Rusiyadan gəlib evini yerində tapmadı

“Mən gələndə qonşum qabağıma çıxdı. Onunla görüşdüm, keçmək istəyəndə dedi hara gedirsən? Dedim, evə. Dedi, ev yoxdu. Dedim, necə yəni ev yoxdu? Dedi, yoxdur, söküblə”- mülkiyyətçi Müqabil Cəfərov deyir.

Müqabil Cəfərov Rusiyadan qayıdıb görüb ki, evinin yerində torpaq qalaqlanıb. 8 oktyabrda “Evrostroy- S.S” şirkətinin sökdüyü mənzilinin nə bir kərpici, nə bir əşyası ələ gəlib. Sakin deyir ki, təkcə evinin əşylarına görə ona 25-30 min manat ziyan dəyib.

“3 otaqlı evdir. Ev sənədlidir. Evin kupçası özümüzdədir. Bu da qeyri-qanuni olan bir şeydi”.

Müqabil Cəfərov Rusiya vətəndaşıdır. O deyir ki, evinin söküləcəyi ilə bağlı ona əvvəlcədən xəbərdarlıq edilməyib. Şirkət mülkiyyətçiyə təklif edib ki, onun evinin yerində tikəcəyi binadan mənzil verəcək. Müqabil Cəfərov isə şirkətin binanı 2019-cu ildə təhvil verəcəyinə inanmır. Bakı Apellyasiya Məhkəməsi də mülkiyyətçinin xeyrinə qərar verib. Müqabil Cəfərov qarşılaşdığı problemlə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

“Şirkət nümayəndəsi ilə söhbət edəndə soruşdum ki, mən gəlmişəm, mənim evim hanı? Onlar da mənim sualıma cavab vermədilər. Ondan sonra onlarla danışmağı münasib hesab eləmədim”.

“Evrostroy- S.S” şirkəti Nərimanov rayonu Mövsüm Sənani küçəsi 63, 65, 65 A ünvanlarında söküntü aparır. Şirkətin təklifləri ilə razılaşmayan 7 sakin Nərimanov rayon məhkəməsinə müraciət edib. Şirkətdən bildiriblər ki, Müqabil Cəfərov onların təklifi ilə razılaşıb, heç bir narazılıq yoxdur.

“Artıq mərtəbə seçilib 74, 5 kvadrat metrlik ev veririk bu şəxsə. İki-üç ay əvvəldən kirayə pulu veririk. O biri ərizəsin götürüb, müqavilə yazılıb”- şirkətin satış meneceri Solmaz Rzayeva bildirib.

Amma Müqabil Cəfərov şirkətlə razılaşmadığını və onlarla müqavilə imzalamadığını bildirib. O, məhkəmə şikayətlərini davam etdirəcəyini deyib.

“Ən əsas çətinlik ondadır ki, siz təsəvvür edin ki, hərbidə xidmət edən bir zabitin təmiz əmək haqqı ilə alınan mənzil onun üçün necə olar?! Mənə elə gəlir ki, halvadan da şirin olar. Ata yurdundan da şirin olar. Öz balasının boğazından kəsib 10 manat, 10 manat Leninin şəkli olan vaxtı ilə yığılan pulla alınan ev necə olar?! Siz təsəvvür edin onu. Mənə elə gəlir ki, mənim üçün həyatda ondan dövlətli, ondan qiymətli, ondan əziz bir şey yox idi. İnsanın ümid yerin qırmaq həddən artıq çətindir. Ümid yerinin qırılması çox pis şeydir”.

Müqabil Cəfərov 23 ildir yaşadığı 3 otaqlı evinin yerini indi torpaq qalağına daş atmaqla başqalarına nişan verir.

Ana səhifəVideoRusiyadan gəlib evini yerində tapmadı