Litva Kalininqrada tranziti dayandırıb
Litva hökuməti iyunun 18-dən etibarən Avropa sanksiyalarına məruz qalan malların böyük siyahısının dəmir yolları vasitəsilə Kalininqrad vilayətinə tranzitini dayandırıb.
Qubernator Anton Əlixanovun bildirdiyinə görə, Litanın bu qərarı ilə Kalininqrad vilayəti ilə Rusiyanın digər vilayətləri arasında daşınan malların çeşidinin 40-50 faizi qadağanın altına düşür:
“Söhbət həm tikinti, həm də hazır məhsul istehsalı üçün vacib olan metallar və digər məhsullardan gedir”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vilnüsün qərarını görünməmiş və qeyri-qanuni adlandırıb:
“Yaxın bir neçə gündə Rusiya vəziyyətin “dərin təhlili”ni aparacaq və bunun ardınca cavab tədbirləri hazırlayacaq”.
“Ukrayna Avropa Birliyinə üzv olsa, müstəqilliyini itirəcək”
Ukrayna nə Avropa Birliyinə üzvlük, nə də namizəd statusu üçün uyğundur.
Bunu iyunun 20-də Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.
“Ukrayna heç bir halda nə Avropa Birliyinə üzvlük, nə də namizəd statusu üçün uyğundur. Ümumi korrupsiya, tüğyan edən cinayət, oliqarxiya hakimiyyəti və bərbad iqtisadiyyat müasir Ukraynanın xüsusiyyətləridir. Avropa da bunu çox yaxşı başa düşür. Lakin Rusiyanı zəiflətmək istəyi üstünlük təşkil edir”, – Volodin belə qeyd edib.
Spiker iddia edib ki, Vaşinqton və Brüssel hərbi əməliyyatların davam etməsi üçün hər şeyi etməyə hazırdır:
“Bu, Ukraynaya Avropa İttifaqına daxil olmaq üçün namizəd statusunun verilməsi qərarının səbəbidir. Ancaq Ukrayna üçün nəticə kədərli olacaq. Çünki son nəticədə qərar qəbuletmə mərkəzi Brüsselə veriləcək və Ukrayna müstəqilliyini itirəcək”.
Aİ rəsmisi: “Ukrayna taxılının blokadaya alınması “müharibə cinayəti”dir”
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrel Rusiyanın milyonlarla ton Ukrayna taxılının ixracını blokadaya almasını “müharibə cinayəti” adlandırıb.
Bu barədə Cozef Borrel ittifaqın xarici işlər nazirlərinin Lüksemburq görüşündən əvvəl bildirib.
“İnanılmazdır, milyonlarla ton buğdanın Ukraynada blokadada qaldığını və dünyanın qalan hissəsində insanların aclıqdan əziyyət çəkdiyini təsəvvür etmək mümkün deyil. Bu, əsl hərbi cinayətdir və blokadanın daha uzun sürəcəyini təsəvvür edə bilmirəm. Əks halda, buna Rusiyanın cavab verməli olacaq”, – deyə Borrell bildirib.
Amma diplomat ümid edir ki, beynəlxalq ictimaiyyətin təzyiqinə heç kim müqavimət göstərə bilməyəcək:
“BMT sonda Ukrayna taxılının ixracı ilə bağlı razılığa gələcək. Müharibənin nəticələri təkcə Ukrayna üçün deyil, bütün dünya üçün daha təhlükəli olur”, – Borrel bildirib.
“Rusların artilleriya və ağır texnikada üstünlüyü var”
“Ukrayna əsgərlərinin inanılmaz dözümlülüyünə baxmayaraq, müharibənin bitməsi hələ çox uzaqdadır”.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Kanadanın “The Globe and Mail” nəşrinə müsahibəsində bildirib.
“Rusların artilleriya və ağır texnikada üstünlüyü var. Bu, döyüşçülərimizi qorxutmur. Biz öz mövqelərimizi saxlayırıq. Zaman-zaman əks-hücum edirik. Amma müharibə hələ də davam edir və savaşın bitməsi uzaqdadır”, – Danilov belə deyib.
O cəbhədə vəziyyətin “gərgin və ağır” xarakterizə edib.
“Mən rus ordusunun zəifliyinə əmin olanların düşərgəsinə aid deyiləm. Rusiyanın əhəmiyyətli resursları var və onları bura gətiriblər”, – deyə Danilov qeyd edib.
