Rusiya-Ukrayna müharibəsinin 104-cü günü: yenilənən xəbərlər

Mənbə: Reuters

Zelenski: “Ukrayna üçün bütün ərazilərin qaytarılması və suverenliyin qorunub saxlanması böyük qələbə olacaq”

“Ukrayna Rusiya ilə müharibədə iki qələbə qazanmalıdır. Son nəticə ukraynalıların azadlığı və müstəqilliyi olmalıdır”.

Bunu “The Financial Times” qəzetinə müsahibəsində prezident Volodimir Zelenski deyib.

O qeyd edib ki, Ukrayna üçün bütün ərazilərin qaytarılması və suverenliyin qorunub saxlanması böyük qələbə olacaq.

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

“Bu, bizim gələcək nəsillərə ötürməli olduğumuz şeydir və səbirli xalqın böyük qələbəsi olacaq”, – Zelenski belə deyib.

Onun sözlərinə görə, hazırda bəzi ərazilərdə işğalın aradan qaldırılması anı bir qədər səngiyib və əksinə, Rusiyadan hücumla bağlı təhdidlər var.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna ərazilərinin tərəqqisi və işğaldan azad edilməsi güclü silahlardan, Qərbin siyasi dəstəyindən və güclü sanksiyalar siyasətindən asılıdır:

“Ona görə də çıxılmaz vəziyyət bizim seçimimiz deyil”.


Rusiya yazıçını axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi yazıçı Dmitri Qluxovski haqda axtarış elan edib.

Səbəb kimi yazıçının Rusiya Silahlı Qüvvələrini nüfuzdan salması göstərilib.

Bildirilib ki, Moskva məhkəməsi Dmitri Qluxovski barədə qiyabi həbs qərarı çıxarıb.

Mənbə: “litres.ru”

D.Qluxovski “Metro 2033”, “Mətn” və digər romanların müəllifidir.

Onun Rusiya, İsrail vətəndaşlığı, Almaniya və İspaniyada yaşamaq icazəsi var.


Şoyqu əsir düşən ukraynalı hərbçilərin sayını açıqladı

Əsir düşən ukraynalı hərbçilərin ümumi sayı 6489 nəfərə çatıb.

Bunu iyunun 7-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Sergey Şoyqu, Foto: Trend.az

Müharibənin aralıq nəticələri barədə danışan Şoyqu bildirib ki, beş gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 126 hərbçisi təslim olub, onların ümumi sayı 6489 nəfərdir.


Podolyak: “Elə edəcəyik ki, ehtiyatları tükənsin”

Ukrayna Prezident Ofisinin sözçüsü Mixaylo Podolyak ukraynalılara müraciət edərək cəbhədəki hadisələri şərh edib.

O, ələ keçirilən hər bir yaşayış məntəqəsinin yenidən Ukraynaya məxsus olacağına inandırıb.

Xüsusilə, Podolyak ukraynalıları bəzi yaşayış məntəqəsinin ruslar tərəfindən tutulması xəbərindən qorxmamağa çağırıb.

Onun sözlərinə görə, döyüş əməliyyatları zamanı bunun qarşısını almaq mümkün deyil, taktiki manevrlər davam edir.

Mixail Podolyak. Foto: https://www.perild.com/

“Təbii ki, müharibə çox intensiv gedir. Amma elə etməliyik ki, müvəqqəti olaraq verdiyimiz, sonra da geri aldığımız hər bir kənd öz əlimizdən qalsın. Ruslara hər hansı kənd böyük qanla verildi ki, onlar çox şey itirsinlər. Biz onları elə vəziyyətə salmalıyıq ki, ehtiyatları və resursları tükənsin”, – Podolyak belə deyib.

O, bütün işğal olunmuş ərazilərin Ukraynanın nəzarəti altına qayıdacağına əmin edib: “Lakin bunun üçün müəyyən vaxt və vəsait tələb olunur”.

“Hazırda cəbhədə peşəkarlar işləyir. Biz isə silah və Rusiyanı bitirməli olan sanksiyaları gözləyirik. Bundan sonra mütləq hər şeyi geri qaytaracağıq. Artıq 2015-ci ildə etdiyimiz yolu bitirə bilmərik. Fərqli şəkildə bitirəcəyik”, – deyə o fikrini bildirib.


Rusiya Donetskə 21 zərbə endirib

Rusiya ordusu Donetsk vilayətinə gün ərzində 21 zərbə endirib.

Ölənlər arasında arasında uşaqların olduğu deyilir.

Bu barədə yerli polis “Telegram” kanalında məlumat yayıb.

Foto: “Telegram”

“İşğalçılar 15 yaşayış məntəqəsini atəşə tutublar. Ölənlər və yaralananlar arasında uşaqlar, mülki şəxslər var”, – deyə polis yazıb.

Qeyd olunub ki, Rusiya ordusu reaktiv yaylım atəşi sistemlərindən, artilleriya qurğularından, “Qrad”, “Smerç” və “Uraqan” reaktiv sistemlərindən atəş açıb.


Jurnalist Rusiya Ədliyyə Nazirliyini məhkəməyə verdi

Jurnalist Yuri Dud xarici agent kimi ittiham olunarkən ona lazımi şəkildə məlumat verilmədiyi üçün Rusiyanın Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

Bu barədə Y.Dudun iddia ərizəsini qəbul edən məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Y.Dud. Mənbə:”bfm.ru”

Yuri Dudun iddia ərizəsi üzrə ilkin baxış iclasının iyunun 16-na təyin edildiyi qeyd olunub.

