Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 27-ci günü: yenilənən xəbərlər

Foto: Reuters

Ukraynanı 3.5 milyondan çox dinc sakin tərk edib

“Fevralın 24-dən indiyədək 3.5 milyondan çox dinc sakin Ukraynanı tərk edib”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Polşadakı nümayəndəsi Paloma Kuçi deyib.

Ukrayna daxilində evlərini tərk etmək məcburiyyətində qalanların sayı isə 6.5 milyondur.

“Polşa artıq 2 milyondan çox insanı qəbul edib. Bu, bütün qaçqınların təxminən 61%-ni təşkil edir. Qaçqınların təxminən üçdə ikisi Polşada, öz evlərinə yaxın qalmaq istəyir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Polşadakı 500 minə yaxın ukraynalı qaçqının psixoloji yardıma ehtiyacı var.

ÜST nümayəndəsi qeyd edib ki, təşkilat Ukraynada vəziyyətin pisləşəcəyi təqdirdə qaçqınların sayının kəskin artmasına cavab vermək imkanlarını nəzərdən keçirir.


Peskov: “Rusların 75%-dən çoxu hərbi əməliyyatları dəstəkləyir”

“Rusların 75%-dən çoxu Ukraynadakı hərbi əməliyyatları və Prezident Vladimir Putinin atdığı addımları dəstəkləyir”.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində belə deyib.

“Kreml rusların böyük əksəriyyətinin Ukraynadakı hərbi əməliyyatı və Vladimir Putinin addımlarını dəstəklədiyini tamamilə təkzibedilməz fakt hesab edir. Bununla razılaşmayanlara hərbi əməliyyatların məqsədi və səbəbləri izah edilir”, – Peskov əlavə edib.


Muratov Nobel medalını ukraynalı qaçqınlara bağışlayır

Rusiyanın müstəqil qəzeti – “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel Sülh Mükafatı medalını hərraca çıxarıb.

O, hərracdan əldə onunan gəliri Ukrayna Qaçqınlar Fonduna bağışlayacaq.

“Ukrayna qaçqınlarının sayı artıq 10 milyondan çoxdur”, – deyə Muratov medalın satılması üçün hərrac evlərindən yardım istəyib.

Baş redaktor həmçinin tərəfləri döyüşləri dayandırmağa, əsirləri dəyişdirməyə, həlak olanların cəsədlərini qaytarmağa, humanitar dəhlizlərin açılmasına, qaçqınlara yardım edilməsinə səsləyib.

Dmitri Muratov Nobel Sülh Mükafatını 2021-ci ildə “ifadə azadlığını qorumaq cəhdlərinə görə” alıb.

“Oriflame” Rusiya bazarından gedir

İsveçin “Oriflame” kosmetika şirkəti Ukraynadakı genişmiqyaslı hərbi müdaxiləyə görə Rusiyadakı biznesini dayandırır.

Bu haqda şirkətin rəsmi səhifəsində məlumat yerləşdirilib.

“Davam edən müharibə fonunda bizim Rusiyada biznesimizi davam etdirməyimiz qeyri-mümkündür”, – şirkətin məlumatında deyilir.



Ukraynada 117 uşaq həlak olub

Rusiyanın fevralın 24-dən Ukraynaya qarşı başladığı hərbi əməliyyatlar nəticəsində indiyə kimi 117 uşaq həlak olub, 115-dən çoxu isə yaralanıb.

Ukrayna Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, Kiyevdə 58, Xarkovda 40, Çerniqovda 31, Donetskdə 30, Nikolayevdə 24, Kiyevdə 16, Jitomir 15, Hersonda 15, Sumidə 14 uşaq müharibədən əziyyət çəkib.

Partlayışlar və top atəşləri nəticəsində 548 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 72-si tamamilə dağıdılıb.

Ən çox zərərçəkənlər Donetsk, Xarkov, Nikolayev, Sumi, Kiyev, Herson, Çerniqov vilayətlərində və Kiyev şəhərində olub.

Bundan əlavə, 40-dan çox uşaq müəssisəsi, o cümlədən tibb müəssisələri, incəsənət məktəbləri, idman obyektləri, kitabxanaların dağıdıldığı bildirilir.


Ukrayna Mariupol sakinlərini təxliyə edir

Ukrayna martın 22-də Mariupol sakinlərinin üç humanitar dəhliz vasitəsilə təxliyəsini həyata keçirəcək.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, dinc sakinlər Zaporojye şəhərinə aparılacaq.

Martın 21-də humanitar dəhlizlər vasitəsilə Ukraynanın təhlükəli rayonlarından ümumilikdə 8057 nəfər təxliyə edilib.

Onların 3007 nəfəri Zaporojyeyə aparıldığı bildirilir.


Ali Rada rusiyalı sənətçiləri fəxri adlardan məhrum etmək istəyir

Ukrayna Ali Radası bəzi rusiyalı sənətçilərə verilən fəxri adların geri alınması tələbi ilə çıxış edib.

Radanın Humanitar və informasiya siyasəti komitəsi Prezident Volodimir Zelenskiyə müraciət ünvanlayıb.

Komitə üzvləri Ukraynanın “Xalq artisti” və “Əməkdar artisti” fəxri adlarına layiq görülmüş sənətçiləri – Nikolay Baskov, Filipp Kirkorov, İqor Krutoy, Ani Lorak, Svetlana Lobodanın həmin tituldan məhrum edilməsini istəyiblər.

Səbəb kimi sənətçilərin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları dəstəkləməsi göstərilib.



Rusiya MN: “Urojaynoye qəsəbəsi ələ keçirilib”

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarla bağlı məlumat yayıb.

Nazirliyin nümayəndəsi, general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Urojaynoye qəsəbəsini ələ keçirib.

General həmçinin bildirib ki, son sutkada Ukraynanın 137 hərbi obyektini məhv edilib.

Onun sözlərinə görə, həmçinin altı komanda məntəqəsi və rabitə mərkəzi dağıdılıb.

“Hazırda Ukrayna Silahlı Qüvvələrinin 128-ci Əlahiddə Dağ Hücum Briqadasının bölmələri ilə vuruşurlar”, – İqor Konaşenkov deyib


Vadim Denisenko: “Putin istəyir ki, Lukaşenko müharibəyə qoşulsun”


“Belarusun Ukraynaya qarşı müharibədə Rusiya tərəfindən döyüşməkdən imtina etdiyini söyləmək hələ ki mümkün deyil”.

Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko belə deyib.

“Belarusun işğalı ehtimalını istisna etmək olmaz. Putin Lukaşenkonun döyüşlərə qoşulması üzərində işləyir. Belaruslar döyüşmək istəmirlər və bu, aydın başa düşüləndir. Lukaşenkonun müharibədən yayınmağa çalışması da bizim üçün müsbət haldır”, – deyə Denisenko bildirib.

Martın 20-də Ukrayna Müdafiə Nazirliyi Belarus qoşunlarının Ukrayna sərhədlərinə yerləşdirilməsi haqda məlumat yayıb.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya hücum edib.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 27-ci günü: yenilənən xəbərlər