Azərbaycanlı mühacirlərin Rusiyada inşaat obyektləri üzərində nəzarəti bir-birinin əlindən alması barədə araşdırma
“Novaya qazeta”nın materialı
əsasında:
Yanvarın 24-də “SDI Group”-un Moskvanın mərkəzində, Kutuzov prospektində yerləşən baş ofisinə iyirmiyə yaxın cüssəli kişi soxularaq videomüşahidə sistemini söndürüb və məkanda yerləşən hər kəsə mobil telefondan istifadəni qadağan edib. Çağırılmamış qonaqların bəzilərinin əynində “Vityaz” mühafizə firmasının emblemləri ilə uniforma olub. Məlum firma Moskvada Qod Nisanov və Zarax İliyevin nəzarət etdiyi obyektlərin mühafizəsini həyata keçirir. Azərbaycanlı mühacirlər olan bu adamlar, “Forbes” jurnalının versiyasına görə, yüz ən varlı rusiyalının siyahısına daxildir.
Sonra ofisdə Qod Nisanovun əmisi oğlu Vladislav Yusifova bənzəyən adam peyda olub. O, “SDI Group”-un menecerlərinə Flera Teplinskayanı təqdim edib, guya bu qadının göstərişlərinin qeyd- şərtsiz yerinə yetirilməsini tələb edib və işçilərdən alınan bütün fleş-yığıcıları, elektron bank açarlarını ona verib.
Bir neçə gün əvvəl Moskvada və Moskva vilayətində eyni qayda ilə, yəni “Vityaz” simvollu formalar geyinmiş adamlar vasitəsilə inşaat meydançaları nəzarətə götürülüb ki, “SDI Group” həmin meydançalarda yaşayış evləri ucaldırdı. Söhbət “BernadSKY”, “Piroqovskaya Rivyera”, “Akkord i Smart-kvartal” adlı yaşayış komplekslərindən gedir. İnşaata soxulan adamlar güc tətbiq edərək, şirkət başçısı İlqar Hacıyevin ünvanına təhdid dolu kəlmələr yağdırıb. Nəticədə, özünün dediyi kimi, Rusiyanı tərk etmək məcburiyyətində qalıb, çünki söylənilənləri tamamilə gerçək sayıb.
Qeyd edək ki, yuxarıda adı çəkilən Qod Nisanov heç də “SDI Group” üçün kənar birisi deyil. 1995-ci ildən inşaat biznesi ilə məşğul olan və Azərbaycanda, Qazaxıstanda, Türkiyədə, Özbəkistanda bir sıra iri developer layihəsi gerçəkləşdirən İlqar Hacıyev 2013-cü ildə Rusiya inşaat bazarına girib. Onun partnyoru Qod Nisanovun kürəkəni German Zaxaryayev olub.
Rusiya bazarında mövqeyini möhkəmləndirməyə can atan Hacıyev biznesini inkişaf etdirərkən biznes partnyorları ilə ciddi problemlər yaşamayıb. Gəliri investisiya və layihələrin gedişatının uyğunluğu ilə bölüblər. 70% Hacıyevə, yerdə qalan gəlirlər Qod Nisanovun təsir gücü altında olan struktur və şəxslərə çatırmış.
“SDI Group” öz ticarət mərkəzi olan 25 mərtəbəli biznes-klass yaşayış kompleksi ucaltmağa başlayanda əngəl daşı rolunu “BarnadSKY” kompleksi oynayıb. Belə ki “BernadSKY”-ın baş podratçısı kimi Hacıyevin firması çıxış edib. İnşaat üçün zəruri olan bütün sənədləşdirməni məhz bu firma həyata keçirib, reklam işlərini o gerçəkləşdirib.
Yeni tikilinin altındakı torpaqsa “İlion-Treyd” MMC-nin adına sənədləşdirilib.
Bu ilin martında “Novaya qazeta” artıq sutkada on milyonlarla dollar dövriyyəsi olan Çin “hesablama mərkəzi” haqqında yazmışdı. Həmin mərkəz “Moskva” paytaxt bazarında da fəaliyyət göstərib. O bazarı isə məhz “İlion-Treyd” MMC-i idarə edir. Bu firmanın təsisçiləri Qod Nisanovla Zarax İliyevin çoxillik partnyoru və dostu idi. Misal üçün deyək ki, nizamnamə fondunun 26%-i Zarax İliyevin 24 yaşlı oğlu Ben Sion İliyevin adına rəsmiləşdirilib. Yerdə qalan aksiyalar həmçinin azərbaycanlı mühacirlərə aiddir. Onlardan hər biri öz növbəsində ya Qod Nisanov, ya da Zarax İliyevlə bağlı daha bir neçə şirkətin təsisçisidir.
“BernardSKY” yaşayış kompleksi start götürər-götürməz satış o qədər yaxşı olub ki, üzərində ucaldığı torpaq sahibləri yəqin bu qənaətə gəliblər: əcəba, belə bir perspektivli layihənin 70%-ni niyə bir başqası yeməlidir ki? Üstəlik, “Novaya qazeta”ya İlqar Hacıyevin rəsmi nümayəndəsi, hüquqşünas Dəmir Bəşirovun söylədiyi kimi, bu yaşayış kompleksində əsas dayağın yaşayış mənzillərinə verilməsi partnyorlara sərf etməyib.
“Onlar qərara gəliblər ki, orda kommersiya məkanlarından qat-qat çox qazanmaq olar. Odur ki, mənzil tikintisini dayandıraraq, məhz kommersiya daşınmaz əmlakının ucaldılmasında cəmlənməyi qərarlaşdırıblar,” – Bəşirov deyib. İlqar Hacıyev bununla razılaşmayıb. O payçılar qarşısında götürülən öhdəliklərin yeriə yetirilməsinin zəruri olduğunu israr edib.
