Rusiyada Ümumxalq hüzn günü elan olundu

Vladimir Putin. Foto: Meydan TV

Vladimir Putin: “Terror aktını törədən dörd nəfərin hamısı saxlanılıb, onlar Ukraynaya qaçmağa cəhd ediblər”

Rusiyada 24 mart Ümumxalq hüzn günü elan edilib.

Bu barədə martın 23-də ölkə başçısı Vladimir Putin xalqa müraciətində bildirib:

“Qanlı terror aktı nəticəsində zərərçəkən bütün ailələrə, yaralılara və xəsarət alanlara lazımi yardım göstərəcəyik. Yaxınlarını itirən hər kəsə dərindən, səmimi başsağlığı verirəm. Bütün ölkə, bütün xalqımız sizinlə birlikdə ağlayır. 24 martı Ümumxalq hüzn günü elan edirəm“.

“Moskvada və ətrafında, ölkənin bütün bölgələrində təxribat əleyhinə əlavə tədbirlər tətbiq edilib. İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır”, – deyə o əlavə edib.

O, “Crocus City Hall”da terror aktını hazırlayan hər kəsi müəyyən edib cəzalandıracaqlarını söyləyib:

Terrorçuları ancaq qisas gözləyir, onların gələcəyi yoxdur. Əsas odur ki, “Crocus City Hall”da qətliamın arxasında duranların yeni cinayətlər törətməsinə imkan verilməməlidir”.

V.Putin deyib ki, “Crocus City Hall”da terror aktını törədən dörd nəfərin hamısı saxlanılıb:

Onlar Ukraynaya qaçmağa cəhd ediblər. Ukrayna tərəfində, ilkin məlumatlara görə, terror aktının iştirakçılarının sərhədi keçməsi üçün “pəncərə” hazırlanıb. Terror aktının təşkilatçıları bir vaxtlar nasistlər kimi nümayişkaranə edam və qanlı hədə-qorxu aktı hazırlayıblar”.

Prezident Federal Təhlükəsizlik Xidmətinin saxlanılan 11 şübhəli ilə bağlı bəyanatını da təkrarlayıb.

Biz hazırlanmış, mütəşəkkil şəkildə müdafiəsiz insanların kütləvi qətli ilə üz-üzəyik. Cinayətkarlar qəsdən vətəndaşlarımızı, uşaqlarımızı güllələmək niyyətində idilər. İşğal olunmuş ərazilərdə qırğınlar törədən nasistlər kimi onlar da şou edam təşkil etmək qərarına gəliblər. Bütün ifaçılar, təşkilatçılar qaçılmaz cəzaya məruz qalacaqlar. Terrorçuların arxasında duran hər kəsi müəyyən edib cəzalandıracağıq. Biz ağrılarımızı səmimi şəkildə bölüşən və ümumi düşmənə – beynəlxalq terrorizmə qarşı mübarizə aparmağa hazır olan dövlətlərlə qarşılıqlı fəaliyyətə ümid edirik. Terrorçuları bir tale gözləyir – qisas və unudulma. Bizim borcumuz bir sıralarda bir yerdə olmaqdır. Heç kim və heç nə birliyimizi, iradəmizi sarsıtmayacaq”,-Putin belə deyib.

Martın 22-də Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Son məlumata görə, 115 nəfər qətlə yetirilib, 110-dan çox adam yaralanıb.

Ana səhifəSiyasətRusiyada Ümumxalq hüzn günü elan olundu