Ölkənin beynəlxalq ödənişlər üçün Çin valyutası alması gözlənilir
Rusiya ehtiyatları üçün may ayından xarici valyuta alışına başlaya bilər.
Çünki bu ölkənin enerji gəlirləri hədəf səviyyəsini aşmağa yaxınlaşıb.
Gəlirlər ilkin olaraq ayda 200 milyon Çin yuanı ekvivalentinə bərabər ola bilər. Odur ki, Moskvanın bu aydan Çin valyutasının satınalmalarına başlaması gözlənilir.
“Bloomberg” yazır ki, ABŞ və Avropa Rusiyanın gəlirlərini sıxışdırmaq istəsə də, artan neft qiymətləri bu ölkənin dövlət maliyyəsini sabitləşdirir.
Lakin sanksiyalar səbəbindən bu gün Rusiyanın 154 milyard dollarlıq sərvət fondu ilə əməliyyatlar aparması üçün istifadə edə biləcəyi əsas aktiv Çin valyutası hesab edilir.
Rusiya büdcə gəlirlərinin təxminən üçdə birini neft və qaz sənayesindən əldə edir.
Rusiyalı iqtisadçı Aleksandr İsakovun sözlərinə görə, hərbi xərclər səbəbindən bu gün ölkənin büdcəsi görünməmiş kəsirlə üzləşib, çətin vəziyyətə düşüb:
“Lakin hökumətin bəzi neft vergilərini hesablamada etdiyi dəyişikliklər büdcəyə qismən müsbət təsir edib. Nədir bu dəyişiklik? Aİ-nın Rusiya neftinə qoyduğu qiymət həddi ölkənin istehsal etdiyi enerjinin qiymətini aşağı salıb. Rusiya bunun öhdəsindən istehsalçıları daha çox vergi ödəməyə məcbur etməklə gəlməyə çalışır”.
Başqa bir iqtisadçı Yevgeni Koşelev isə bildirir ki, 2023-cü ilin birinci rübündə Rusiya büdcəsinə neft və qazdan gələn daxilolmalar əvvəlki illə müqayisədə 45 faiz azalıb, 1,64 trilyon rubl olub.
İqtisadçı əlavə edir ki, aprelin sonlarında yaşanan maliyyə çatışmazlığı bu ölkənin Maliyyə Nazirliyinin 2023-cü il üçün nəzərdə tutduğu illik hədəfini xeyli üstələyib.
“Bloomberg” Rusiyanın növbəti üç ay ərzində valyuta alışına başlayacağına əmin olsa da, neft hasilatının azalmasının müəyyən qeyri-müəyyənliklər yarada biləcəyini də istisna etmir. Hesab edir ki, vəziyyət mayda 65, iyunda 80 faiz düzələ bilər.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə neft qiymətləri kəskin qalxmışdı. Bu da dünyada bahalaşma və inflyasiyanın yüksəlməsinə gətirmişdi.
Ötən il dekabrın 5-dən Qərb ölkələrinin Rusiya nefti üzərinə qoyduğu qiymət həddi qüvvəyə minib. Avropa ölkələrinin hədəfi Moskvanın neft gəlirlərini məhdudlaşdırmaqdır.
Sanksiya qaydalarına görə, Rusiya neftini daşıyan tankerlərin Qərb sığortası olmazsa, bu neftin bir bareli 60 dollardan baha satıla bilməz.