Subo kimi tanınan Azərbaycan əsilli bloger Sübhan Məmmədova qarşı Rusiyada böyük miqdarda vergi ödəməkdən yayınma və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələri (Rusiya Cinayət Məcəlləsinin 198-ci maddəsinin 2-ci hissəsi və 174.1-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi) ilə cinayət işi başlanıb.
İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi bildirib ki, bu iş üzrə Sübhanın atası və qardaşı da təqsirləndirilən şəxs qismində tanınıblar.
“2020-ci ildən 2022-ci ilə qədər müttəhimlər vergidən yayınma sxemi yaradıblar, nəticədə 50 milyon rubldan çox vəsait dövlət büdcəsinə daxil olmayıb”, – İstintaq Komitəsi öz “Telegram” kanalında bildirib.
İstintaq hesab edir ki, təqsirləndirilən şəxslər bu vəsaitin bir hissəsini 10 milyon rubl dəyərində premium avtomobil almağa xərcləyiblər.
“Vergilərin vaxtında ödənilməməsi nəticəsində 20 milyon rubl məbləğində faiz və cərimələr üzrə borc yaranıb”, — deyə İstintaq Komitəsi bildirib.
İstintaq Komitəsi əlavə edib ki, Sübhanın yaxın qohumları barəsində artıq tədbir görülüb (amma hansı tədbirin görüldüyü açıqlanmayıb). Sübhan Məmmədovun özü isə axtarışa verilib.
“İnstaqram”da 13,5 milyon, “YouTube”-da isə 1,6 milyondan çox izləyicisi olan Subo videoları sayəsində şöhrət qazanıb.
2025-ci ilin fevral ayında “TASS” xəbər agentliyi məlumat yaymışdı ki, Sübhan Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib. Hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirilirdi ki, o, Rusiya vətəndaşlığını alarkən bilərəkdən yalan məlumat təqdim edib.
Məmmədovun Azərbaycan vətəndaşlığı var. Açıq mənbələrdə qeyd olunur ki, o, Moskva şəhərində azərbaycanlı ailəsində anadan olub.
Rusiya qanunvericiliyinə görə, saxta, etibarsız sənədlərin təqdim edilməsi və ya bilərəkdən yalan məlumat verilməsi, vətəndaşlıq verilməsi və ya tanınması ilə bağlı qərarın ləğv edilməsi üçün əsas sayılır.
Digər səbəblərdən biri də Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərdir. Məsələn, 2025-ci ilin iyununda Moskva vilayətindəki Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov da bu əsasla vətəndaşlıqdan məhrum edilmiş və Rusiyadan deportasiya olunmuşdu. Bu hadisə Rusiya ilə Azərbaycan arasında diplomatik gərginlik fonunda baş vermişdi.