Rusiya Yaponiyanı sanksiyalara görə günahlandırıb

Rusiya-Yaponiya. Foto: motioncenter/shutterstock

“Bu addımlar Ukraynadakı hərbi əməliyyatlara təsir etməyəcək”

Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzin Yaponiya hökumətini ölkəsinə qarşı qeyri-dost addımlar atmaqda günahlandırıb.

Onun sözlərinə görə, Yaponiya hökumətinin addımları dostluq əlaqələrinə ziddir.

Bu barədə səfir M.Qaluzin “Telegram” kanalında yazıb.

“Bu addımlar Rusiya Silahlı Qüvvələrinin Ukraynada ardıcıl olaraq həyata keçirdiyi xüsusi əməliyyata təsir etməyəcək. Ölkəmizin iqtisadiyyatı bütün bu məhdudiyyətlərə tab gətirməkdə davam edəcək. Təbii ki, Rusiya-Yaponiya münasibətlərinin normallaşması daha da uzaqlaşır”, – deyə Qaluzin bildirib.

Diplomat Yaponiyanı ayıq olmağa, hadisələrə realist yanaşmağa çağırıb:

“Yaponiya özünə fayda gətirməyən addımları dayandırmalıdır. Rusiya Yaponiya hökumətini dostluq əlaqələrinə zərbə vuran addımları dayandırmağa çağırır”.

Avqustun 23-də Tokioda Ukraynadakı vəziyyətlə bağlı nazirlərin görüşü keçirilib.

Mixail Qaluzin. Foto: mid.ru

Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno bildirib ki, Baş nazir Fumio Kişida Rusiyaya qarşı sanksiyaların saxlanılmasını, həmçinin “Yeddilik Qrupu” ölkələri ilə sıx əməkdaşlıq şəraitində diplomatik cavab tədbirlərini davam etdirməyi tapşırıb.

Yaponiya hökuməti bir müddət əvvəl Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər kompleksini təsdiqləyib. Rusiya, Belarus, Donetsk və Luqansk “Xalq Respublikaları”ndan ümumilikdə 700-dən çox insan, həmçinin 200-dən çox Rusiya və Belarus şirkət və təşkilatı fərdi sanksiyalara məruz qalıb.

Bundan başqa, Yaponiya “Otkritie Bank”, “Novikombank”, “Sovcombank”, “VTB”, “Rossiya Bank”, “Promsvyazbank”, “VEB.RF”, “Sberbank” və “Alfa-Bank”ın, eləcə də Rusiyanın 40-a yaxın təşkilat və şirkətinin aktivlərini dondurub.

İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısına 400-dən çox adda məhsul daxildir.

Bundan əlavə, Rusiyaya dəbdəbəli malların, o cümlədən dəyəri 6 milyon yendən (təxminən 49 min dollar) çox olan avtomobillərin tədarükünə, habelə Rusiyadan qızıl idxalına qadağa qoyulub.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiya Yaponiyanı sanksiyalara görə günahlandırıb