Rusiya Qərb şirkətlərinin aktivlərini milliləşdirmək istəyir

Rusiya İqtisadiyyat Nazirliyi. Foto: HANK50/shutterstock

Məqsəd şirkətlərin ölkədən kütləvi axınını önləməkdir

Rusiya Qərb şirkətlərinin aktivlərini milliləşdirməyə hazırlaşır.

Xarici şirkətlərin əmlakının milliləşdirilməsi təklifi Rusiya hökumətinin qanunvericilik komissiyası tərəfindən bəyənilib.

Bildirilir ki, burada əsas məqsəd xarici şirkətlərin Rusiyadan kütləvi axınını önləməkdir. Buna görə ölkənin İqtisadiyyat Nazirliyi qanun layihəsi hazırlayıb. Hazırda şirkətlərin milliləşdirilməsi üçün zəmin hazırlandığı görünür.

Layihəyə görə, dövlətə məxsus “Vneşekonombank” və ixraca zəmanət agentliyi xarici şirkətlərin əmlakını nəzarət hüququ əldə edəcək.

Rusiya fevralın 22-də Ukraynaya hücuma başlayandan xeyli sayda beynəlxalq şirkət Rusiyada fəaliyyətini dayandırıb.

Rusiyanın hakim Vahid Rusiya Partiyası martın 9-da bildirib ki, hökumət Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına Qərb şirkətlərinin əmlakının milliləşdirilməsi ilə bağlı təklif verib.

Partiya bildirib ki, yeni qanunvericilik Rusiyanı tərk edən xarici təşkilatların milliləşdirilməsinə doğru ilk addımdır.

Hakim partiya parlamentdə çoxluqdadır və hökumətin, yaxud Kremlin təşəbbüslərini dərhal təsdiqləyir.
Qanunvericilikdə deyilir ki, xarici şirkətlərin rəhbərləri biznesin aparılmasını “de-fakto dayandırarsa”, Rusiyanın üç ay ərzində onları nəzarətə almaq hüququ olacaq.

Yaxud xarici şirkət başçıları şirkətləri “əsassız” likvidasiya, yaxud müflis edərsə, hökumət altı ay ərzində onlara nəzarəti ələ keçirə bilər.

Yeni şirkətlərin səhmləri satışa çıxarılacaq, köhnələr isə likvidasiya ediləcək. Əgər yeni şirkətlərlə heç kəs maraqlanmasa, onlar milliləşdiriləcək, qanun layihəsindən belə çıxır.

“İzvestiya” qəzeti yazır ki, nazirlik hökumətə və Baş prokurorluğa Rusiya bazarını tərk etmiş və milliləşdirilməsi mümkün 60 xarici şirkətin siyahısını göndərib.

Siyahıda Volkswagen, Apple, IKEA, Microsoft, IBM, Shell, McDonald’s, Porsche, H&M və digər şirkətlər var. “Goldman Sachs” ilk böyük Uol Strit bankı olaraq, Rusiyada əməliyyatları tamamilə dayandırdığını açıqlayıb.
“JPMorgan Chase” Rusiyada bank biznesini tədricən dayandıracağını bəyan edib.

Rusiya Prezidenti Vladimir Putin martın 10-da ölkə iqtisadiyyatına zərbə vuran Qərb sanksiyalarından danışıb.

O bildirib ki, sanksiyaların təzyiqi həmişə olub. Düzdür, bu dəfə kompleks haldadır və müəyyən çətinliklər, problemlər yaradır: “Amma öncəki illər elədiyimiz kimi, indi də öhdəsindən gələcəyik. Bu periodu keçməliyik. İqtisadiyyat mütləq yeni vəziyyətə uyğunlaşacaq”, – Putin deyib.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.

İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Rusiyanın bir sıra bankları SWIFT sistemindən (Transaksiyaların, köçürmələrin tez və təhlükəsiz həyata keçməsi üçün bu sistem önəmli sayılır) çıxarılıb. Almaniya kansleri Olaf Şolz “Nord Stream 2” boru xəttini (red: boru xəttilə Rusiyadan Baltik Dənizinin altı ilə Almaniyaya təbii qaz gedir) dayandırıb.

Böyük Britaniya Rusiyanın 5 bankına və zəngin şəxslərinə sanksiyalar tətbiq edib.
Avropa İttifaqı ölkələri Rusiyanın üzünə hava məkanını bağlayıb.

Eyni zamanda, Rusiyadan olan yüzlərlə şəxsə sanksiyalar tətbiq edib.
Onların arasında xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putin də var.

Ana səhifəİqtisadiyyatRusiya Qərb şirkətlərinin aktivlərini milliləşdirmək istəyir