Rusiya RLS-ə görə 7 milyon dollar ödəyibmi?

“Mən hesab edirəm ki, bu, çox uğursuz addımdır.  İndiki regional vəziyyətin gərginləşdiyi bir dövrdə Qəbələ RLS-dən Azərbaycanın milli təhlükəsizliyi üçün istifadə etmək olardı”.

Hərbi-ekspert Cəsur Sümərinli fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılan və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınan Qəbələ Radiolokasiya Stansiyasının Azərbaycan Silahlı Qüvvələrinin balansından çıxarılmasını şərh edir. Onun sözlərinə görə,  Azərbaycanın regiondakı təhlükəli vəziyyətini nəzərə alaraq, RLS-in durumunu təkmilləşdirmək üçün NATO-ya müraciət edilməli idi:

 “Xüsusən Türkiyə ilə əməkdaşlıq səviyyəsində  RLS-i təkmilləşdirmək olardı. Çünki RLS-in başa gəlməsinə milyonlarla xərc qoyulub.  Onun birdən-birə sökülməsi isə milli təhlükəsizliyin maraqlarına uyğun deyil. Onun üzərində iş  getməliydi. Bu stansiya Azərbaycanın maraqları üçün hələ işləyə bilərdi”.


Rusiya RLS-in icarəsinə görə hər il 7 milyon ödəyirdimi?

1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda – 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana həm də  ildə 7 milyon dollar ödəməli idi:

 “Eyni zamanda da Azərbaycan silahlı qüvvələrinin hərbi kadrlarının hazırlanmasına, silahlı qüvvələrinin texnikalarının təmiri, müasirləşməsi istiqamətində bizə dəstək verməli idi. Amma təəssüf ki, ötən dövr ərzində – yəni, 2002-ci ildən 2012-ci ilə kimi Rusiya bu istiqamətdə hər hansı addım atmadı. Bəzi şübhələr də var ki, bu 7 milyon dollar, ümumiyyətlə, ödənilibmi? Çünki hesabatlılıq da yoxdur”.


Müdafiə Nazirliyinin mövqeyi

RLS-in Azərbaycan silahlı qüvvələrinin balansından çıxarılması ilə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında saziş 2012-ci ilin 9 dekabr tarixində qüvvədən düşüb.  Rusiya istismarın dayandırılması ilə bağlı Azərbaycan tərəfinə nota təqdim etdiyi 10 dekabr 2012-ci il tarixindən stansiyanın fəaliyyəti tam dayandırılıb. RLS-nın əmlakı və ərazisi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub.

Hərbi ekspert hesab edir ki, RLS-in sökülməsi Azərbaycan hökümətinin Qəbələni turizm zonasına çevirmək istəyi ilə də bağlı ola bilər.

“RLS-dəki şüanın insanlara və xarici qonaqlara təsiri isə bu istəyi reallaşdıra bilməyib” –  deyən Sümərinli  bununla bağlı rəsmi Bakının hər hansı bir açıqlaması olmadığını da vurğulayır.

Ana səhifəVideoRusiya RLS-ə görə 7 milyon dollar ödəyibmi?