“Rusiyanın “beşinci kalon”u fəal fazaya keçib”


Ərəstun Oruclu: “Qərbin ən fəlakətli səhvi Azərbaycandakı demokratik institutlaşmanı qurban verməsi idi”

Siyasi gündəm Azərbaycanda Rusiya söhbətləridir, konkrertləşdirsək, Şimal qonşumuza simpatiya artıb, hətta 20 Yanvar faciəsini törədən rus ordusunun qaytarılması təklif olunur. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə söhbətimizdə mövcud gündəmin yaratdığı suallara cavab almağa çalışdıq.



Ərəstun bəy, aprelin 19-da “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsindən sonra Leyla Yunus və Arif Yunusun təqibiylə başlanan prosesi öz Facebook səhifənizdə şərh etmisiz. Yazmısız ki, Fransa prezidentinin Bakıya səfəri ərəfəsində həmin dövlətin ən yüksək mükafatını almış şəxsin həbsi kimə lazımdır? Əliyevlərəmi, düşünmürəm. Bu gün də belə düşünmürsünüz?

–         Rauf  Mirqədirovun həbsi başlanmış repressiyaların, cəmiyyətdə yeni atmosfer yaratmaq prosesinin texnoloji start nöqtəsidir. Diqqət yetirin, Rauf Mirqədirov 12 gündür həbs olunub, artıq bir neçə nəfər istintaqa çağrılıbsa, biz ictimai həyatda itkilərə yol vermişik. Bunun arxasınca “Zerkalo” qəzetinin redaksiyasında axtarış aparıb baş redaktorun kompyuterini müsadirə edirlər. Nəticədə qəzet gündəlikdən həftəlik nəşrə keçir. Bu tərəfdən Rauf Mirqədirovu Leyla Yunus və Arif Yunusla əlaqələndirdilər, ondan sonra təhlilçi Zəfər Quliyev, ardınca tanınmış jurnalist Azər Rəşidoğlunu istintaqa cəlb etdilər. Bu adamlar ölkədə mövqeyini deyib fikrini cəmiyyətə çatdırmaqdan çəkinməyən insanlardır. Rauf Mirqədirovun həbsinin arxasında dayanan əsas vəzifələrdən biri budur, yəni, ölkədə söz deyən adamları qorxudaraq susdurmaq. İkincisi isə Azərbaycanın Qərblə münasibətlərini bir qədər də korlamaqdır.



“Beşinci kalon” söhbətlərini nəzərdə tutursunuz?

–         Birmənalı olaraq. Bu söhbəti ilk dəfə politoloq Vəfa Quluzadə gündəmə gətirdi, arxasınca mən mövzunu inkişaf etdirdim. Artıq hakimiyyətə yaxın saytlar bu barədə yazır. Bir sözlə, Azərbaycandakı Rusiyanın “beşinci kalon”u fəal fazaya keçib, əgər əvvəl şəbəkə şəklində işlərini altdan görürdülərsə, amma 1 ildən çoxdur açıq fəaliyyətə, son günlər isə hücuma keçiblər.



Siz mayın 9-da “Georgi lenti” aksiyasını yada salmaq istəyirsiniz?

–         Yalnız o məsələ deyil, elə Rauf Mirqədirovun həbsi də onunla bağlıdır. Azərbaycan cəmiyyətində “SSRİ yaxşı idi” ideyasının dövriyyəyə buraxılması artıq onların fəaliyyətinin nəticəsidi.



Maraqlıdır ki, Rauf Mirqədirov da həbsində Rusiya xüsusi xidmət orqanlarının rolunun olduğunu deyib…

–         Bunu mən də demişəm…



Siz həm də 2009-cu il Neft Akademiyasındakı terroru da şimal qonşumuzun “barmağı” olduğunu bildirmişdiniz…

–         Ehtimal olaraq demişdim, çünki ortalıqda fakt yox idi, amma çox ciddi ehtimallar idi. Qayıdaq “beşinci kalon”a, bu, ideyalar generasiya etmir, tapşırıq yerinə yetirir. Klassik anlamda “beşinci kalon” casuslardır, təxribatçılardır, müxtəlif şəbəkələrdə oturanlardır.



