Xarici İşlər Nazirliyi 54 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyub
Rusiya Britaniyanın mədəniyyət, media və idman naziri Lüsi Freyzerə qarşı sanksiya tətbiq edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Sanksiya siyahısına həmçinin Britaniyanın müdafiə nazirinin müavini Annabel Qoldi və Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan da daxildir.
Ümumilikdə, Xarici İşlər Nazirliyi 54 Britaniya vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Onların arasında siyasətçilər, hüquq-mühafizə orqanlarının nümayəndələri, hüquqşünaslar və jurnalistlər var.
Avqustun əvvəlində Britaniya parlamentinin Lordlar Palatasının üzvü Riçard Balf “İzvestiya” qəzetinə müsahibəsində bildirmişdi ki, Rusiyaya qarşı sanksiyalardan narazı qalan Britaniya şirkətləri məhdudiyyətlərdən yan keçməyin yollarını axtarırlar.
Bir müddət öncə ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.
2022-ci il fevralın 24-dən bu yana Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada Rusiyaya müxtəlif sanksiyalar qoyub.
Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.
Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.
Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.