Müharibəni pisləyən rus sənətçilərin Ukraynaya girişi sərbəst olacaq
Ukrayna hökuməti hərbi əməliyyata qarşı çıxan rusiyalı sənətçilərin “ağ siyahı”sını yaradacaq.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz “Telegram” kanalında mədəniyyət və informasiya siyasəti nazirinin müavini Taras Şevçenkonun sözlərinə istinadən məlumat verib.
Siyahıda Rusiyanın Ukraynada başlatdığı müharibəyə qarşı çıxan ifaçıların adı yer alacaq.
Bu günlərdə Ukrayna Ali Radası yeni qərar qəbul edib.
Qərara əsasən, Rusiya vətəndaşı olan sənətçilərin Ukraynaya qastrol səfərləri yasaqlanacaq.
Lakin müharibəni pisləyən sənət adamlarının Ukraynaya girişi sərbəst olacaq.
“Ukraynanın 2029-cu ildən əvvəl Avropa İttifaqına qəbul olunması az inanıdırıcıdır”
Ukrayna 2029-cu ildən gec olmayaraq Avropa İttifaqı üzvlüyünə ümid edə bilər.
Bunu Avropa və Avro-Atlantika İnteqrasiyasının Əlaqələndirilməsi üzrə Hökumət İdarəsinin baş direktoru Nataliya Forsyuk deyib.
Onun sözlərinə görə, Ukrayna çoxlu sayda qanun qəbul etməli və həyata keçirməlidir.
“Ukraynanın 2029-cu ildən əvvəl Avropa İttifaqına qəbul olunması az inanıdırıcıdır. Bunun üçün çoxlu qanunlar qəbul edilməlidir”, – Forsyuk bildirib.
O, həmçinin bildirib ki, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar prosedurları gələn ilin əvvəlində başlaya bilər:
“Namizəd statusu qanuni olaraq Avropa perspektivini təmin edir və struktur fondlara çıxışı açır”.
İyunun 23-də Ukrayna və Moldova Avropa İttifaqına üzv olmağa namizəd ölkələr statusunu alıblar.
“Ukraynada 338 uşaq öldürülüb”
Rusiya ordusu müharibə başlayandan Ukraynada 338 uşağı qətlə yetirib.
Bunu Ukrayna Baş Prokurorluğu “Telegram” səhifəsində yayıb.
“Rusiyanın silahlı təcavüzü nəticəsində 4 ay ərzində Ukraynada 948-dən çox uşaq zərər çəkib. Yetkinlik yaşına çatmayan 338 uşaq həlak olub, 610-dan çox uşaq yaralanıb”, -deyə prokurorluq bildirib.
Amma mənbə bunun yekun rəqəm olmadığını əlavə edib.
Ukrayna Baş Prokurorluğu ən çox uşaq itkilərinin Donetsk vilayətində, Xarkovda, Kiyevdə, Çernikovda, Luqanskda, Xersonda qeydə alındığını bildirib.
Zelenski: Başqa variantı yoxdur, Ukrayna gələcəkdə ittifaqın üzvü olacaq
Avropa İttifaqına üzvlüyə namizəd statusu Ukraynanın avrointeqrasiya tarixində yeni bir mərhələdir. Onun tamamlanması üçün yalnız bir variant var – ittifaqa tam üzvlük.
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Smıqalla birgə müraciətində belə deyib.
“Namizəd statusu sadəcə yeni addım deyil. Bu, yeni zirvədir. Nə yeni abzas, nə yeni səhifə, nə də yeni bölmədir. Bu, Ukraynanın Avropaya inteqrasiya tarixində bu gün yazmağa başladığımız yeni cilddir. Bu gün bu kitabın birindən başqa tamamlamaq üçün başqa variantı yoxdur: Ukrayna gələcəkdə ittifaqın üzvü olacaq”, – deyə dövlət başçısı bildirib.
O, namizəd statusunun əksər ölkələrin Aİ-yə üzv olmaq üçün keçdiyi məcburi mərhələ olduğunu vurğulayıb.
“Bu gün etiraf olunur ki, Ukrayna Qərblə Rusiya arasında körpü deyil, yastıq deyil, Avropa ilə Asiya arasında bufer deyil, təsir dairəsi deyil, “boz” zona deyil, tranzit ərazi deyil. Ukrayna ən azı 27 Aİ ölkəsi üçün gələcək bərabərhüquqlu tərəfdaşdır”, – deyə Zelenski vurğulayıb.