Onlar hakimiyyətdə də yüksək postlar tuturlar?

–         Onlar müxtəlif yerlərdə olurlar, cəmiyyətin sıravi vətəndaş statusundan tutmuş hakimiyyətin yüksək postlarına qədər. Etiraf edək ki, Mirqədirovu “beşinci kalon”un küçədəki nümayəndəsi tutmayıb, o istəsə də, bunu edə bilməz, əksinə, hakimiyyətdəkilər bu həbsi gerçəkləşdirib. Baş verənlər demokratik dünyada etiraz doğurur, bəs bir dəfə görmüsünüz ki, Rusiya Azərbaycanda bu və ya digər həbsə etiraz etsin. Yox, edə bilməz, çünki Rusiya özü bəlkə Azərbaycandan da aşağı dövlətdir, insan haqları, demokratik dəyərlərə münasibətdə. “Beşinci kalon” bu fəaliyyəti həyata keçirməklə, həmin insanlar isə demokratik dəyərlərin daşıyıcılarıdır, üç vəzifəni eyni zamanda yerinə yetirir.



Hansı vəzifələri?

–         Birinci, demokratik dəyərlərin daşıyıcılarını sıradan çıxardır. İkinci, bunu etməklə demokratik dünyayla Azərbaycan hakimiyyəti arasındakı uçurumu dərinləşdirir. Üçüncü, ölkədə xof mühiti yaradır.



Ona görə ABŞ-nin Azərbaycandakı səfiri Morninqstar “Azərbaycan nəyə görə tənqid olunduğunu anlaya bilmir” deyə bəyan edir?

–         Anlaya bilirlər, mən düşünmürəm ki, o dərəcədə anlaqsızdırlar. Səfir müəyyən mənada diplomatik üslubda danışıb, bəlkə də demək istəyib ki, anlamaq istəmirlər. Necə yəni anlaya bilmirlər? Məgər, hakimiyyətdəkilər başa düşmürlər ki, seçkini saxtalaşdırırlar? Anlaya bilmirlər ki, korrupsionerdirlər? Anlaya bilmirlər ki, insanları şərləyib həbs edirlər? Bunu anlaya bilmirlərsə, niyə milyard yığmağı anlaya bilirlər? Niyə gözəl həyat sürməyi anlaya bilirlər? Mən düşünmürəm ki, hakimiyyətdəkilər o dərəcədə anlaqsızdırlar, öz xeyirlərini yaxşı anlayırlar. Yəni, baş verənlər məqsədli siyasətdir və bunun arxasında indiki geosiyasi durumun tələbləri dayanır. Artıq Azərbaycan seçim etməlidir.



Siz də daxil olmaqla bir sıra politoloqlar bu seçim barədə əvvəllər də danışırdız, amma vaxt keçir…

–         Mən öz dediyimə cavabdehəm. İllər əvvəl bildirmişəm ki, balans siyasəti yanlışdır, prioritet seçim etmək lazımdır, çünki “divarın bitəcəyi” məqam gələcək və balans siyasəti işləməyəcək.



Bu gün həmin məqam gəlibmi?

–         Bəli. Ona görə Azərbaycan hakimiyyəti çaşqın durumda qalıb.



Və ona görə vesti.az saytı Rusiyanı tənqid edərək “beşinci kalon”dan yazır, ardınca da hakimiyyətə yaxın deputat sayılan Qüdrət Həsənquliyev rus ordusunun Azərbaycana yerləşdirilməsi təklifini irəli sürür?..

–         Doğrudan da, necə olur ki, oliqarx məmura yaxın sayt Rusiyanın “beşinci kalon”undan yazır, çox kəskin məqaləydi. Hətta mənim yazdıqlarımdan da. Təsəvvür edin ki, məqalədə hakimiyyətin indiki və keçmiş oliqarxlarının bir çoxunun Rusiyaya bağlı olduğu bildirilir. Digər tərəfdən, həmin oliqarxa yaxın deputat Azərbaycanda Rusiya hərbi bazalarının yerləşdirilməsini bildirir.



Rusiya ordusu Azərbaycana qaytarılsa, biz nəyəsə nail ola bilərikmi?

