Rusiyalı siyasətçi Azərbaycanı hədələdi

Hikmət Hacızadə: “Bu cür kiçik bir məsələyə görə Kreml xüsusi addım atmayacaq”

Source:


Hikmət Hacızadə: “Bu cür kiçik bir məsələyə görə Kreml xüsusi addım atmayacaq”

Beynəlxalq Avrasiya Hərəkatının lideri, professor Aleksandr Duqin Azərbaycanı hədələyən bəyanatla çıxış edib. Səbəb rəsmi Bakının BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsidir.

Aleksandr Duqin Azərbaycanın mövqeyini Rusiyaya qarşı addım hesab edib. Onun sözlərinə görə, bu addım Rusiya-Azərbaycan münasibətlərində öz sözünü deyəcək: “Bakı öz mövqeyinə görə hesab verməli olacaq, həm də ciddi şəkildə. Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü Rusiyanın əlindədir”.

A.Duqin deyib ki, Rusiya qonşularının Ukrayna hadisələrindəki mövqeyini izləyir: “Azərbaycanın həmin mövqeyindən sonra mən belə deyərdim: biz hələlik Ukrayna ilə məsələləri həll edirik, sonra kimin bizə düşmən, kimin dost olduğuna baxacağıq”.

A.Duqinin açıqlamasını Meydan TV-yə şərh edən Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə bildirib ki, Azərbaycan deyilənlərə reaksiya verməməlidir. Düzdür, Rusiya Azərbaycanın mövqeyini nəzarətdə saxlayır və imkanı olsa, rəsmi Bakını incidərdi: “Ancaq bu cür kiçik bir məsələyə görə Kreml xüsusi addım atmayacaq. Əgər Azərbaycan Ukraynaya hərbi, maliyyə yardım göndərsəydi, məsələ ciddiləşərdi. BMT-də 150 ölkə Ukraynanın ərazi bütövlüyünə səs verib, buna görə hamıya divan tutmaq olar?! Bu, mümkün deyil”

Hikmət Hacızadə hesab edir ki, Kremldə oturanların siyasi baxışları, düşüncələri Aleksandr Duqinin yanaşmasından fərqlənmir. Sadəcə, Duqin bir az da ritorikanı kəskinləşdirir və açıq danışır. Diplomatik yox, antidiplomatik çıxışlar edir. Həmin fikirləri Rusiya XİN başçısı Lavrov da deyə bilərdi, ancaq demədi. Politoloq düşünmür ki, Aleksandr Duqin Kremlin tapşırığıyla işləyir, sadəcə, bu adamın düşüncə tərzi o cür bəyanatları “doğur”.

Rusiyanın Azərbaycana hansı yöndə və miqyasda təzyiqlərinə gəlincə, H.Hacızadə dedi ki, Kremlin təzyiq rıçaqları yetərincədir: “Həm Qarabağdan, həm iqtisadiyyatdan, həm də Rusiyada qazanc üçün yaşayan azərbaycanlılardan istifadə oluna bilər. Baxın, Rusiya Ukrayna məhsullarına “keyfiyyətsizdir” deyə embarqo qoydu. Yəni, Rusiyanın imkanları genişdir”.

Politoloq İlqar Vəlizadə Aleksandr Duqinin Rusiya siyasi elitasında radikal qrupun maraqlarını əks etdirdiyini söylədi. Onun sözlərinə görə, bu qrup son hadisələrlə bağlı rollarını artırsa da, dominant deyil: “Bütün hallarda Duqin təkcə öz fikrini ifadə etmir. Ona görə dövlətçilik maraqlarımızı nəzərə alıb onun dediklərinə önəm verməyə ehtiyac yoxdur. Amma Rusiyanın Azərbaycana təsiri nə qədər çox olsa da, Qərbin təsirini və dünya birliyinin üzvü olduğumuzu unutmamalıyıq”.

Ana səhifəXəbərlərRusiyalı siyasətçi Azərbaycanı hədələdi