2500-3000 ukraynalı hərbçinin həlak olduğu bildirilir
Fevralın 24-dən bu yana, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan 2500-3000 arasında ukraynalı hərbçi həlak olub.
CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski belə deyib.
Prezident qeyd edib ki, yaralanan əsgərlərin sayı isə 10 minə yaxındır.
Fevralın 24-dən bu yana tərəflər itkiləri ilə bağlı çox rəqəm açıqlamayıb.
Martda Rusiya Müdafiə Nazirliyi Ukraynada 1500-dən çox hərbçisinin həlak olduğunu etiraf edib.
Ondan sonra Kremlin sözçüsü Dmitri Peskov “Sky News” telekanalına müsahibəsində bildirib ki, Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı Rusiya xeyli şəxsi heyət itkisi verib.
Peskov itkilərin dəqiq sayını açıqlamayıb.
Mülki əhali arasında itkilərə gəlincə, Volodimir Zelenski hazırda dəqiq rəqəm səsləndirməyin çətin olduğunu söyləyib.
O deyib ki, Ukraynanın cənubunda yaşayış məntəqələri və şəhərləri blokadaya salınıb: “Şərqdə Xerson, Berdyansk, Mariupol və şərqdə Volnovaxanın yerləşdiyi ərazi – biz blokadada olan o ərazilərimizdə nə qədər adamın həlak olduğunu sadəcə olaraq bilmirik”, – Zelenski bildirib.
Mariupol meri Volodimir Boyçenko “Current Time”a bildirib ki, martın 20-dən sonra kommunal xidmətlər ölənləri dəfn edə bilməyiblər, insanların cəsədləri küçədə qalıb.
Dağıstanın Kulinski rayonunun hakimiyyət orqanları aprelin 18-də Ukraynada bir zabitin, Dibir Dibirovun öldüyü barədə məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukraynada xüsusi əməliyyat başlayandan ən azı 85 yerli Dağıstan sakininin öldüyü rəsmən təsdiqlənib.
Vilayət administrasiyasının aprelin 16-da verdiyi məlumata görə, Rutul vilayətindən olan leytenant Mail Razakov Ukraynada həyatını itirib.
Dibir Dibirovun hərbi hissələrin birində batalyon komandiri kimi xidmət etdiyi bildirilir.
Rayon administrasiyasının “Telegram” kanalında yayılan xəbərə görə, o, ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilib.
Dibir Dibirovun 38 yaşı olub. Arvad və üç qızı qalıb.
Kulinski rayonunun rəhbəri Şamil Ramazanovun zabitin yaxınlarına başsağlığı verdiyi bildirilir.
Bundan əvvəl, aprelin 11-də isə Dağıstan rəsmi qurumları Ukraynada Şimali Qafqaz və Cənubi Federal Dairələrdən ən azı 200 əsgərin öldüyünü bildirmişdi:
“Ukraynada xüsusi əməliyyat başlayandan ən azı 142 Şimali Qafqaz və 58 Cənub Federal Dairəsi sakininin öldüyü məlum olub. Ən çox ölüm halı Dağıstandadır, respublikanın ən azı 76 yerli sakininin öldüyü məlumdur”.
Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyatın” başlandığını elan edib.
Döyüşlər zamanı rus qoşunları Ukraynanın cənubunda Xerson şəhəri ilə yanaşı, Xarkov vilayətində və Donbasda da ərazilərin bir hissəsini işğal ediblər.
Bir müddət sonra Rusiya qoşunları Kiyevdən və Ukraynanın şimalından geri çəkilib.
BMT-nin məlumatına görə, 4,7 milyondan çox ukraynalı ölkəni tərk edib, iki minə yaxın mülki əhali həlak olub.