–         Mən həmin açıqlama ilə bağlı Facebookda zarafatla bir status da yazdım, bildirdim ki, bəlkə deputat Rusiya bazarları deyib, jurnalistlər isə səhvən hərbi bazaları yazıb. Çünki deputatlara siyasətdən, hərbidən danışmaq qadağan olunub. Onlar şişdən, kababdan, kotletdən danışa bilirlər. Keçək məsələnin ciddi tərəfinə, məlum açıqlama yoxlama cəhdləridir.



Cəmiyyəti, yoxsa beynəlxalq aləmi?

–         Həm cəmiyyəti, həm beynəlxalq aləmi, həm də xarici dövlətləri. Məsələn, sözü ortalığa atırlar və paralel həmin məqaləni yazırlar. Hakimiyyətin “balans” dedikləri şey təfəkkürlərinə hopub. Bir tərəfdən Rusiyaya qarşı ağır məqalə, bir tərəfdən isə reverans. Və eyni mənbədən ki, gəlin, sizə hərbi baza verək, amma Qarabağı qaytarın. Bu, ciddi söhbət deyil, çünki Rusiya Qarabağı qaytaracağı halda bütün Azərbaycanı götürəcək. Nəhayət, Rusiya sıravi vətəndaşlardan heç nə götürməyəcək, onsuz da bizləri artıq talaylıblar. Rusiya istədiyini oğru hakimiyyətdən götürəcək. Ona görə ki, xalqın yox, onların götürüləcəyi var.



Bəs Qərbin hakimiyyətin ikili açıqlamalarına reaksiyası necə olacaq?

–         Hakimiyyət Qərblə də işləyir. Məsələn, İlham Əliyevə yaxın qrup bu günlərdə ABŞ-da oldu. Diqqət etdinizsə, səfir Morninqstar sərt çıxış etdi. Bunlar artıq hakimiyyətlə potensial tərəfdaşlarının danışıq tonu sərtləşməyə başlayır. Tərəfdaşlar arasında Vaşinqton ən yumşaq danışanı olub. ABŞ daim Azərbaycanı özündən uzaqlaşdırmamağa çalışırdı, güzəştlərə gedirdi. Təsəvvür edin ki, hakimiyyətə yaxın saytlar ABŞ səfirini addımbaşı ittiham və təhqir edirdi, bu, hara qədər gedə bilər?



Bəlkə Rusiya və Qərbin son sərt açıqlamaları rəsmi Bakıdan yenə də nələrisə güzəştə getməsi üçündür?

–         İstənilən əməkdaşlıq nəsə istəməkdir, amma nəsə istəmək deyil, həm də verməkdir. Biznesdə birinin itirib, o birinin qazanması hadisəsi olmur. Biznes o zaman biznes olur ki, iştirakçıların hər biri qazanır.



Məgər, Azərbaycan hakimiyyəti 20 ildir ki, qazanmır?

–         Azərbaycan hakimiyyətinin ömrünü enerji şirkətləri uzatdı.



Kimin hesabına uzadıb?

–         Amerika şirkətlərinin.



Bəs xalqın bu prosesdə qazancı nə olub?

–         Heç nə olmayıb, Azərbaycan cəmiyyəti itirib. Azərbaycan cəmiyyəti müstəqilliyə, dövlətə, azadlığa, hüquqa, demokratik dəyərlərə, ən fəlakətlisi özünə inamını itirib.



Ona görə sovet nostalgiyası güclənib?

–         Siz sovet nostalgiyası deyirsiniz, mən isə Qərbə nifrətin artdığını deyirəm. Söhbət hansısa radikal dinçi kəsimdən getmir, onların onsuz da düşməni İsrail, Amerikadır, bu kəsim Fələstini görür, Qarabağı yox. Heç görməsinlər, ehtiyacımız da yoxdur. Amma söhbət dünyəvi kəsimdən gedir, dünyəvi dəyərlərin daşıyıcısı olmuş siyasətçilər, ictimai xadimlər, sıravi insanlar, artıq bunlar Qərbə nifrətlə yanaşırlar.



Qərb bunları görürmü və nəticə çıxaracaqmı?

