“Rusiyada neft hasilatının azalması tənəzzüldən xəbər verir”

Rusiya nefti. Foto: Fly Of Swallow Studio/shutterstock

“Emal həcminin 670 min tona düşəcəyi gözlənilir

Ötən həftə Rusiya neftinin dəniz yolu ilə daşınmasında azalma müşahidə edilib.

Son 2 ayda isə Qara dəniz, Baltik və Arktika sahillərindəki limanlardan Asiyaya göndərilən xammalın həcmi minimuma enib.

“Bloomberg” gəmilərin hərəkəti haqqında məlumatlara və satış agentlərinin hesabatlarına əsaslanaraq belə yazıb.

Məlumatda bildirilir ki, Rusiyanın ixrac terminallarından 30 tanker təxminən 21,8 milyon barel neft daşıyıb. Bununla da xam neftin dəniz yolu ilə orta daşınması sutkada 3,12 milyon barel təşkil edib.

Bu da aprelin 8-dək olan müddətlə müqayisədə 25 faiz azdır.

Baltik və Qara dənizdəki terminallardan “Urals” və “Sibir Light” neftinin axınları sutkada 770 min barel və ya 30 faiz azalıb.

Qara dənizdəki Novorossiysk limanından tədarük edilən neftin həcmi təxminən 60 faiz azalıb.

Sakit okean sahillərində yerləşən üç Uzaq Şərq Rusiya terminalından tədarüklər gündə 205 min barel və ya 17 faiz azalıb.

Arktika sahilləri boyunca hasil edilən neftin yenidən yükləndiyi Murmanskdan nəqllər gündə 57 min barel və ya 15 faiz azalıb.

“Bloomberg” Rusiyanın Yanacaq-energetika kompleksinə Mərkəzi Nəzarət Departamentinə istinadən qeyd edir ki, aprelin əvvəlində Rusiyanın neft hasilatı son iki ilin ən aşağı səviyyəsinə düşüb.

Aprelin 1-dən 6-dək ölkədə orta hesabla sutkada 10,52 milyon barel neft hasil edilib. Bu, mart ayı ilə müqayisədə 4,5 faiz azdır.

Rusiyanın Baş nazirin müavini Aleksandr Novak aprelin 7-də bildirib ki, bu ay Rusiyada neft hasilatı çatdırılma marşrutlarının dəyişməsi, sığorta və gəmi icarəsi ilə bağlı problemlər səbəbindən mart ayı ilə müqayisədə 4-5 faiz azalacaq.

Aprelin 13-də Beynəlxalq Enerji Agentliyi də Rusiyada neft hasilatının azalacağını proqnozlaşdırmışdı.

Aprelin 7-də Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni, beşinci, sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Paketə Rusiyadan kömür idxalına tam qadağalar da daxil edilib.

Yeni sanksiyalar Aİ ölkələrinin limanlarına Rusiya gəmilərinin girişinə qadağalar da daxildir.

Rusiyaya qarşı hazırlanan 6-cı sanksiya paketində isə Rusiya banklarına yeni qadağaların olacağı açıqlanmışdı.

Eyni zamanda, yeni sanksiyaların Rusiya neftinə də təsir edəcəyi bildirilmişdi.

Aİ rəhbəri Ursula Gertrud von der Leyen bildirmişdi ki, buradan bank sektoruna yeni və fərqli sanksiyalar var. Həmçinin Rusiya nefti də bu dəfəki sanksiyalardan təsirlənəcək.

İqtisadçı Nemət Əliyev düşünür ki, Rusiyada neft hasilatının azalması həmin ölkədə iqtisadi tənəzzülün dərinləşməsindən xəbər verir:
“Aprelin 2 həftəsi ərzində Rusiya sənayesi gündəlik neft hasilatında 7,4 faiz itki verib. Benzin və dizel ixracının azalması səbəblərindən Rusiyanın neft emalı zavodları orta gündəlik emal həcmini 6 faiz azaltmağa məcbur olub. Aprelin sonunadək gündəlik emal həcminin 670 min tona düşəcəyi gözlənilir. Bu da 2021-ci ilin aprel ayı ilə müqayisədə 13 faiz azdır”.

İqtisadçı bildirir ki, Avropa İttifaqının “Rosneft” və “Qazpromneftə” tətbiq etdiyi sanksiyaların 15 mayda qüvvəyə minməsi səbəbi ilə mayda bu göstəricilərin daha da pisləşəcəyi gözlənilir:

“Beynəlxalq sanksiyaların təsiri ilə Rusiya ümumi ixracda 45-50 faiz payı olan xam neft və neft məhsullarının satışından ciddi itkilər verir”.

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı hərbi müdaxiləyə başlayıb. Həmin vaxtdan bu yana ABŞ və Avropadakı müttəfiqləri Rusiyaya iqtisadi, maliyyə, diplomatik sanksiyalar tətbiq edib.

Ana səhifəDünya“Rusiyada neft hasilatının azalması tənəzzüldən xəbər verir”