“Bayden dedi ki, Ukraynada baş verənlər XXI əsri dəyişdirəcək”
“Co Bayden mənə iki şey dedi, birincisi, Ukraynada baş verənlər XXI əsri dəyişdirəcək. O, bu barədə aydın anlayışa sahibdir – bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi deyil, bu, tiranlığın bütün dünyaya qarşı müharibəsidir. İkincisi, Bayden bildirdi ki, ABŞ bizim qələbəmiz üçün bütün məsələlərdə qətiyyətlə Ukraynanın yanında olacaq, heç bir şey ABŞ-ı Ukraynadan uzaqlaşmağa və dəstəyi zəiflətməyə məcbur edə bilməz, əksinə, dəstək gücləndiriləcək”.
Bu açıqlamanı Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ABŞ Prezidenti C.Baydenlə görüşdən sonra səsləndirib.
Martın 26-da Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba və Müdafiə naziri Oleksiy Reznikov Varşavada amerikalı həmkarları Entoni Blinken və Lloyd Ostin ilə “2+2” formatında danışıqlar aparıblar. Toplantıya ABŞ prezidenti Co Bayden də qatılıb.
D.Kulebanın sözlərinə görə, ABŞ prezidenti onları əmin edib ki, Birləşmiş Ştatlar qələbəyə qədər hər şeydə Ukraynanın yanında olacaq.
“O, bizə iki səbəbə görə qoşuldu – prezident Zelenski ilə dialoqunu inkişaf etdirmək üçün, həm də ona görə ki, o, bizim simamızda Rusiya təcavüzkarına müqavimət göstərən bütün ukraynalılara – mənə və Aleksey Reznikova öz hörmətini və heyranlığını ifadə etmək istəyirdi”, – nazir deyib.
“Ukraynanın silah anbarı məhv edilib”
Rusiya ordusunun Ukraynanın Jitomir vilayətində silah anbarını “Kalibr” qanadlı raketləri ilə məhv etdiyi bildirilir.
Bu barədə martın 26-da Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Martın 25-də gün ərzində “Kalibr” yüksək dəqiqlikli dənizdən buraxılan qanadlı raketlər Jitomir vilayətinin Velikiye Korovintsi kəndi yaxınlığındakı sursat və silah anbarını məhv edib”, – Konaşenkov belə deyib.
“136 uşaq öldürülüb”
“Rusiyanın Ukraynaya silahlı təcavüzü nəticəsində 136 uşaq həlak olub, 200-ə yaxın uşaq yaralanıb”.
Bu açıqlamanı Ukrayna Baş Prokurorluğu yayıb.
Qeyd olunub ki, bombardmanlar və top atəşləri nəticəsində 570 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 73-ü tamamilə dağıdılıb.
Kiyevdə komendant saatı elan olunub
Qarşıdakı iki gündə Kiyev və ətraf rayonlarda komendant saatı davam edəcək.
Bu barədə paytaxtın meri Vitali Kliçko bildirib.
“Komendant saatı bu axşam saat 20:00-dan 28 mart bazar ertəsi səhər 7:00-a qədər davam edəcək. Bu 2 gündə şəhərdə yalnız xüsusi buraxılışlı avtomobillər hərəkət edə bilər. İctimai nəqliyyat, mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri işləməyəcək”, – deyə Kliçko bildirib.
Putin Ukraynada döyüşənlərə veteran statusu verəcək
Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın iştirakçıları döyüş veteranı statusu alacaqlar.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb.
Qanunun Ukraynada xüsusi hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirən hərbçiləri və digər hüquq-mühafizə, təhlükəsizlik orqanlarının əməkdaşlarını əhatə etdiyi bildirilib:
“Onların hamısı göstərilən sosial dəstək tədbirlərini, xüsusən də tibbi yardımı növbəsiz ala, kommunal xərclərin ödənilməsinə görə güzəştlər ala biləcəklər”.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynaya hücum edib.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.