İrina Kuksenkovanın xəsarət aldığı deyilir
Rusiyanın “Birinci kanalı”nın jurnalistinin Mariupolda yaralandığı bildirilir.
Kanalın yaydığı məlumatda qeyd olunur ki, telekanalın üç nəfərdən ibarət çəkiliş qrupu aprelin 11-də Mariupolda reportaj hazırlayarkən atəşə tutulub.
Nəticədə müxbir İrina Kuksenkova xəsarət alıb. Operator Dmitri Kaçurin və səs operatoru Nikita Sevastyanov xəsarət almayıb.
“Birinci kanal” aprelin 12-də səhər xəbərlərində Kuksenkovanın Donetskdəki xəstəxanadan verdiyi reportajı yayımlayıb.
Bildirilir ki, jurnalistlər “Ukrayna millətçiləri” tərəfindən qumbaraatandan atəşə tutulub.
Kuksenkovanın ayaqlarına bir neçə qəlpə dəyib. Ona yerindəcə ilkin tibbi yardım göstərilib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.