–         Görürlər, nəticə çıxaracaqlarmı,bilmirəm. Maraqlarına təhlükə yaranacaqsa, çıxaracaqlar. Hələlik Qərb siyasətini 2-3 adamın əli ilə həyata keçirir və istədiyinə nail olur, bunun normal da olduğunu düşünür. Xatırlayırsınızsa, sabiq dövlət katibi Rays hakimiyyətdən getmək ərəfəsində Vaşinqtonun 40 illik Yaxın Şərq siyasəyətinin uğursuzluğa düçar olduğunu demişdi. Səbəbini də demokratiyanı sabitliyə qurban verdikləri ilə izah etdi. O zaman çoxu Amerikanın xarici siyasətinin dəyişdiyini düşünürdü. Əslində, Raysın açıqlaması ABŞ-nin xarici siyasətinə verilən mesaj deyildi, bu, hakimiyyətdən gedənin özünə bəraət qazandırmasıydı. Gəlin, unutmayaq, Azərbaycana İlham Əliyev kimi töfhəni Buş administrasiyası verdi. Məhz onların açıq dəstəyi sayəsində 2003-cü ildə İlham Əliyev Azərbaycanın prezidenti təyin olundu.  Və Azərbaycanın ən fəlakətli dövrü də 2003-cü ildən başladı. Heydər Əliyevin dönəmində, 1996-cı ildə, ölkə müharibədən yeni çıxmışdı, amma bu dərəcədə haqsızlıqlar olmurdu. Yəni, cəmiyyətə indiki dərəcədə total basqı, vətəndaşın mülkiyyətini bu dərəcədə dağıtmaq yox idi, bunlar hamısı 2003-cü ildən sonra başlandı. Ona görə biz Amerika siyasətinə “minnətdar” olmalıyıq.



Hakimiyyətin seçim qarşısında olduğunu dedini, bəs iqtidar  vəziyyətdən necə çıxacaq-Rusiya, yoxsa Qərb?

–         Bir məqamı vurğulayım, Qərbin ən fəlakətli səhvi Azərbaycandakı demokratik institutlaşmanı qurban verməsi idi. 2003-cü ildən sonra media məhv oldu, Qərb buna “göz yumdu”, yalançı bəyanatlar verdilər, “biz narahatıq” deyə. Az qala biz də deyəcəkdik ki, qoy, biz intihar edək, siz narahat olmayın, rahat yaşayın, gəlin alverinizi edin. İkinci, vətəndaş cəmiyyəti, müxalifət məhv oldu, artıq radikallaşdırılmış kiçik qruplaşmalar qalıb. Bu, onunla nəticələndi ki, 2013-cü il seçkilərinə Azərbaycan müxalifəti Qərbə ümid bəsləmədən getdi. Unutmayaq ki, indiki müxalifət demokratik dəyərlərin daşıyıcısı idi. Sual edirəm: ABŞ, Qərb Rusiyaya qarşı hansı güclə dayanacaq? Moskva bütün şəbəkəsini qoruyub saxlayıb, Qərb isə onun dəyərlərinin daşıyıcısını qurban verib. Düşünürsünüz ki, sabah kimsə Qərbə yaxın olmaq üçün Azərbaycan sərhədini keçən rus tankının qarşısına verəcək? Xeyr! Ən yaxşı halda müstəqilliyə görə qurban verər.



Siz söhbətimizi bədbin notlarla yekunlaşdırırsınız?

–         Bədbinlik yox, reallıqdır. Bu reallığı 2003-cü ildə görmək lazım idi, həmin vaxt Rusiya, Türkiyə və ABŞ eyni neqativ prosesdə birmənalı birlikdə oynayanda adam nəzəri cəhətdən düşünürdü ki, hər biri öz planını qurur. Bu gün baxanda belə olduğu aydınlaşır. Türkiyənin planı Azərbaycanla alver edib nefti, qazı bir az çox qopartmaq, həm də silah satıb pul qazanmaqdır. Qərbin planı odur ki, Azərbaycandan neft-qaz aparsın. Rusiyanın maraqları isə strateji olub, bu gün həmin maraqlar artıq görünür.

Ana səhifəVideo“Rusiyanın “beşinci kalon”u fəal fazaya keçib”