Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 111-ci günü: yenilənən xəbərlər

Foto: Reuters

Britaniya: “Rusiya Xarkovda cüzi irəliləyiş əldə edib”

“Rusiyanın əsas əməliyyat səyləri Donbasda Severodonetskə qarşı hücumda qalır. Onun qərb qüvvələri, yəqin ki, bir neçə həftə ərzində ilk dəfə olaraq, Xarkov istiqamətində cüzi irəliləyiş əldə edib”.

Bunu Böyük Britaniyanın Müdafiə Nazirliyi yayıb.

Nazirlik kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, Rusiya hərbi texnika istehsalına büdcə xərclərini artırmağı planlaşdırır, lakin bu, ehtiyatların çoxaldılması problemini həll etməyəcək:

Böyük Britaniya
Foto: arxiv

“Eyni zamanda, Rusiyanın hərbi xərclərə ayırdığı maliyyənin artmasına baxmayaraq, Putin ordusu Qərbin sanksiyalarının təsiri və bəzi sahələrdə təcrübənin olmaması səbəbindən texnikanın artırmaqda problemlər yaşayacaq”.

“İyunun 10-da Rusiyanın Hərbi-Sənaye Komissiyası sədrinin birinci müavini Andrey Elçaninov orduya dövlət xərclərinin 600-700 milyard rubl artacağını proqnozlaşdırıb ki, bu da maliyyələşmənin təxminən 20% artması demək ola bilər”, – deyə nazirlik xatırlayıb.


Papa III Dünya müharibəsinin başladığını açıqladı

Roma Papası Fransisk III Dünya müharibəsinin başladığını bəyan edib.Bu barədə İtaliyanın “La Stampa” qəzeti məlumat yayıb.

“Bir neçə il əvvəl ağlıma gəldi ki, biz III Dünya müharibəsini hissə-hissə yaşayırıq. Bu gün isə inanıram ki, III Dünya müharibəsini elan edildi”, – deyə Papa bildirib.

Roma papası Fransisk
Roma Papası. Mənbə: Vatikan

Frensisk həmçinin qeyd edib: “Biz bu müharibənin arxasında baş verən bütün dramın baş verdiyini görmürük. Ola bilsin ki, hansısa şəkildə ya təhrik edilib, ya da qarşısı alınmayıb”.

Papa daha sonra deyib ki, bir əsrdə üç dünya müharibəsindən sağ çıxan bəşəriyyətin başına gələnləri düşünmək lazımdır.

“Bu, fəlakətdir”, – deyə o, əlavə edib.


“Rusiya ordusu Severodonetskə atəşi dayandırmır”

Rusiyanın Severodonetskə hücumu bir neçə gündür ki, davam edir. Rusiya ordusunun çoxmərtəbəli binaları və sənaye obyektlərini dağıtdığı bildirilir.

Bu barədə Luqansk şəhər administrasiyasının rəhbəri Sergey Qayday “Telegram” kanalında məlumat paylaşıb.

Foto: “Telegram”

“Körpü, regional Fövqəladə Hallar Xidmətinin binaları dağıdılıb, yaxınlıqdakı Sinetski və Pavloqrad kəndləri atəşə tutulub. Hər gün ölənlər var. Atəşlərin intensivliyinə görə onların cənazəsini götürmək çətindir. Severodonetsk şəhərinin köhnə rayonlarında çoxlu zədələnmiş hündürmərtəbəli binalar var, onların bəziləri Rusiya ordusu tərəfindən elə güllələnib ki, bünövrəsinə qədər sökülüb”, – Qayday belə yazıb.

O, Rusiya hərbçilərinin Metelkino ərazisindəki hücumunu uğursuz adlandırıb: “Dünəndən ən aktiv döyüşlər Toşkivka – Ustinovka, Orexovo – Zolote, Kamışevaxa – Vrubivka, Vasilyevka – Beloqorovka, Nırkovoe – Nikolaevka ərazilərində də gedir”.


Zelenski: “Almaniyaya silah tədarükü ilə bağlı vədləri yerinə yetirməyib”

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Olaf Şolzun Kiyev və Moskva arasında münasibətlərdə “tarazlığı saxlamaq” cəhdlərini tənqid edib.

Ukrayna lideri bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb.

“O (Şolz) və hökuməti qərar verməlidir: Ukrayna və Rusiya arasında münasibətlərdə balansı saxlamaq cəhdi olmamalıdır”, – Zelenski belə deyib.

Onun sözlərinə görə, Berlin Kiyev və Moskva ilə münasibətləri Almaniyaya mümkün qədər az ziyan vuracaq şəkildə davam etdirməyin zəruriliyini düşünür, amma bu, yanlış anaşmadır.

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

V.Zelenski Almaniyaya Ukraynaya silah tədarükü ilə bağlı vədləri yerinə yetirmədiyini də xatırladıb: “Almaniya silah tədarükünə qonşularımızdan bir qədər gec başlayıb. Bu, faktdır”.

Kanslerin ​​Ukraynaya gözlənilən səfərini şərh edən V.Zelenski deyib ki, bu yalnız fotoşəkillərlə məhdudlaşmamalıdır: “Almaniya hökumətinin başçısı səfər zamanı Ukraynaya dəstəyini artırmalı, Kiyevin Avropa İttifaqında namizəd statusunu elan etməlidir”.

İtaliyanın “La Stampa” qəzeti dünən İtaliyanın Baş naziri Mario Draqinin, Almaniyanın Kansleri Olaf Şolzun və Fransa Prezidenti Emmanuel Makronun iyunun 16-da Ukraynaya səfər edəcəyini yazıb.


Rusiya müharibə dövründə neftdən 93 milyard avro qazanıb

Rusiya müharibənin 100 günündə neft ixracından 93 milyard avro (98 milyard dollar) əldə edib.

Bu barədə Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi (CREA) məlumat yayıb.

Rusiya nefti. Foto: Fly Of Swallow Studio/shutterstock

Mərkəz təchizatların böyük hissəsinin Avropa İttifaqı ölkələrinə getdiyini bildirib:

“Bu, Rusiyanın yanacaq ixracının 61 faizini təşkil edir, təxminən 57 milyard avro (60 milyard dollar). Ən böyük idxalçılar Çin (12,6 milyard avro), Almaniya (12,1 milyard avro), İtaliya (7,8 milyard avro), Hollandiya (7,8 milyard avro), Türkiyə (6,7 milyard avro), Polşa (4,4 milyard avro) olub. ), Fransa 4,3 milyard avro) və Hindistandır (3,4 milyard avro)”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 111-ci günü: yenilənən xəbərlər