərbiq etdiyi sanksiyalarla bağlı açıqlama yayıb.

Almaniya-Rusiya. Foto: tunasalmon/shutterstock

Açıqlamada bildirilir ki, ümumilikdə Rusiyaya məxsus 96 milyon avroluq vəsaitə blok qoyulub.
Banklar martın 21-dək olan müddətdə Rusiya şirkətlərinə və fiziki şəxslərinə məxsus hesabları dondurub.

Vəsait sahibləri pulları hesablarından çıxara və köçürmə əməliyyatları edə bilməzlər.


Rusiya sanksiyalara qarşı İranla birlikdə addım atacağını deyir

Rusiya İranla birlikdə Qərbin sanksiyalarından yan keçməyə imkan verəcək əməli addımlar atacaq”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Çində iranlı həmkarı Hüseyn Abdulahianla davam edən danışıqların əvvəlində bildirib.

Qərbin sanksiyalarını daxili işlərə qarışmaq kimi dəyərləndirən Rusiya XİN rəhbəri bunu qeyri-qanunu addım saydığını deyib.

Sergey Lavrov
Source: Meydan TV

Beynəlxalq müzakirələrdə bu qəbuledilməz hadisəni pisləməyə çalışacağıq. Eyni zamanda, İranla birlikdə əməli addımlar atacağıq ki, bu, bizim üçün yeni imkanlar yaradacaq”, – Lavrov bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanla qonşu dövlətlərin nazirlər konfransında iştirak etmək üçün Çinə səfərə gedib.


Moskvada Donbas sakinləri üçün konsert veriləcək

Rusiyanın Klin şəhərinə təxliyə edilmiş Donetsk və Luhansk “respublikaları” sakinləri üçün konsert veriləcək.

Konsert aprelin 2-də Çaykovski adına Böyük Simfonik Orkestri tərəfindən keçiriləcək.

Bildirilir ki, tədbirin əsas məqsədi qorxu və qeyri-müəyyənlik dövrünü yaşayan insanlara kömək etməkdir.

Hazırda Klində Donetsk və Luhanskdan 400 nəfər qaçqının olduğu bildirilir.

Moskva, Baturina Yuliya/shutterstock

Konsert Çaykovskinin Dövlət Memorial Musiqi Muzeyi-Qoruğunda təşkil olunacaq.

Ötən həftə Rusiya Müdafiə Nazirliyi Donetsk və Luhansk “respublikaları“ndan Rusiyaya 19,6 mindən çox insanın təxliyəsi barədə məlumat yayıb.

Ümumilikdə hərbi əməliyyat başlayandan Rusiyaya 439 420 nəfərin təxliyə edildiyi bildirilir.


“Britaniya Ukraynaya təhlükəsizlik təminatı verməyə hazırdır”

Böyük Britaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır.

Bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord belə deyib.

Rusiya, Böyük Britaniya və Ukrayna. Foto: OnePixelStudio/shutterstock

Məlumatı “Seqodnya” telegram kanalı yayıb.

“Ukrayna hökuməti istəyərsə, biz bu işdə rol oynamaqdan məmnun olarıq”, – deyə Vudvord söyləyib


“Dağıntılar altından 13 cəsəd çıxarılıb”

Rusiya ordusunun raket hücumu nəticəsində Nikolayev vilayətinin hərbi administrasiyası dağılıb.

Nəticədə 14 nəfər ölüb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb:

“Dağılmış binanın dağıntıları altından 13 nəfərin cəsədi çıxarılıb, daha bir nəfər isə aldığı xəsarətlərdən xəstəxananın reanimasiya şöbəsində ölüb”.

Nikolayev şəhər hərbi administrasiyası. Foto: Yerli administrasiya

Məlumatda 36 nəfərin yaralandığı qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinin yaydığı xəbəri təsdiqləyib.

Eyni zamanda, bildirilib ki, Rusiya aviasiya və raket qüvvələri son sutkada Ukraynanın 64 hərbi obyektini, bir “S-300” hava hücumundan müdafiə sistemini və iki “Buk-M1” hava hücumundan müdafiə sistemini məhv edib.


“3 humanitar dəhliz açılacaq”

Martın 30-da Ukraynada insanların təxliyəsi üçün üç humanitar dəhliz razılaşdırılıb.

Bunu Ukraynanın Baş nazirinin müavini, – müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk keçirdiyi brifinqdə deyib.

İrina Vereşçuk. Foto: Unian.net

“Bu günədək üç humanitar dəhliz razılaşdırılıb: Mariupol sakinlərinin təxliyəsi və Berdyansk şəhərinə humanitar yardımın çatdırılması, humanitar yardımın çatdırılması və Melitopol şəhərindən insanların təxliyəsi, həmçinin Enerqodar şəhərindən Zaporojyeyə öz nəqliyyatı ilə insanlar kolonnasının keçməsi”, – deyəVereşçuk bildirib.

Onun sözlərinə görə, humanitar yardım daşıyan avtobus və yük maşınlarının formalaşmış kolonları artıq Zaporojyeni tərk edib.


“145 uşaq həlak olub, 222 yaralanıb”

Rusiyanın Ukraynaya hücumu nəticəsində 145 uşaq həlak olub, 222 uşaq yaralanıb.

Bu barədə Ukraynanın Baş Prokurorluğu “Telegram”da məlumat yayıb.

Ukrayna. Foto: Odeta Valuziene/shutterstock

Baş Prokurorluq uşaqlardan ən çox Kiyev vilayətində, Xarkovda, Donetskdə, Çerniqovda, Nikolayda, Luqanskda, Zaporojyedə, Xersonda öldüyünü bildirib.

Bombardman və top atəşləri nəticəsində 790 təhsil müəssisəsinə ziyan dəyib: “Onlardan 75-i tamamilə məhv edilib. Ən pis vəziyyət Donetsk, Xarkov, Nikolayev, Sumı, Kiyev, Xerson, Çerniqov vilayətlərində və Kiyevdədir”.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 35-ci günü: yenilənən xəbərlər