Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 29-cu günü: yenilənən xəbərlər

Ukrayna, Mariupul. Foto: Reuters

“Putin müharibəyə başlamaqla böyük səhv etdi”

“Rusiya prezidenti müstəqil və suveren dövlətə qarşı müharibəyə başlamaqla böyük səhv etdi”.

Bu bəyanatı martın 24-də Brüsseldə NATO-nun fövqəladə sammitində hərbi-siyasi alyansın Baş katibi Yens Stoltenberq səsləndirib.

Onun sözlərinə görə, Putin Ukrayna xalqının gücünü, Ukrayna xalqının cəsarətini lazımi səviyyədə qiymətləndirmədi.

Yens Stoltenberq, Mənbə: NATO

Yens Stoltenberq Şimali Atlantika Alyansının Ukraynaya qoşun yeritməyəcəyini və səmanı bağlamayacağını bir daha vurğulayıb: “Uçuşa qadağa zonası yaratmaq, o deməkdir ki, biz Rusiya, Belarusiya və Ukraynanın hava hücumundan müdafiə sistemlərinə kütləvi hücum etməli, həmçinin rus təyyarələrini vurmağa hazır olmalıyıq. O zaman NATO ölkələri ilə Rusiya arasında genişmiqyaslı müharibə riski çox yüksək olacaq və bu, çoxlu ölüm deməkdir”.

Stoltenberq həmçinin bildirib ki, kimyəvi silahdan istənilən istifadə münaqişənin mahiyyətini əsaslı şəkildə dəyişəcək və dəhşətli nəticələrə gətirib çıxaracaq.


Britaniyadan Rusiyaya növbəti sanksiya

Böyük Britaniya Rusiyaya qarşı növbəti sanksiya siyahısını elan edib.

Siyahıya Rusiya bankları, şirkətləri, müdafiə sektoru müəssisələri, ümumilikdə 59 fiziki və hüquqi şəxsin adı daxil edilib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya, Böyük Britaniya və Ukrayna. Foto: OnePixelStudio/shutterstock

Sberbank”ın rəhbəri German Qref, bankın idarə heyətinin birinci müavini Aleksandr Vedyaxin və keçmiş sədr müavini Lev Xasis, iş adamları Oleq Tinkov və Yevgeni Şvidler də “qara siyahı”ya düşüblər.

“Eyni zamanda, Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun ögey qızı adlandırdığı Polina Kovaleva və Melitopol (Ukrayna) merinin səlahiyyətlərini icra edən Qalina Danilçenko sanksiyalara məruz qalıb. Bu şəxslərin Böyük Britaniyaya girişi qadağan edilib. Əgər aktivləri aşkar edilərsə, dondurulacaq”, – deyə qeyd olunub.


Ukraynada 5 jurnalist həlak olub, 7-si yaralanıb, 1-i itkin düşüb

“Son 1 ayda Ukraynada 5 jurnalist peşə borcunu yerinə yetirərkən həlak olub, 7 jurnalist yaralanıb, bir jurnalist itkin düşüb”.
Bu açıqlama Kütləvi Kommunikasiyalar İnstitutunun monitorinqində öz əksini tapıb
.

İnstitut ötən dövrdə Ukraynada jurnalistlərə və mediaya qarşı 148 cinayətin törədildiyini qeyd edib.

Mənbə: https://imi.org

“Rus işğalçıları mülki obyektlər olan 10 televiziya qülləsini atəşə tutublar ki, bu da Ukraynanın səkkiz regionunda televiziya və radio yayımının tamamilə və ya müvəqqəti yox olmasına səbəb olub. İşləmək, çap və yayım imkanlarının olmaması nəticəsində ən azı 70 regional media orqanı fəaliyyətini dayandırmağa məcbur olub”, – deyə institutun hesabatında deyilir.


Rusiya Müdafiə Nazirliyi: İzyum şəhəri nəzarətə götürülüb

Martın 24-də Rusiya ordusunun Xarkov vilayətinin İzyum şəhərini işğal etdiyi bildirilir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

“Martın 23-də axşam və gecə Ukrayna silahlı qüvvələrinin hərbi obyektləri yüksək dəqiqlikli uzaq mənzilli dəniz və havadan silahlarla hücuma məruz qalıb. Hərbçilər Kiyevin cənubunda yerləşən Danilovka kəndində dörd Buk-M1 və doqquz S-300 də daxil olmaqla 13 hava hücumundan müdafiə sistemlərinin buraxılış qurğusunu, həmçinin birləşmənin qərargahını və buradakı raket və artilleriya silahlarının anbarını məhv edib”, – deyə nazirlik vurğulayıb.


Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın “Orsk” gəmisi məhv edilib

Ukrayna ordusu Berdyansk limanda Rusiyanın “Orsk” böyük desant gəmisinin məhv edildiyi barədə məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyi. Mənbə: Sarakhan Vadym/shutterstock

Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, 113 metr uzunluğunda, 1,5 min ton yük tutumu olan gəmi 55 nəfərlik ekipajdan ibarətdir:

“Gəmi 2 gün öncə limana hərbi texnika gətirmişdi. Rusiyanın 20-yə qədər tankını, 45 zirehli transportyor və 400 desant daşıya bilərdi. Bu, hərbçilərimizin vurduğu böyük hədəfdir”, – deyə Malyar söyləyib.


Zelenski ruslara müraciət etdi

Rusiyanın Ukraynaya işğalçılıq savaşının bir ayının sonunda prezident Volodimir Zelenski rus xalqına müraciət ünvanlayıb.

Zelenski rusları öz övladlarını cəbhəyə göndərməkdən xilas etmək üçün sülh axtarmağa çağırıb.
Ukrayna dövlət başçısı rus xalqına xitabən deyib ki, vergiləriniz müharibənin maliyyələşməsinə yönəlib: “Belə bir vəziyyətdə imkanı olanlar ölkəni tərk etsin”.

V.Zelenski. Foto: Meydan TV

“Ofislərinizdən, evlərinizdən, məktəblərinizdən və universitetlərinizdən çıxın. Sülh adına çıxın, Ukraynaya dəstək olmaq üçün, Ukrayna simvolları ilə gəlin, azadlığı, həyatı dəstəkləyin. Meydanlara və küçələrə çıxın, sizi eşitsinlər”, – Zelenski belə deyib.


BMT TŞ Rusiyanın qətnaməsini qəbul etməyib

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı humanitar qətnamə layihəsini qəbul etməyib.

Sənəddə atəşkəs və əhalinin təxliyəsi çağırışları yer alır.

Рusiyanın BMT-dəki nümayəndəsi Vasiliy Nebenzya. Foto: katz/shutterstock

Təhlükəsizlik Şurasının əksər üzvləri qətnaməni təxribat hesab edib: “Çünki sənəd müharibənin başlamasında Moskvanın rolunu göstərmir”.

Yalnız Rusiya və Çin sənədi dəstəkləyib, qalan ölkələr bitərəf qalıb.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 29-cu günü: yenilənən xəbərlər