Rusiya Ukrayna ilə nəzərdə tutulan sabahkı görüşdə kimlərin iştirak edəcəyini açıqlamır

Rusiya-Ukrayna. Svetlana Turchenick/shutterstock

“Kommersant” qəzeti Lavrovun nümayəndə heyətinin tərkibində olmayacağını yazıb

Mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya ilə Ukrayna arasında ilk birbaşa sülh danışıqlarına bir gün qalsa da, Kreml görüşdə kimlərin iştirak edəcəyini açıqlamır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mayın 13-də deyib ki, danışıqlarla bağlı təffərrüatlar “Prezident lazım bildiyi vaxtda” elan olunacaq.

Bir gün sonra isə bildirib ki, “bu məsələdə heç nə dəyişməyib” və “hələlik [nümayəndə heyətinin tərkibini ictimaiyyətə açıqlamaq barədə] göstəriş verilməyib”.

“The Washington Post” mayın 13-də adının açıqlanmasını istəməyən “Kremlin keçmiş yüksək vəzifəli əməkdaşı”na istinadən xəbər verib ki, Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov təmsil edəcək.

“Kommersant” qəzeti isə bu gün, mayın 14-də konkret mənbə göstərmədən Lavrovun nümayəndə heyətinin tərkibində olmayacağını yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Türkiyəyə mütləq gedəcəyini deyib.

O, bunu Rusiya Prezidenti Vladimir Putinin danışıqlar təklifi ilə çıxışından dərhal sonra bəyan edib.

Zelenski vurğulayıb ki, Rusiya tərəfindən şəxsən danışmağa hazır olduğu yeganə şəxs Putindir.

Zelenski əvvəlcə İstanbula deyil, Ankaraya uçacaq və orada Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanla görüşüb, Putindən xəbər gözləyəcək.

Ukrayna Prezidenti düşünür ki, Rusiya danışıqlardan yayınmaq məqsədilə şəhərlərlə manipulyasiya edə bilər.

“Biz Putini Türkiyədə gözləyəcəyik. Putin İstanbula yox, Ankaraya gələ bilər. Yox, əgər yalnız İstanbula gəlməyə hazır olduğunu desə, Ərdoğanla birlikdə İstanbula uçacağıq. Yəni hər bir halda bu görüşün baş tutması üçün əlimizdən gələni edəcəyik”, – Zelenski bildirib.

Danışıqlarda həmçinin ABŞ-nin dövlət katibi Marko Rubio, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə Kit Kelloqun iştirakı da gözlənilir.

Kit Kelloqun dediyinə görə, Putin İstanbul danışıqlarına qatılsa, sıx iş qrafikinə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp da Türkiyəyə gedəcək.

Tramp isə deyib ki, Putinin Türkiyəyə dəqiq gələcəyini bilmir:

“O, [Putin] istəyir ki, mən orada olum və bu mümkündür. Amma bilmirəm, əgər mən orada olmasam, o, gələcəkmi. Görəcəyik”, – Tramp qeyd edib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Tərəflər arasında indiyə kimi sülh və atəşkəs danışıqları olmayıb.

Ana səhifəDünyaRusiya Ukrayna ilə nəzərdə tutulan sabahkı görüşdə kimlərin iştirak edəcəyini açıqlamır