Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 113-ci günü: yenilənən xəbərlər

Donetski, Mənbə: Reuters

“Biz aydın mesajla gəldik: Ukrayna Avropa ailəsinə aiddir”

“Dörd Avropa dövlətlərinin liderinin Kyevə səfəri və danışıqlarımız bir daha sübut etdi ki, bizim əsas gücümüz və ən təsirli silahımız birləşmədir”.

Bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zeleneski Almaniya, İtaliya, Fransa və Rumıniya liderləri ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Zelenski xatırladıb ki, onlar artıq Kiyev dəmiryol vağzalına gələndə Ukraynanın əksər bölgələrində hava hücumu sirenası səslənib.

“Bu sübut edir ki, Rusiya kimi və nə vaxt təhdid edəcəyini, Avropada kimin təhlükəsizliyini təmin edəcəyini seçmir. Rusiyanın Ukraynaya təcavüzü bütün vahid Avropaya, bizim hər birimizə, ümumi dəyərlərimizə qarşı təcavüzdür”.

Prezident bildirib ki, dövlətlərin liderləri “bir-birini tam başa düşərək” xüsusilə Ukraynanın müdafiəsini gücləndirməkdən danışıblar:

“Mən bu gün razılaşdırılmış müvafiq addımlara görə tərəfdaşlara minnətdaram. Biz Ukraynaya və müharibədən sonrakı bərpaya iqtisadi dəstək üçün yanaşmalarımızın koordinasiyası haqqında danışdıq. Müharibədən sonrakı rekonstruksiya ilə bağlı ümumi imkanlarımızı təhlil etdik”.

Fransa, Almaniya, İtaliya və Rumıniya Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir.

Bunu Fransa Prezidenti Emmanuel Makron mətbuat konfransında deyib.

Foto: Reuters

“Sabah Avropa Komissiyası, gələn həftə isə Avropa Şurası Avropa perspektivi ilə bağlı qərar verəcək. Biz dördümüz də Ukraynaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsinin tərəfdarıyıq”, – deyə Makron söyləyib.

İtaliyanın Baş naziri Mario Draqi əlavə edib ki, Roma Ukraynanın Avropa Birliyində olmasını istəyir.

O, bildirib ki, Aİ sülh istəyir, lakin Kiyev Moskvanın təcavüzünə qarşı özünü müdafiə etməyi bacarmalıdır.

“Biz bu gün Ukraynaya öz gələcəyini bərpa etməyə kömək etmək üçün buradayıq. Biz sülh istəyirik, lakin Ukrayna özünü müdafiə etməlidir və məhz Ukrayna öz xalqı üçün məqbul hesab etdiyi dünyanı seçməlidir. Bu, davamlı sülhə nail olmağın yeganə yoludur”.

Almaniya Kansleri Olaf Şolz Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir, “eyni zamanda, ittifaq yeni hadisələrə hazırlaşmalıdır”,-deyə o, əlavə edib.

Kansler bildirib: “Biz aydın mesajla gəldik: Ukrayna Avropa ailəsinə aiddir”.

O, ukraynalıların vətənləri uğrunda apardıqları mübarizəyə heyran olduğunu bildirib:

“Rusiyanın Ukraynaya hücumu “dövr dəyişikliyi” deməkdir, çünki Moskva Avropadakı sərhədləri zorla köçürməyə çalışır. Bu isə tamamilə qəbuledilməzdir”. Kansler Ukrayna prezidentini Almaniyanın sədrliyi ilə keçirilən G7 sammitinə dəvət edib. Sammit iyunun sonunda baş tutacaq.


“Ukrayna müqavimət göstərməli və qələbə qazanmaq gücündə olmalıdır”

“Ukrayna müharibədə qalib gəlməlidir”.

Bunu Fransa Prezidenti Emmanuel Makron Rusiya ordusu tərəfindən dağıdılan İrpin şəhərini ziyarət etdikdən sonra “Twitter” hesabında yazıb.

Mənbə: Reuters

“İrpen Ukraynadadır. Biz viran edilmiş şəhər və vəhşiliyin izlərini gördük. Həm də Kiyevə yürüş edən rus ordusunu dayandıran ukraynalıların qəhrəmanlığı gördük. Ukrayna müqavimət göstərməli və qələbə qazanmaq gücündə olmalıdır”, – deyə Makron əlavə edib


Kremldən Qərb liderlərinin Kiyev səfərinə reaksiya

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya, İtaliya, Fransa və Rumıniya başçılarının Ukraynaya səfərinə münasibət bildirib.

Peskovun sözlərinə görə, aparıcı Avropa dövlətlərinın başçıları Kiyevdə Ukrayna taxılının ixracını müzakirə edəcəklər.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

“Hələ də Ukraynanın taxılla bağlı mövqeyinin mahiyyətini başa düşə bilmirik. Rusiya bu böhranının nizamlanmasına, Ukrayna limanlarından taxılın daşınmasına yardım etməyə hazırdır. Bizim başqa səylərdən, türkiyəli həmkarlarımızın səylərindən xəbərimiz var. Ancaq hələ də dəqiq bilmirik ki, Ukrayna bunu istəyir, buna hazırdır? Ona görə ki onlar bu məsələ ilə bağlı susurlar. Aydındır ki, Kiyevdə bu mövzuya toxunulacaq”, – Peskov belə deyib.

