Rusiyanın raket zərbələri: Ukraynada ölənlərin sayı 19 nəfərə çatıb

Mənbə: Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti

105 nəfərin yaralandığı bildirilir

Rusiya qoşunlarının 2022-ci il oktyabrın 10-da Ukraynanın paytaxtı Kiyev şəhərini və on iki vilayətini raket atəşinə tutması nəticəsində ölənlərin sayı 19 nəfərə, yaralıların sayı isə 105-ə çatıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, raketlər mühüm obyektlərə və mülki infrastruktura düşüb.

Kiyev, Lvov, Sumı, Ternopil və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.

Hücum zamanı 70-ə yaxın obyektə ziyan dəyib, 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

Rusiyanın raket hücumları dünyada böyük etirazlara səbəb olub.

Bir çox dövlət başçısı və beynəlxalq qurumların rəhbərləri Kremlə qarşı təzyiqləri artıracaqlarını bildiriblər.

“ABŞ Rusiyanın bu gün Ukraynaya, o cümlədən Kiyevə raket zərbələri endirməsini qətiyyətlə pisləyir”, – ABŞ Prezidenti Cozef Bayden deyib.

“Bu hücumlar Ukrayna xalqının yanında olmaq öhdəliyimizi daha da gücləndirir. Putin və Rusiyanı vəhşiliklərinə və hərbi cinayətlərinə görə məsuliyyətə cəlb edəcəyik. Ukrayna qüvvələrinə öz ölkələrini və azadlıqlarını müdafiə etmək üçün lazım olan dəstəyi təmin edəcəyik. Rusiyanı bu əsassız təcavüzə dərhal son qoymağa və qoşunlarını Ukraynadan çıxarmağa çağırırıq”, – bəyanatda bildirib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiyanın raket zərbələri: Ukraynada ölənlərin sayı 19 nəfərə çatıb