Rusiyanın güc strukturları müharibədən qaçan çağırışçını Ermənistanda necə oğurlayıblar?

Janna Baytelova, "Mediaşəbəkə"

Foto: Anelo\shutterstock

Hüquq müdafiəçiləri baş vermiş hadisəni oğurluq hesab edirlər

Ermənistanın Baş Prokurorluğu rusiyalı Dmitri Setrakovun saxlanılması, həbs olunması və ekstradisiyası barədə ərizə almayıb. Bununla belə, onu Rusiyaya aparıblar, özü də hadisə Rusiya hərbi polisinin əməkdaşları tərəfindən törədilib. Hüquq müdafiəçiləri faktiki olaraq oğurluq baş verdiyini bəyan ediblər.

“Kavkazski uzel” xəbər verir ki, 39 yaşlı Dmitri Setrakov 2022-ci il sentyabrın 24-ü Rostov vilayətindən səfərbər olunub. O, 2023-cü ilin aprelində Zaporojsk vilayətindəki hospitaldan qaçıb, lakin oktyabrın 11-i təslim olub. Səfərbərlik dövründə xidməti yerini özbaşına tərk etdiyi üçün ona qarşı cinayət işi açılıb. Setrakov noyabrın əvvəli “Meşə ilə gedin” hərbə qarşı layihəsindən kömək istəyib və layihə əməkdaşları ona Ermənistana getməkdə yardımçı olub. “Kavkazski uzel”in xəbər verdiyi kimi, Setrakov noyabrın 30-u Yerevana gəlib, dekabrın 7-i isə Gümrüdə saxlanılıb.

Qeyri-qanuni həbs

Setrakovu Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının ərazisində saxlayıblar. Xəbər verildiyinə görə, “Setrakova qarşı Rusiya CM-in 337-ci maddəsinin 5-ci hissəsi ilə (xidməti yerini özbaşına tərk etmə – red.) cinayət işi açılıb və o 27 günlük həbs olunub.

Dmitri Setrakov. Sosial şəbəkələrdən videodan screenshot

“Ermənistan ərazisində azadlıqdan məhrumetmə yalnız erməni hüquq-mühafizə strukturlarının səlahiyyətindədir. Rusiya hərbi polisinin bu cür səlahiyyəti yoxdur. Rusiya vətəndaşının oğurlanmasını və ona qarşı qeyri-qanuni əməllərin törədilməsini qınayırıq”, – Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bəyan edib.

Hüquq-müdafiə təşkilatı Ermənistan hökumətini, Baş Prokurorluğunu və digər hüquq-mühafizə strukturlarını Setrakovun müdafiəsi üçün əllərindən gələni əsirgəməməyə, həmçinin qeyri-qanuni fəaliyyətinə görə Rusiya hərbi polisinə qarşı cinayət işi açmağa çağırıb.

Dekabrın 19-u Dmitri Setrakovun Rusiyaya aparıldığı məlum olub. “Meşə ilə gedin”də onun Rostov-Donda hərbi polisdə olduğu ehtimal edilir. Layihə Setrakova vəkil axtardığını xəbər verib.

“Meşə ilə gedin”də həmçinin qeyd ediblər ki, ordudan qaçmış rusiyalının oğurlanması onların təcrübəsində ilk hadisədir.

“Fərarilərin Rusiyaya deportasiyası hallarına əvvəllər rast gəlinməyib. Belə ki, 2023-cü ilin aprelində hərbi xidmətdən qaçmış 23 yaşlı Yuri T. Yerevanda saxlanılsa da, gənc adamı sonradan azadlığa buraxıblar”, – “Vajnıye istorii” xəbər verir.

Ermənistan Baş Prokurorluğunun müşaviri Lusine Martirosyan öz “Facebook” səhifəsində yazıb:

“Ermənistanın Baş Prokurorluğu Dmitri Setrakovun saxlanılması, həbs olunması və Rusiyaya ekstradisiya edilməsi barədə ərizə almayıb. Üstəlik Baş Prokurorluqda Setrakovun Rusiyanın səlahiyyətli orqanları tərəfindən axtarılması və onun Ermənistanda aşkarlanması haqda da məlumat olmayıb”.

Ermənistan hüquq müdafiəçiləri Setrakov nümunəsini oğurluq kimi qiymətləndiriblər.

“Rusiyanın güc strukturları Dmitri Setrakovu oğurlayaraq, Ermənistandan qeyri-qanuni şəkildə çıxarıblar”, – Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin vəkili Ani Çatiyan bəyan edib. Məsələyə aydınlıq gətirən hüquq müdafiəçisi deyib ki, deportasiya və ya ekstradisiya barədə qərarı məhkəmə verir.