Onun sözlərinə görə, Rusiya hələ də bütün Ukraynanı ələ keçirmək niyyətindədir:
“Əlbəttə ki, onlar bütün ölkəni ələ keçirmək planlarını dəyişməyiblər. Rusiya bu barədə maskasını ataraq bütün ictimaiyyətə danışıb”.
“Belaruslular ordunun Ukraynaya qarşı müharibədə iştirakını dəstəkləmir”
Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir. Çünki Belarusun ərazisindən ilk raketlər buraxılıb və işğalçı qoşunlar içəri daxil olub.
Bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.
Onun sözlərinə görə, belaruslular Belarus ordusunun Ukraynaya qarşı müharibədə iştirakını dəstəkləmir: “Əlbəttə, onlar öz ərazilərini rus qoşunları üçün təmin ediblər. Lakin Belarus ordusunun müharibədə genişmiqyaslı iştirak ehtimalı məhz Belarus xalqının əhval-ruhiyyəsinə görə çox da yüksək deyil”.
O həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun müharibədə iştirakına görə məsuliyyətə cəlb edilməsi perspektivlərini də qiymətləndirib.
“”Bu, çox incə bir vəziyyətdir. Çünki bu gün Belarus hakimiyyəti sanksiyalar paketində ruslarla yanaşı gedirlər. Təbii ki, itkilər və kompensasiya müəyyən edilərkən bunu nəzərə alacağıq və bundan istifadə edəcəyik. Amma Belarus müharibədə fəal iştirak etmir”, – deyə o vurğulayıb.
Belarusun müdafiə nazirinin müavini Andrey Juk əminliklə deyib ki, belaruslar ölkənin müharibədə iştirakına hazırlaşmamalıdırlar:
“Sizi əmin edə bilərəm, bomba sığınacağı axtarmağa ehtiyac yoxdur. Belarus döyüşmək niyyətində deyil, biz dövlətimizi müdafiə etməyə hazırıq, amma heç kimlə döyüşmək fikrində deyilik”.
“Rusiya hərbçiləri artilleriya və hava hücumlarını gücləndirib”
Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Metelkino qəsəbəsinə artıq nəzarət etmir.
Bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday “Facebook” səhifəsində məlumat yayıb.
“Severodonetsk və Lisiçansk ətrafındakı bir çox kəndlərdə döyüşlər gedir. Təəssüflər olsun ki, indi biz vilayət mərkəzinə yaxın olan “Metelkino”ya nəzarət etmirik”, – o deyib.
O, Rusiya hərbçilərinin artilleriya və hava hücumlarını gücləndirdiyini söyləyib:
“Ruslar Severodonetsk sənaye zonasına və şəhərin kənarına güclü zərbələr endirirlər. Eyni vəziyyət Toşkovka və Ustinovka ərazilərindədir”.
Qaydayın sözlərinə görə, işğalçılar “sürünən” taktikalardan istifadə etməkdə və bütün mümkün silahlarla Luqansk vilayətini məhv etməkdə davam edirlər:
“Buna baxmayaraq, mülki əhalinin təxliyəsi davam edir. Lisiçanskdan hərbi idarə işçilərinin, polis əməkdaşlarının, xilasedicilərin və könüllülərin qüvvələri tərəfindən təxliyə aparılır. Aktiv döyüşlərin davam etdiyi yaşayış məntəqələrindən insanlar hərbçilər tərəfindən zirehli texnika ilə çıxarılır”.
Ukraynada Rusiya kitabları və musiqisi qadağan edilib
Ukrayna Ali Radası Rusiya və Belarusdan kitabların ölkəyə idxalı və yayılmasını qadağan edən qərar qəbul edib.
Parlamentin üzvü Yaroslav Jeleznyak bu barədə “Telegram” kanalında yazıb.
Jeleznyakın sözlərinə görə, yeni qanun həm də Rusiya vətəndaşı olan sənətçilərin Ukraynaya qastrol səfərlərini qadağan edir. Lakin müharibəni pisləyən sənət adamlarının Ukraynaya girişi sərbəst olacaq.
Ali Rada Ukrayna mediasında və ictimai yerlərdə Rusiya musiqisinin səsləndirilməsini də qadağan edib.
Rusiya xarici işlər naziri Segey Lavrov isə deyib ki, Ukrayna hökuməti uzun illər rus dilinə qarşı aqressiv siyasət yürüdüb.
O qeyd edib ki, Rusiya Ukraynanı rus dilinə və rus mədəniyyətinə qarşı dost münasibətində görmək istəyir.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.