Kreml sözçüsü ümid edir ki, Kiyevə gələn siyasətçilər yalnız Ukraynanı silahla dəstəkləməyə gəlməyiblər:

“Ukraynanı silahla dəstəkləmək faydasızdır və belə olarsa, Ukrayna xalqının ağr günləri davam edəcək. Ümid edirik ki, onlar Prezident Zelenskini mövcud duruma, həqiqətən, baxmağa təşviq etmək üçün təmaslardan istifadə edəcəklər”.


Kiyevə gələn Avropa liderləri İrpinə gediblər

İyunun 16-da Kiyevə gələn Almaniya, İtaliya və Fransa dövət başçıları Ukraynanın ən çox dağıntıya və insan itkisinə məruz qalan İrpin şəhərinə gediblər.

Bu barədə “France 24” kanalı yayıb.

Mənbə:”france24.com”

Fransa Prezidenti Makron deyib ki, o, Ukraynaya həm indiki, həm də gələcək haqqında danışmaq üçün gəlib:

“Çünki qarşıdakı həftələr çox çətin olacaq”.


Avropa liderləri Kiyevə gəliblər

İyunun 16-da səhər Almaniya, İtaliya və Fransa dövlət başçıları Ukrayna paytaxtına gəliblər.

Almaniya Kansleri Olaf Şolz, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir sıra mühüm məsələləri müzakirə etməyi planlaşdırırlar.

Bu barədə “Ranews.it” məlumat yayıb.

“Onların səfərinin əsas məqsədi Ukraynaya dəstək göstərməkdir. İkinci məqsəd Rusiya Prezidenti Vladimir Putinə siqnaldır. Heç də həmişə milli maraqlar müxtəlif nüanslarla üst-üstə düşməyə bilər. Ancaq Avropa İttifaqının vəhdəti şübhə doğurmur. Üçüncü məqsəd İtaliya, Fransa və Almaniyanın müttəfiqlərinə, ilk növbədə ABŞ-a öz strateji muxtariyyətinə və Avropanı daha da böyük inteqrasiyaya doğru aparmağa hazır olduunu göstərməkdir”, – deyə nəşr bildirib.

Mario Draq, Emmanuel Makron və Olaf Şolz. Mənbə: “Ranews.it”

Mayın 13-də Fransa Prezidenti E.Makron Putinin simasını xilas etmək üçün Ukraynanın müstəqilliyindən güzəştə getməyi təklif etmişdi.

Ardınca V.Zelenski Makrona xəbərdarlıq etdi ki, belə “siyasi rəqslərə” ehtiyac yoxdur:

“Ukrayna öz ərazisi olaraq hazırda su ilə təmin etdiyi Donbas vilayətinin “muxtariyyəti” müzakirə mövzusu belə ola bilməz. Bu, bizim dövlətin ərazisidir və biz onu müdafiə etmək uğrunda mübarizə aparırıq”.


Zelenski ABŞ-dan 1 milyard dollar yardım istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığında ABŞ-ın əlavə 1 milyard dollarlıq yardım paketi verməsinin vacibliyini bildirib.

Bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“ABŞ-ın təhlükəsizlik dəstəyi misilsizdir. Bu, bizi rus təcavüzkarı üzərində ümumi qələbəyə yaxınlaşdırır”, – deyə Zelenski vurğulayıb.

O, Baydenə Ukraynaya beynəlxalq dəstək siyasətini səfərbər etdiyinə görə təşəkkür edib.

Prezidentlər Ukraynaya gələcək iqtisadi və humanitar dəstəyin vacibliyini müzakirə ediblər.

Mənbə: Ukrayna Prezident Ofisi

“Biz həmçinin Ukraynanın ABŞ-dan əhəmiyyətli maliyyə və makroiqtisadi dəstəyini yüksək qiymətləndiririk. Bu, bizə bu müharibədə sağ qalmağa kömək edir”, – deyə Ukrayna dövlət başçısı bildirib.

Ukrayna Prezidenti əhaliyə humanitar yardım üçün 225 milyon dollar ayrılması qərarına görə təşəkkür edib.

İyunun 15-də ABŞ Prezidenti Co Bayden Ukraynaya daha bir milyard dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Yardım paketinə MLRS idarə olunan raketləri, 18 M777 haubitsa və onlar üçün 36 000 mərmi, sahil təhlükəsizliyi üçün iki əlavə Harpoon gəmi əleyhinə sistem, minlərlə qorunan radio və gecə görmə cihazları və digər optik cihazlar daxildir.


Almaniya qaz tədarükünü kəsmək qərarını siyasi motivli sayır

İyunun 15-də Rusiyanın “Qazprom” şirkəti Avstriya, Almaniya və İtaliyanın enerji şirkətlərini qaz tədarükünün azalması ilə bağlı xəbərdar edib.

Ondan bir gün əvvəl “Qazprom” “Şimal axını 1” qaz kəməri ilə qaz axınını planlaşdırılan 167 milyon kubmetrdən 100 milyon kubmetrə qədər azaldacağını bəyan edib.

“Qazprom” şirkəti. Foto: Maksim Konstantinov/shutterstock

Almaniyanın iqtisadiyyat naziri Robert Habek “Qazprom”un Avropa İttifaqına qaz tədarükünü kəsmək qərarını siyasi motivli adlandırıb.

Onun fikrincə, bu yolla Rusiya Avropanın qaz bazarında sabitliyi pozmağa və qiymətləri qaldırmağa çalışır.

İyunun 14-dən iyunun 16-dək Amsterdam birjasında qazın qiyməti meqavatsaat üçün 97 avrodan 130 avroya qalxıb.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 113-ci günü: yenilənən xəbərlər