“Ermənistan hüquq-mühafizə orqanları adam oğurluğu barədə cinayət işi açmalıdır”, – Ani Çatinyan belə hesab edir.

“Nuhun gəmisi” mərkəzinin Yerevandakı koordinatoru Darina Mayaskaya Setrakovun Rusiyaya aparılmasını həmçinin oğurluq adlandırıb, belə ki, deportasiya və ya ekstradisiya haqda məhkəmə proseduru həyata keçirilməyib.

“Setrakovla bağlı hadisədə əsas problem ondadır ki, onu faktiki olaraq oğurlayıblar. Setrakov Rusiyadan “Meşə ilə gedin” layihəsinin köməyi ilə çıxa bilib. Ona problem yaşayacağı təqdirdə üz tuta biləcəyi erməni hüquq müdafiəçilərinin əlaqə nömrələrini veriblər. Hüquq müdafiəçiləri əlaqə yarada bilməyiblər, belə ki, Setrakovu Rusiya bazasının ərazisində saxlayıblar və onun yanına getmək mümkün olmayıb”, – mərkəzin koordinatoru qeyd edib.

AİHM-nə Ermənistandan şikayət olunacaq

“Jurnalistlər insan haqları uğrunda” ictimai təşkilatının rəhbəri, hüquq müdafiəçisi Janna Aleksanyan hesab edir ki, Ermənistan hakimiyyəti Setrakovun ölkədən çıxarılmasında Rusiyanın xüsusu xidmətlərinə yardımçı olub.

“Adam Ermənistana sığınacaq tapmaq ümidi ilə gəlib. Lakin Ermənistan hakimiyyəti Rusiyada insan haqlarının hansı vəziyyətdə olduğunu bilə-bilə Setrakovun müdafiəsi üçün heç nə etməyib. Üstəlik onlar bu adamın deportasiyasına yardım ediblər. Rusiyanın xüsusi xidməti Ermənistan güc strukturlarının köməyi olmadan Setrakovu ölkədən çıxara bilməzdi. Əgər bunda yalnız Rusiya hərbi polisinin əli varsa, hakimiyyət şübhəni öz üzərindən götürmək üçün məlum hadisəyə reaksiya verməlidir. Lakin belə olan halda ortaya digər sual çıxır – dövlət nəzarəti haradadır? Hətta bu işə Rusiya hərbi təyyarəsi cəlb edilsə belə, adamı ölkədən necə çıxarmaq olar?”, – qadın “Kavkazski uzel”in müxbirinə deyib.

“Ermənistan Setrakovun aqibətinə görə bilavasitə məsuliyyət daşıyır”, – vəkil Ani Çatiyan hesab edir.

“Ekstradisiya riskindən xəbərdar olan Ermənistan Rusiya güc strukturlarının qanuna zidd əməllərinin qarşısını almaq üçün heç nə etməyib. Rusiyanın əməllərini mühakimə edən prosedurların bu ölkədə hökmü yoxdur. AİHM-in qərarları Rusiyada işə keçmir. Əvəzində İnsan Haqları üzrə 2-ci Avropa Konvensiyasının 3 və 5-ci maddələri pozulduğu üçün Ermənistana qarşı şikayət irəli sürüləcək. Bu, qorxulu hadisədir və buna bənzər hadisənin törədilməyəcəyinə zəmanət yoxdur”, – Çatinyan qeyd edib. O hesab edir ki, Ermənistan hakimiyyətinin passivliyi onların Rusiya ilə münasibətləri pozmaq istəməməsindədir.

Helsinki Assambleyasının Ermənistan bürosunun rəhbəri, hüquq müdafiəçisi Nina Karapetyansa bunun ilk oğurluq hadisəsi olduğuna, Rusiya xüsusi xidmətinin Rusiya vətəndaşını Ermənistandan ilk dəfə çıxarmasına əmin deyil.

“Bu, ictimaiyyət qarşısında açıqlanan ilk hadisədir, çünki hüquq müdafiəçiləri səs-küy qaldırıb. Ermənistanda neçə nəfərin izləndiyini və ölkədən çıxarıldığını isə heç kəs deyə bilməz”, – hüquq müdafiəçisi qeyd edib.

Onun fikrincə, heç kəs oğurlanmaqdan və ölkədən çıxarılmaqdan sığortalanmayıb.

Ana səhifəDünyaRusiyanın güc strukturları müharibədən qaçan çağırışçını Ermənistanda necə oğurlayıblar?