Ukrayna Avropa İttifaqına üzvlükdə israrlıdır
Ukrayna Prezident Volodimir Zelenski Almaniya Kansleri Olaf Şolzla ölkəsinin müdafiə dəstəyinin gücləndirilməsini müzakirə edib.
Məlumatı V.Zelenski “Twitter” səhifəsində yayıb.
“Olaf Şolzla telefon danışığım olub. Biz Ukraynaya müdafiə dəstəyinin gücləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, Rusiyanın hərbi əsirlərlə rəftarla bağlı beynəlxalq standartlara uyğunluğu məsələlərini müzakirə etdik”, – deyə Zelenski bildirib.
Prezident həmçinin Ukraynanın Avropa İttifaqına inteqrasiyası üçün qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb.
Kuleba: “Bu, təkcə hökumətin deyil, vətəndaş cəmiyyətinin də mövqeyidir”
Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsinin heç bir alternativini qəbul etməyəcək.
Bunu iyunun 8-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinqdə deyib.
“Bir daha təsdiq etmək istəyirəm ki, Ukrayna namizəd statusunun heç bir surroqat versiyasını və ya alternativini qəbul etməyəcəyik. Bizə namizəd statusu lazımdır – namizədlər üçün namizəd deyil, potensial namizəd və ya başqa surroqat yox. Biz bu oyunu çoxdan oynayırıq və onun necə işlədiyini bilirik. Üzvlüyə namizədin adi standart statusu ilə kifayətlənəcək sadə, təvazökar insanlarıq, buna görə xüsusi bir şey uydurmağa ehtiyacımız yoxdur”, – deyə Kuleba bildirib.
O, Ukraynanın namizəd statusuna layiq olduğuna və onu əldə etmək üçün kriteriyalara cavab verdiyinə əmin olduğunu bildirib.
Əlavə edib ki, bu, təkcə hökumətin deyil, vətəndaş cəmiyyətinin də mövqeyidir.
Lavrov: “Putinlə Zelenski arasında danışıqlar bərpa edilməlidir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putinlə Volodimir Zelenski arasında danışıqları bərpa etməyin vacibliyini bildirib.
O, bu barədə iyunun 8-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.
Lavrov bildirib ki, Zelenski, sadəcə, görüş xatirinə görüş istəyir:
“Onun həftədə yeddi cümə günü var… Biz ondan çıxış edirik ki, əvvəlcə danışıqlar aparan komandalar işi bərpa etməlidirlər. Top, demək olar, iki aydır ki, ukraynalıların tərəfindədir”.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Putinlə Zelenski arasında görüş təşkil etməyə hazır olduğunu dilə gətirib.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında son danışıqlar martın 29-da İstanbuldakı Dolmabağça sarayında baş tutub.
Dünya Bankı Ukraynaya 1.49 milyard dollar ayıracaq
Dünya Bankı iyunun 7-də Ukraynada hökumət və sosial işçilərin maaşlarını ödəmək üçün 1.49 milyard dollar əlavə maliyyə ayırmaq qərarına gəlib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, indiyə qədər Ukraynaya verilən dəstəyin ümumi məbləği 4 milyard dollardan artıqdır.
Bank bildirib ki, bu vəsaitlər Böyük Britaniyanın, Niderlandın, Litvanın və Latviyanın zəmanətləri ilə ödənilib.
Ukaynada Rusiyaya aid heykəllər sökülür
Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi “de-rusizasiya, dekommunizasiya və müstəmləkəsizləşdirmə” məsələləri ilə məşğul olacaq məsləhət orqanı yaratmaq niyyətindədir.
Bu barədə iyunun 7-də nazirliyin “Facebook” səhifəsində paylaşım edilib.
Yeni Şuranın vəzifələrinə “Ukraynada Rusiya təbliğat hekayələrini birləşdirmək üçün hazırlanmış” sovet keçmişinə aid abidələrin və digər obyektlərin sökülməsi və ya başqa yerə köçürülməsinin müzakirəsi daxildir.
Məlumatda qeyd olunur ki, aprel ayında Kiyevin mərkəzində 1982-ci ildə “yenidən birləşmə”nin simvolu kimi qoyulmuş “Xalqlar Dostluğu Tağı” (indiki “Ukrayna Xalqının Azadlıq Tağı”) heykəli sökülüb.
Bundan başqa, 24 fevraldan sonra Ukraynanın bir neçə yaşayış məntəqəsində Aleksandr Puşkinin, Xarkovda isə Aleksandr Nevskinin abidələri sökülüb.
Nazirlik Lev Tolstoyun “Hərb və sülh” əsərini də məktəb proqramından çıxarmaq istəyini dilə gətirib: “Rusiya ordusunu tərənnüm edən kitablar proqramdan çıxarılacaq.
Merkel Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək istəmir
Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək niyyətində deyil.
Sabiq kansler Ukrayna ətrafındakı vəziyyəti dəhşətli və yanlış adlandırıb.
Merkel deyib ki, o, Almaniya hökumətinin ondan tələb etmədiyi işləri görməyə hazır deyil:
“Mən Rusiya Prezidenti Vladimir Putinlə əlaqəyə girməyi planlaşdırmıram, belə danışıqlar faydalı olmayacaq”.
Merkel vurğulayıb ki, 2008-ci ildə Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmayıb.
Onun sözlərinə görə, son 7 il Ukraynanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edib, lakin indi vəziyyət dəhşətlidir.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.