Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 107-ci günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Reuters

Luqansk və Donetskdə 3 dinc sakinin öldüyü bildirilir

Rusiya hərbçilərinin son sutkada Luqansk və Donetsk vilayətlərində 23 yaşayış məntəqəsini atəşə tutması nəticəsində 3 dinc sakinin öldüyü deyilir.

Bu barədə Birləşmiş Qüvvələr qrupu “Facebook”da məlumat yayıb.

Donetsk. Foto: Reuters

Qeyd olunub ki, Donetsk və Luqansk vilayətlərinin digər ərazilərində də həlak olanlar və yaralananlar barədə məlumat dəqiqləşdirilir:

“İşğalçılar gün ərzində 62 mülki obyekti dağıdıb və zədələyib. Bunlar 49 yaşayış binası, əlvan metal zavodunun dispanseri, yol-tikinti avadanlıqları zavodu, ferma, maşınqayırma zavodunun istehsal sexi və digər obyektlərdir”.


Kanada Rusiyanın aktivlərini dondurub

Kanada polisi 2022-ci il fevralın 24-dən iyunun 7-dək Rusiyanın 123,031 milyon dollarlıq aktivlərini dondurub.

Bu haqda iyunun 10-da Kanada Kral Atlı Polisi məlumat yayıb.

Polis ümumilikdə 289 milyon dollarlıq əməliyyatların da bloklandığını bildirib.

Mənbə: pryzmat/shutterstock

Ottava fevralın sonundan Rusiyanın neft-qaz və kimya sənayesi, tikinti və müxtəlif nəqliyyat növləri, kompüter, mühasibat, konsaltinq, mühəndislik və digər xidmətlərinə sanksiya tətbiq edib.

Qeyd olunub ki, Kanada vətəndaşlarına və şirkətlərinə Rusiyanın neft, qaz, kimya və dağ-mədən sənayesinin nümayəndələri ilə biznes qurmaq, o cümlədən kömür və metal filizlərinin çıxarılması qadağan edilib.


“Ukrayna hər gün 100-200 əsgər itirir”

Müharibədə hər gün 100-dən 200-ə qədər ukraynalı əsgər ölür.

Bu açıqlamanı Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak BBC-də səsləndirib.

Mixail Podolyak itkilərin çox olmasının əsas səbəblərindən biri kimi Ukrayna və Rusiyanın hərbi potensialı arasında paritetin olmamasını göstərib.

O hesab edir ki, Ukraynaya Rusiyanın atəş gücü ilə paritet əldə etmək və işğal olunmuş əraziləri azad etmək üçün Qərb ölkələrinin təmin edə biləcəyi “yüzlərlə ən güclü artilleriya sistemi” və 300-ə qədər raket sistemi lazımdır.

Mariupol. Foto: Reuters

BBC-nin məlumatına görə, Mixail Podolyakın hər gün 100-200 ukraynalı əsgərin ölümü ilə bağlı məlumatı müharibə başlayandan bəri Ukrayna hakimiyyətinin bildirdiyi gündəlik itkilərin maksimum sayıdır.

İyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski demişdi ki, hər gün döyüş meydanında 60-100 ukraynalı əsgər ölür, 500-ə yaxın adam yaralanır.

İyunun 9-da Ukraynanın müdafiə naziri Oleksiy Reznikov isə Donbasda hər gün 100-ə qədər adamın öldüyü, 500-ə qədərinin yaralandığını söyləmişdi.

Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə itkilərinin sayını martın 25-də açıqlayıb. Nazirlik Rusiya ordusunun 1351 əsgərinin öldüyünü, 3825 yaralının olduğunu açıqlamışdı.


Yaponiyadan Rusiyaya növbəti qadağalar

Yaponiya Rusiyanın sənaye infrastrukturunun gücləndirilməsinə kömək edən yük maşınlarının, özüboşaldan maşınların, lokomotivlərin və digər məhsulların ixracına qadağa qoyacaq.

Hökumətin qərarını iyunun 10-da iqtisadiyyat, ticarət və sənaye naziri Koiçi Haqiuda mətbuat konfransında açıqlayıb.

Məlumata görə, qadağan edilən məhsulların siyahısına bəzi ağac növləri, o cümlədən dekorativ örtük, dəzgahlar üçün komponentlər və ehtiyat hissələri, polad çənlər, buxar, qaz generatorları da daxildir: “Bundan əlavə, siyahıya nasoslar, turbinlər, çoxfunksiyalı printerlər, dəzgahlar, hissəcik sürətləndiriciləri kimi çap avadanlıqları, ölçü və sınaq alətləri, sənaye robotları və sairə də daxil edilib”.

Rusiya-Yaponiya. Foto: motioncenter/shutterstock

Yaponiya Rusiyaya qarşı bir neçə məhdudiyyət paketi qəbul edib. Sanksiya siyahılarına artıq 700-dən çox Rusiya, Belarus vətəndaşları, habelə 200-dən çox şirkət və təşkilatı daxildir. Həmçinin Tokio “Otkritie Bank”, “Novikombank”, “Sovcombank”, “VTB”, “Rossiya Bank”, “Promsvyazbank”, “VEB.RF”, “Sberbank” və “Alfa-Bank”-ın aktivlərini dondurub.

Rusiya isə müvafiq kvotanı ödəmədiyi üçün Yaponiyanı Kuril adalarında balıq tutmaq hüququndan məhrum edəcək.

Bu barədə Rusiya Baş nazirinin müavini Yuri Trutnev iyunun 10-da jurnalistlərə açıqlama verib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Rusiya Yaponiya ilə Kuril adalarının cənub hissəsində dəniz canlılarının ovlanması sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişi Tokio öz maliyyə öhdəliklərini yerinə yetirənə qədər dayandırır.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 107-ci günü: yenilənən xəbərlər