Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 119-cu günü: yenilənən xəbərlər

Foto: Meydan TV

“Putin Ukraynada müharibə aləti kimi ərzaq və humanitar yardımı silahlandırır”

ABŞ-ın Kiyevə planlaşdırdığı 7,5 milyard dollarlıq yardım kifayət etməyəcək.

Bu açıqlamanı iyunun 21-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer səsləndirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti müharibəni aparmaq üçün ayda 5-6 milyard dollar xərcləməyə məcburdur.

Samanta Pauer. Mənbə: “dw.com”

“Xərclər heyrətləndiricidir və hətta ABŞ administrasiyasının Ukraynaya yardım üçün ayırmağa hazırlaşdığı 7,5 milyard dollar belə müharibənin xərclərini ödəməyə kifayət etməyəcək. Ona görə bilirik ki, gələcəkdə birbaşa büdcə dəstəyi tələb olunacaq”, – deyə Pauer bildirib.

USAİD rəhbəri onu da vurğulayıb ki, Putin aclığı silaha çevirir:

“Putin Ukraynada müharibə aləti kimi ərzaq və humanitar yardımı silahlandırır. O, qlobal aclığı silahlandırır və inkişaf etməkdə olan ölkələri onların sanksiyalarının ərzaq problemlərinin səbəbi olduğuna inandırmaq üçün dezinformasiyadan istifadə edir”.


Böyük Britaniya rusiyalı deputatlara viza verməyib

Böyük Britaniya hökuməti ATƏT Parlament Assambleyasının (PA) iyulun 2-dən 6-dək Birmingemdə keçiriləcək illik sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinə viza verməkdən imtina edib.

Bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov məlumat verib.

Onun sözlərinə görə, Britaniya tərəfinin Rusiya parlament nümayəndə heyətinə qarşı bu cür ayrı-seçkilik xarakterli hərəkətləri ATƏT PA-nın 2016-cı il bəyannaməsini birbaşa və kobud şəkildə pozur:

Böyük Britaniya-Rusiya. Mənbə: hxdbzxy/shutterstock

“Bəyannamə ATƏT-ə üzv dövlətlərin parlament assambleyasının istənilən rəsmi iclasda iştirak edən bütün üzvlərinə məcburi çıxışını nəzərdə tutur”.

V.Cabarov bildirib ki, Rusiya nümayəndə heyətinin assambleyanın iclasında iştirakına mane olmaq tədbirin özünün və bütövlükdə bütün təşkilatın etimadını ciddi şəkildə sarsıdır:

“Sessiyanın bütün qərarları, o cümlədən bizim olmadığımız müddətdə qəbul edilmiş yekun bəyannamə bizim tərəfdən tanınmayacaq”.


Nazir Ukraynaya görə partiyasından istefa verib

İtaliyanın xarici işlər naziri Luici Di Maio “5 Ulduz Hərəkatı” partiyasından istefa verib. Səbəb kimi partiyanın Ukraynaya dəstək səylərinə xələl gətirməsini göstərib.

Nazir ötən həftə “5 Ulduz Hərəkatı” partiyasının lideri və keçmiş baş nazir Cüzeppe Konteni hökumətin Ukraynaya dəstək səylərinə zərbə vurmaqda və Romanın Avropa İttifaqındakı mövqeyini zəiflətməkdə ittiham edib.

İtaliyanın xarici işlər naziri Luici Di Maio. Foto: M. Cantile/shutterstock

“Biz mütləq hücuma məruz qalan Ukraynanın, yoxsa təcavüzkar Rusiyanın tərəfində olduğumuzu seçməli idik. Ancaq “5 Ulduz Hərəkatı” partiyasının bəzi liderlərinin mövqeləri ölkəmizi zəiflətmək riskini daşıyırdı”, – deyə Luici Di Maio vurğulayıb.

İtaliya mətbuatının məlumatına görə, 60-dan çox deputat “5 Ulduz Hərəkatı” partiyasını tərk edərək yeni Di Maio qrupuna qoşulub.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 119-cu günü: yenilənən xəbərlər