Elə o zaman da Hacıyevin başı ağrımağa başlayıb. Sonra isə həm inşaat meydançalarının, həm də baş ofisin zəbti həyata keçirilib. “Vityaz” özəl mühafizə təşkilatının döyüşçülərinin basqın etdikləri ilk obyekt də məhz “BernadSKY” yaşayış kompleksinin inşaat meydançası olub. Bu, yanvarın 21-də, “SDI Group”-un Kutuzov prospektində yerləşən baş ofisində yaşanan olaylardan üç gün öncə baş verib.
“BernadSKY” meydançasından inşaatçıları və satış şöbəsinin əməkdaşlarını qovublar. Yeni sahiblər inşaatda pay iştirakı müqavilələrini pozmağa və pulları payçılara qaytarmağa başlayıblar. Hərçənd hamısına qaytarmayıblar…
Maraqlı detal. “Vityaz” mühafizə firmasının formalı döyüşçüləri və onlara yardım edən “tanıdıcı nişansız” cüssəli oğlanlar hər dəfə “SDI Group”-un obyektlərinə gələndə şirkət əməkdaşları polis çağırmağa macal tapıblar. Təəccüblü də odur ki, müxtəlif günlərdə hər dəfə obyektlərə eyni polis dəstəsi gəlib. Bunu sıradan bir təsadüf adlandırmaq çox çətindir.
“Bununla belə, polis əməkdaşları əmin ediblər ki, mühafizə firması obyektlərdə qanuni əsasladır,” – hüquqşünas Dəmir Bəşirov məsələyə aydınlıq gətirib.
Görünür, polis əməkdaşları özlərini onunla təmizə çıxarıblar ki, madam Qod Nisanovun təsir gücü altında olan şirkətlər “SDI Group”-a daxil olan təsis firmalarının tərkibindədir, deməli, bu firmaların nümayəndələrinin obyektlərdə olmağa ixtiyarı var. Amma əgər partnyorlar arasında hansısa fikir ayrılığı varsa, onlar problemi sivil yolla, məsələn, məhkəmə yolu ilə çözməlidir.
Daha sonra risk zonasına təkcə investorların deyil, həm də payçıların maraqları düşüb. “SDI Group”-a daxil olan şirkətlərin hesablarından borc müqavilələri adı altında binanı tikənlərin pulları çıxarılmağa başlayıb.
Beləcə, martın 26-da “Komfortİnvest” ixtisaslaşdırılmış bina inaşat şirkətindən, – o, “Piroqovskaya Rivyera” yaşayış kompleksinin payçılarının pullarını topalyıb, – 200 milyon rubl (3 milyon dollardan çox) çıxarılıb. Bu firmanın direktoru Nikita Danilçenkonun nə vəzifə səlahiyyətinə görə, nə də qanunvericiliyə uyğun həmin pulları heç kəsə verməyə ixtiyarı çatmırdı. Qanunvericilik bina tikənin hesabından borc və ssuda verməyi birbaşa qadağan edir.
“Akkord Spesstroy” MMC-nin hesabından (“Akord Smart-kvartal” kompleksinin inşaatçısı) həmçinin payçıların 90 milyon rublu çıxarılıb. Onu da qeyd etmək lazımdır ki, “Akkord Spesstroy” MMC-nin direktoru Valeri Lojeçkin ödəmə sənədlərinə qol çəkməkdən imtina edib. Buna baxmayaraq, pul yenə də çıxarılıb. Bəşirovun zənnincə, bu, firmanın legitim direktorunun imzasını təqlid etməklə gerçəkləşdirilib. Xatırladaq ki, “SDI Group”-un ofisinin zəbt edildiyi gün orda Flera Teplinskaya olub. Bu qadın menecerlərə göstərişlərinin qeyd-şərtsiz həyata keçiriləcəyi birisi kimi təqdim olunub.
Yəqin ki bu da təsadüf deyil, amma SDI Group-a daxil olan payçıların hesabından pulların çıxarılması Qod Nisanov və Zarax İliyevin nəzarət etdikləri “Moskva” və “Sadovod” bazarlarında yaşanmış, bütün ölkəyə səs salan olaylardan az sonra baş verib. Belə ki, Rusiya güc strukturları həmin bazarlarda birgə əməliyyat keçirib və sayəsində Rusiyadan hər ay yüz milyonlarla dolların çıxarıldığı “hesablama mərkəzi”nin qabağını kəsib.
Divan tutulacağı hədəsi ilə üz-üzə qalan və bu səbəbdən Rusiyanı tərk etməyə məcbur olan İlqar Hacıyev “Novaya qazeta”ya yazılı şərh verib:
“FTX, Baş Prokurorluq, Rusiyanın prezident administrasiyasına bizə münasibətdə ciayətkar əməlləri sübuta yetirən materiallarla birgə müraciətlər göndərmişik. Hazırda təhlükə altında təkcə çoxlu sayda insanlara iş yeri verən, Rusiya büdcəsinə müntəzəm vergi ödəyən uğurlu biznes deyil, həm də öz mənzillərini gözləyən mindən çox rusiyalı ailədir. Bu gün bütün obyektlərin tikintisi iflic vəziyyətinə düşüb, bundan belə nə olacağını heç kəs bilmir. Amma biz ədalətin bərqərar olacağına və bizə sakit işləməyə imkan yaradılacağına böyük ümid bəsləyirik”.