Aprelin 15-də Rusiyanın Ədliyyə Nazirliyi jurnalist Yuri Dudya, politoloq Yekaterina Şulmana və karikaturaçı Sergey Elkini media-xarici agentlərin reyestrinə daxil edib.


Domenik Meyer: “Müharibəyə görə rus sənətçilər məxsuliyyət daşımır”

İtaliyanın “La Skala” Opera və Balet Teatrının rəhbərliyi rus mədəniyyətinin ləğv edilməsinə qarşı çıxıb.
Teatrın direktoru Domenik Meyer keçirdiyi mətbuat konfransında bu haqda danışıb.

Ukraynadakı hərbi əməliyyatlara görə rus sənətçilərinin məsuliyyət daşımadığını deyib.

“Mən cadugər ovuna çıxmamışam və rus mədəniyyətinin ləğvinə qarşıyam. Aleksandr Puşkinin əsərlərini də xəlvətdə oxumuram. Axı biz kimik ki, kimisə mühakimə edək?! Teatrımız Ukraynadakı hərbi əməliyyatlara görə rusiyalı müğənnilərdən, xüsusən də Anna Netrebkodan imtina etmək niyyətində deyil”, – teatrın direktoru bildirib.

Domenik Meyer. Mənbə: “ansa.it”

“La Skala” Opera və Balet Teatrı yeni mövsümü rus bəstəkarı Modest Musorqskinin “Boris Qodunov” operası ilə açacaq.

Premyerası dekabrın 7-də keçiriləcək tamaşada əsas partiyanı rus opera müğənnisi İldar Abdrazakov ifa edəcək.

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra “La Skala” opera teatrı Rusiya Xalq artisti, dirijor Valeri Gergiyevi səhnədən uzaqlaşdırıb.


Rusiya generalın ölümünü təsdiqlədi

“Donetsk Xalq Respublikası”nın (DXR) rəhbəri Denis Puşilin Rusiya Silahlı Qüvvələrinin generalı Roman Kutuzovun Donbassda həlak olduğunu təsdiqləyib.

Bu barədə Denis Puşilin “Telegram” kanalında məlumat paylaşıb.

Rusiya 29-cu ümumqoşun ordusunun qərargah rəisi, general-mayor Roman Kutuzov iyunun 5-də Luqansk ərazisində Ukrayna ordusunun bombardmanı nəticəsində ölüb.

R.Kutuzov. Mənbə: “Telegram”

General R.Kutuzov 2019-cu ildə Rusiya Müdafiə Nazirliyinin saytında 29-cu Əlahiddə Ümumqoşun Ordusunun, 2017-ci ildə isə 5-ci ordunun müvəqqəti komandiri kimi qeyd edilib.

Müharibə başlayandan Rusiyanın rəsmi orqanları 4 generalının, Ukrayna isə 7 generalın öldürüldüyü haqda məlumat yayıb.


Yaponiya Rusiyanın daha iki bankına sanksiya tətbiq edir

Yaponiya Rusiyanın iki bankına – “Rosselxozbank” və “Moskva Kredit Bankı”na, həmçinin Belarus İnkişaf Bankına qarşı sanksiyalar tətbiq edir.

Rusiya mediası Yaponiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən bu barədə məlumat yayıb.

Bildirilib ki, kredit təşkilatlarının aktivlərinin Yaponiyada mövcud olduğu bilindiyi halda dondurulacaq:
“Yalnız Yaponiya hakimiyyətndən icazə alındıqdan sonra ödənişlərin və əməliyyatların aparılmasının mümkün olacağı izah edilir. Tədbirlər iyulun 7-dən qüvvəyə minir”, -deyə qeyd olunub.

Rusiya-Yaponiya. Foto: motioncenter/shutterstock

Eyni zamanda, Tokio Rusiyaya malların ixracına qoyulan qadağanı genişləndirir. Amma qadağada hansı malların olacağı hələ dəqiqləşdirilməyib.

Yaponiya daha əvvəl Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə məhdudiyyət paketi qəbul edib.

Mayın 20-dən Rusiyaya 14 kateqoriyalı yüksək texnologiyalı malların göndərilməsi qadağan edilib. Siyahıda kabelli kompüterlər, 3D printerlər, elektron mikroskoplar, neft emalı, hidrogen yanacağı istehsalı, üzvi sahə effektli avadanlıqlar və digərləri yer alıb.


Rusiya universitetləri Bolonya sistemindən çıxarıldı

Rusiyanın bütün universitetləri Bolonya təhsil sistemindən çıxarılıb.

Bunu təhsil və elm nazirinin müavini Afanasyev Dmitri deyib.

O qeyd edib ki, Rusiya Rektorlar İttifaqı Ukraynada keçirilən xüsusi əməliyyata dəstək müraciəti yayıb:
“Təhsil müəssisələrinin rəhbərlərinin bu müracətindən sonra universitetlər faktiki olaraq Boloniya prosesindən kənarlaşdırılıb”.

Rusiya universiteti. Mənbə: WorldStockStudio/shutterstock

D.Afanasyevin fikrincə, 4 illik bakalavr təhsili bilik, bacarıq və səriştələrin tam formalaşması üçün yetərli deyil. Nəticədə bəzi universitetlərdə 5 illik bakalavr təhsili tətbiq olundu.

Rusiya Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov bildirib ki, Boloniya təhsil sistemindən imtina ölkənin düşdüyü yeni şərtlərlə, eləcə də onun həyata keçirilməsinin heç bir problem yaratmaması ilə bağlıdır. Məqsəd təhsilin keyfiyyəti ilə bağlı müəyyən məqsədlərə nail olmaqdır.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiya-Ukrayna müharibəsinin 104-cü günü: yenilənən xəbərlər