İyunun 23-də Avropa İttifaqının dövlət və hökumət başçıları Ukraynaya Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsi barədə qərar qəbul ediblər.
“Avropa liderləri quldurla danışırlar”
Putinin təcavüzü nəticəsində özünün süqutu qaçılmazdır.
Bu bəyanatı “Yukos” şirkətinin sahibi, keçmiş məhbus, hazırda mühacirətdə olan Mixail Xodorkovski “Euronews” kanalına müsahibəsində deyib.
O hesab edir ki, bu gün gördüyü praqmatizm, yəni öz seçki reytinqini gücləndirmək istəyi ilə emosionallıq, qonşu ölkədə baş verənlərə qarşı bir növ paronaya qorxusunun qarışığıdır:
“Putin demokratik transformasiyalardan, müstəqillikdən qorxur. Putin prezidentliyi dövründə 4 dəfə seçki problemlərini müharibənin köməyi ilə həll edib. İlk dəfə 1999-cu ildə çeçen müharibəsi, sonra 2008-ci il Gürcüstana təcavüz, 2014-cü ildə Krımın ilhaqı və indi – 2022-ci ildə Ukraynaya hücum”.
“Avropanın ən böyük dövlətlərinin rəhbərləri hələ də hesab edirlər ki, Putinə güc nümayiş etdirmədən onunla nə isə razılaşmaq olar. Ancaq onunla Putinin nöqteyi-nəzərindən, mövqeyindən zəif olan mövqedən danışmaq olar. Bu da dramatik bir səhvdir. Çünki onlar ölkənin eyni lideri ilə danışmırlar, quldurla danışırlar”, – Mixail Xodorkovski belə deyib.
O, Jozef Borrelin “bu məsələ danışıqlarda həll olunmayacaq” fikrini bölüşdüyünü deyib:
“Bəli, bundan sonra da danışıqlar olacaq və sonda müharibə danışıqlarla bitəcək. Amma ilk növbədə qərar döyüş meydanında olacaq. Bunun alternativi yoxdur”.
Keçmiş məhbusun sözlərinə görə, bu gün NATO Ukraynaya dəstək fürsətini əldən verərsə, bir neçə ildən sonra və ya bəlkə ondan da əvvəl NATO bu müharibədə birbaşa iştirak etməli olacaq.
“Çünki o zaman Rusiya NATO ölkələrindən birinin ərazisində olacaq. Təcavüzkarla hansısa yolla danışıqlar aparmağın mümkün olduğuna inananlar çoxunun səhvlərini təkrarlayırlar. Bu səhvlərin əvəzini on milyonlarla avropalı artıq 70 il əvvəl öz həyatları ilə ödəyiblər”.
ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketi
ABŞ Ukraynaya 450 milyon dollar həcmində hərbi yardımın yeni paketini açıqlayıb.
Bu açıqlamanı Ağ Evdə keçirdiyi brifinqdə Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib.
Paketə silah və avadanlıqlar, o cümlədən yeni “HIMARS” raket sistemləri və on minlərlə əlavə artilleriya sursatları daxildir. Eyni zamanda, sahil və daxili suların mühafizəsi üçün patrul katerləri də veriləcək.
Con Kirbi xatırladıb ki, Rusiya işğalı başlayandan bəri onlar Ukraynaya 6,1 milyard dollar məbləğində təhlükəsizlik yardımı göstəriblər.
Britaniya kəşfiyyatı: Moskvanın kifayət qədər təlim keçmiş kadrları yoxdur
Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya “Vaqner” muzdlu pilotlarından istifadə edir. Çünki Moskvanın kifayət qədər təlim keçmiş kadrları yoxdur və döyüşlərdə ağır itkilər verir.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin iyunun 24-də yaydığı kəşfiyyat icmalında qeyd edilir.
Kəşfiyyat xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri iyunun 17-də vurulan Rusiyaya məxsus Su-25 hücum təyyarəsinin pilotunu əsir götürüb. Məlum oldub ki, pilot “Vaqner” qrupunun muzdlusudur.
Kəşfiyyat hesab edir ki, hazırda “Vaqner” Qrupu ilə müqavilə əsasında təqaüdə çıxmış personaldan istifadə olunur.
“Bu, çox güman ki, Rusiyada lazımi səviyyədə təlim keçmiş kadrların kifayət qədər olmaması və döyüş itkiləri ilə bağlıdır”, – icmalda deyilir.
məntəqəsi sıradan çıxarılıb”.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.